Ruhi Əliyeva: “Uşaqları, əri üçün min bir əziyyətə dözən, karyerasını bu yolda qurban verən qadın...”
Bizi izləyin

Magazin1

Ruhi Əliyeva: “Uşaqları, əri üçün min bir əziyyətə dözən, karyerasını bu yolda qurban verən qadın...”

“Bir neçə ildir ki “Qadına qarşı şiddətə son” adlı sosial layihə həyata keçirirəm. Dəfələrlə qadın cəzaçəkmə müəssisələrində və qadın sığınacaqlarında olmuşam. Bu müddətdə Azərbaycan qadınını yaxından tanımışam. Övladı tərəfindən qocalar evinə tərk edilmiş ana, əri tərəfindən şiddətə məruz qalmış həyat yoldaşı, cinayət törətmiş qadın və s.”.

Publika.az xəbər verir ki, bu sözləri “Liatris” holdinqin rəhbəri Ruhi Əliyeva sosial media hesabında yazıb.

R.Əliyeva yazısında Azərbaycan qadınının müxtəlif xüsusiyyətlərindən və cəmiyyətdə qadına qarşı münasibətdən danışıb: “Bütün bunlar qadının zəif tərəflərini göstərsə də, əslində, qadın adı daha yüksəkdir. Bizi dünyaya gətirən və cəfamızı çəkən ana, uşaqları, əri üçün min bir əziyyətə dözən, öz sağlamlığını, karyerasını bu yolda qurban verən qadın. Azərbaycan qadını...

Çox ölkələri gəzməklə onların mədəniyyəti və ailə dəyərləri ilə yaxından tanış olmuşam. Dünyada “qadın” adı nə qədər ucadırsa, “Azərbaycan qadını” adı bir o qədər yüksəklərdədir.

Dövlətimiz və xalqımız həmişə qadına yüksək dəyər verib. Şərqdə ilk qadın diplomat Sara Xatun Azərbaycanda olub. Şərqdə qadınlara seçki hüququ ilk dəfə 1918-ci ildə Azərbaycanda verilib. Tarix boyu Azərbaycan qadını həyat yoldaşı ilə bərabər döyüşüb, şəhid olub, ictimai işlərdə, tədbirlərdə fəal iştirak edib, ayrı-ayrı dövlət vəzifələrini tutub.

II Dünya müharibəsində, Qarabağ döyüşlərində iştirak edərək qəhrəmanlıqlar göstərmiş saysız-hesabsız qadınlarımız var.

Faşistlərə qarşı vuruşaraq 129 düşmən əsgərini məhv etmiş snayper Ziba Qəniyeva, ilk qadın hərbi təyyarəçimiz Züleyxa Seyidməmmədova, erməni quldurlarına qarşı döyüşmüş ilk qadın Milli Qəhrəmanımız Gültəkin Əsgərova, şəhid olmuş jurnalist Salatın Əsgərova Azərbaycan qadınının qəhrəman simalarıdır.

Və nəhayət bu gün dünya çapında, beynəlxalq siyasətdə öz sözünü deyən, Azərbaycan qadınının adını və gücünü dünyaya tanıdan, hər daim xalqının yanında olan Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva. Mehriban xanım bütün gücünü Azərbaycanın çiçəklənməsinə, dövlətin möhkəmlənməsinə qoymaqla, Azərbaycan qadınının tarix boyu formalaşan imicini bir daha dünyaya tanıdır. Məhz Mehriban xanımın timsalında dünya xalqlarına müasir Azərbaycan qadınının elitar və dünyəvi siması nümayiş olunur.

Gəlin, Azərbaycan qadınını qoruyaq və sevək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm