Minillik sirr açıldı: İsanın ölüm saatı bəlli oldu
Bizi izləyin

İnanc

Minillik sirr açıldı: İsanın ölüm saatı bəlli oldu

Minillik sirr açıldı: İsanın ölüm saatı bəlli oldu

İsa Məsihin dəqiq ölüm vaxtı əsrlərdir həm ilahiyyatçıların, həm tarixçilərin, həm də dindarların maraq dairəsindədir. Müqəddəs Kitabda bu hadisə ilə bağlı kifayət qədər aydın məlumat verilsə də, qədim dövrlərdə istifadə olunan fərqli zaman ölçmə sistemləri bəzi suallar doğurur.

Publika.az xəbər verir ki, aparılan araşdırmalar isə bu mühüm hadisənin həm saatını, həm də tarixini böyük dəqiqliklə müəyyən etməyə imkan verir.

İncilin dörd müəllifinin verdiyi məlumatlara əsasən, İsa Məsih yəhudi zaman hesabına görə doqquzuncu saatda vəfat edib. Bu isə müasir vaxtla günorta saat 15:00-a (3 radələri) uyğun gəlir.

Mənbələrə görə, hadisələrin xronologiyası belədir:

Üçüncü saat (təxminən 09:00) - İsanın çarmıxa çəkilməsi
Altıncı saat (12:00) - yer üzünü qaranlıq bürüməsi
Doqquzuncu saat (15:00) - İsanın vəfatı

Qədim yəhudi ənənəsinə görə, günəşin doğuşundan (təxminən saat 06:00) etibarən gün 12 hissəyə bölünürdü. Buna görə də doqquzuncu saatın günün ikinci yarısına - təxminən saat 15:00-a düşdüyü hesab edilir.

Bununla belə, İncil mətnlərində müəyyən fərqliliklər də diqqət çəkir. Məsələn, Yəhya İncilində qeyd olunur ki, Pilat İsanı “altıncı saatda” çarmıxa verib. Tədqiqatçıların əksəriyyəti bunu Yəhyanın Roma zaman sistemindən istifadə etməsi ilə izah edir. Həmin sistemə görə isə altıncı saat səhər saat 06:00-a uyğun gəlir.

Müasir elmi araşdırmalar, tarixi sənədlər və astronomik hesablamalar İsanın ölüm tarixini də müəyyənləşdirməyə imkan verir. Araşdırmalara əsasən, İsa Məsihin çarmıxa çəkilməsi 3 aprel 33-cü il tarixində baş verib.

Bu nəticə bir neçə faktla əsaslandırılır:

1) Astronomik hesablamalar həmin günün yəhudi Pasxasına uyğun gələn dolunay olduğunu göstərir
2) Tarixi mənbələrə görə, Ponti Pilat 26-36-cı illərdə Yəhudeyaya rəhbərlik edib
3) Qeyri-xristian mənbələrdə, xüsusilə tarixçi Flegontun qeydlərində həmin dövrdə günorta qaranlığı və zəlzələ hadisələrinin baş verdiyi qeyd olunur

Xüsusilə diqqət çəkən məqamlardan biri də altıncı saatdan doqquzuncu saata qədər (12:00-15:00) yer üzünü bürüyən qaranlıqdır. Bu hadisə adi günəş tutulması ilə izah edilmir. Çünki Pasxa dövrü dolunay vaxtına düşür və bu zaman Günəş tutulması mümkün olmur. Buna görə də bir çox tədqiqatçılar bunu fövqəltəbii hadisə kimi qiymətləndirir.

Xristian ənənəsində İsanın vəfat etdiyi saat 15:00 xüsusi mənəvi əhəmiyyət daşıyır və “rəhmət saatı” kimi qəbul olunur. Bu vaxtın həm də qədim yəhudi ənənəsində Pasxa qurbanının kəsildiyi zamanla üst-üstə düşdüyü bildirilir.

Beləliklə, İncil məlumatları, tarixi faktlar və müasir araşdırmalar əsasında demək olar ki, İsa Məsih cümə günü, 33-cü ilin 3 aprel tarixində, günorta saat 15:00-da vəfat edib. Bu hadisə yəhudi Pasxası ərəfəsinə təsadüf edib və xristian dünyasında böyük dini əhəmiyyət daşıyır.

Müəllif: Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm