• USD 1,7000 0,00% EUR 1,9550 -0,51%
    • GBP 2,2267 -0,57% RUB 0,0259 -0,39%

Şahın sifarişilə hazırlanıb, 38 ildir dəbdən düşmür: "Qelandevagen"in tarixi - FOTOLAR

  • Avto
  • 7 Avqust 2017 16:22
  • 1 779 Baxış
Şahın sifarişilə hazırlanıb, 38 ildir dəbdən düşmür: "Qelandevagen"in tarixi - FOTOLAR

"Qelandevagen" sözü alman dilindən hərfi tərcümədə “yolsuzluq üçün avtomobil” mənasını verir.

Çox adam hesab edir ki, "Mersedes Benz" şirkətinin "G-klass" seriyasına aid olan bu model NATO hərbçiləri üçün özəl olaraq dizayn edilib. Lakin tarixi faktlar bunun tam əksini deyir. Çünki şirkət bu maşının istehsalına 1979-cu ildən start verib. Modelin hərbi variantları isə rəsmi olaraq, yalnız 1981-ci ildən istehsal olunmağa başlanıb.

Avtomobilin ilk buraxılış tarixi 10 fevral 1979-cu il elan edilib. Lakin hazırda həmin tarix simvolik olaraq qeyd edilir. Çünki əslində "Mersedes-Benz"sin G-klass sinfinin tarixi daha qədimlərə dayanır…

Çox az adam bilir ki, Almaniyanın ən keyfiyyətli yolsuzluq avtomobilləri seriyası 1926-cı ildən istehsal edilməyə başlanıb. "G-klass"ın ilk avtomobil nümunəsi “G1” olub. Şirkət bu seriyanın buraxılışına davam etsə də, “G1”in prototipi, həmçinin, "G2" və "G3" modelləri "G-klass" sinfinə daxil edilməyib.

"Mersedes-Benz" “G4” modelinin buraxılışı ilə 1934-cü ildən rəsmi olaraq "G-klass" sinfinə aid yolsuzluq avtomobillərinin istehsalına start verib. Avtomobilin ilk nümunələri 6 metr uzunluğunda olub. Kompressorsuz mühərrik qutusunda isə dövrün ən yaxşı idman yarışlarının motorxana nümunələrindən istifadə edilib.

Şirkət “G4” modelinin cəmi 57 nüsxəsinin istehsalını çatdıra bilib. Çünki hərbi sahədə istifadə edilməsi nəzərdə tutulan, nəslin eksklüziv davamçısı “G5” modelinin istehsalının artıq çox yaxın zamanda həyata keçirilməsi nəzərdə tutulmuşdu.

“G5” yalnız tam ötürücülüyə deyil, həm də ona fantastik manevr qabiliyyəti verən xarakterə mənsub unikal bir model olub.

Bununla belə, "G-klass" sinfi layiq olduğu şöhrətə çata bilməyib. Nəhayət, 1972-ci ildə "Mersedes-Benz" avstriyalı bir şirkətlə - Steyr-Daimler-Puş ilə müqavilə bağlayıb və "G-klass" sinfinin istehsalı barədə razılığa gəlib. Onlar hərbi, eyni zamanda, mülki məqsədlər üçün istifadə edilə biləcək universal avtomobil istehsalına başlayıblar.

Artıq 1974-cü ildə, modelin prototipi sərt yerlərdə sınaqdan keçirilməyə başlanıb. Model Şimali Afrikanın quru çöllərində, Ərəbistan yarımadasının qumlu və qayalıq səhralarında, Arktikanın buzlu yollarında sınaqdan keçirilib.

Şirkətlər bu modeli Almaniyada təşkil edilən paradlara və hərbi müsabiqəyə də göndərib. "G-klass" modeli müsabiqədə qalib olmağı bacarıb, lakin burada uğursuzluqla qarşılaşıb. Çünki bu model digər iştirakçılara nisbətən olduqca bahalı olub və heç kim onu almağa cəsarət etməyib.

Ancaq avtomobilin bəxti gətirib. Çünki o, konstruktiv potensial baxımından nəinki hərbi, həm də mülki istifadəyə olduqca yararlı model olub.

Bəs bu qeyri-adi, bir o qədər də cazibədar avtomobilin dizaynı kimin ağlına gəlib?

Təəssüf ki, avtomobilin ilk seriyası üzərində işləyən və bu modeli sifariş verən insanlardan heç biri həyatda deyil. Modelin ilkin variantları isə bu günə qədər gəlib çata bilməyib. Buna görə də bu suala yalnız tarixi faktlar əsasında qismən cavab tapmaq mümkündür.

"Daimler-Benz" şirkətinin istehsal etdiyi ilk yolsuzluq avtomobilləri artıq 1971-ci ilə qədər bazarlardan yığışdırılmışdı və ondan heç kim istifadə etmirdi. Şirkət isə maşın istehsalını davam etdirmək niyyətində idi. Lakin həmin dövrdə İranda İslam inqilabının baş qaldırması, şah Məhəmməd Rza Pəhləvinin ölkəsindən ABŞ-a qaçması şirkətin bütün planlarını yaxşı mənada alt-üst etdi.

Çünki şah İranı ABŞ və Rusiyadan sonra dünyanın ən güclü 3-cü ölkəsi etmək niyyətində idi və bunun üçün ordusunu heç kimdə olmayan sursatlar, texnikalarla təchiz etmək istəyirdi. O, bu səbəblə şəxsi qvardiyası üçün 20 000 orijinal xizəkli-tırtıllı hərbi maşın sifariş etmək niyyətinin olduğunu bildirmişdi.

"Daimler-Benz" və onun ortağı olan "Steyr-Puş" şirkətlərinin isə bu sifarişi almaq üçün 100 milyon avstriya markına ehtiyacı olub. Ortaqlar bu məbləği asanlıqla toplamağı bacarıb və beləliklə, hazırda Avropanın və ölkəmizin ən maraqlı avtomobil atributlarından olan müasir “Qelandevagen”in ilkin hərbi versiyası İran qvardiyası üçün istehsal edilib.

Həmin dövrdə heç kim düşünmürdü ki, gələcəkdə bu modeli qeyri-adi və uzun həyat yolu gözləyir.

"Qelandevagen"in ulduzu ilk dəfə Paris marafonunda parlayıb. Daha sonra Roma Papası avtomobilin xüsusi zirehli variantlarından dindarlarla görüşü zamanı istifadə edib. Avtomobil xüsusi mühafizə dəstələrində və bir çox mühüm şəxslərin, o cümlədən, Rusiyanın ilk prezidenti Boris Yeltsinin karvanında da istifadə edilərək rəğbət qazanıb.

"Qelandevagen"in hərbi variantı istehsala verildikdən sonra Argentina, Norveç, İndoneziya və bir çox ölkələrdə ordunun silahlandırılmasında geniş şəkildə istifadə edilib. Nəhayət, model Almaniyanın diqqətini çəkib. Məhz "Mersedes-Benz" şirkətinin modelin istehsal patentini almasından sonra "Qelandevagen" Avropada əsas avtomobillərdən birinə çevrilib.

İlkin variantda "Qelandevagen"in bir-birindən tamamilə fərqlənən motorxanası olan 3 variantı mövcud olub (təkər bazası, dördvariantlı mühərrik və təkərlərin transmissiyasına görə). Birinci variant Avstriya, Lixtenşteyn, İsveçrə, Sloveniya və Xorvatiyada daha çox istifadəyə buraxılıb.

Bu model ön disk əyləclər, təkər yayları və ön-arxa diferensialı ilə digər yolsuzluq avtomobillərindən kəskin fərqlənməkdədir. Avtomobil ilkin versiyada ağ, qırmızı, buğdayı, yaşıl və bej rənglərində istehsal edilib.

"Mersedes G-klass" seriyası istifadəçilərə xidmət etdiyi ilk gündən etibarən dəyişməyən dizayn və xüsusiyyətlərə malik olması ilə hafizələrdə qalıb. “Qutu” dizayn forması ilə diqqət çəkən modelin sınaqlarının aparıldığı yerlər belə istifadəçilərin diqqətindən qaçmayıb. Çünki şirkət əsl yolsuzluq avtomobilinin səhrada, tarlada, boz çöllərdə və şimal torpaqlarında sınaqdan keçirilməsini hər zaman müdafiə edib.

"Mersedes-Benz" şirkəti "G-klass" ailəsinin 6x6 versiyasına daxil olan "Qelandevagen"in istehsalına 2015-ci ildən etibarən son verib. Gələcəkdə bu avtomobilin yeni modellərinin istehsalına davam edilib-edilməyəcəyi isə sual altındadır.

Onu da qeyd edək ki, 1979-cu ildən günümüzə qədər orijinallığını qoruyaraq gələn "G-klass" sinfi modelləri "Mersedes" tarixinin ən uzunömürlü avtomobil seriyası ünvanına sahibdir.

Zümrüd

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>