Tarix
20 Yanvar 1990-cı il - Əbədi travma
"Yolun giriş hissəsini “İkarus” markalı avtobusla kəsmişdik. Biz isə avtobusun ön hissəsində dayanıb gözləyirdik. Rus əsgərləri indiki Koroğlu Rəhimov küçəsi ilə aşağı enib yol kəsişməsinə çatanda ön sıra aşağı çökdü və yaylım atəşi başlandı".
Publika az xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
"20 yanvar ərəfəsində Azərbaycanda vəziyyət kəskin pişləşmişdi. Bir tərəfdən Azərbaycan Xalq Cəbhəsinın monolitliyi pozulmuş və parçalanma baş vermişdi. AXC-nin radikal qanadı "müdafiə şurası" adlı qurum yaradıb, "Leytenant Şmidt" zavodunun mədəniyyət sarayında qərargah yaratmışdı. Ermənilər Dağlıq Qarabağda və Ermənstanla həmsərhəd rayonlarda silahlı təxribatları gücləndirmişdi. Mən o zaman Bakı Tunel Tikinti İdarəsində (Metrostroy) fəhlə hərəkatının rəhbəri idim, həm də Birləşmiş Həmkarlar İttifaqı tərəfindən qeydə alınmış Tətil Komitəsinin sədri və AXC dayaq dəstəsinin əlaqələndiricisi idim. Belə qərara gəldik ki, 50 nəfərdən ibarət dəstə yaradıb, Zəngilana döyüşmək üçün gedək. Tezliklə 50 nəfərdən ibarət dəstə hazır idi. Bizi geyimlə təmin etdilər. Özümüzə rəhbər seçdik (Zabit rütbəsi olan Qaçay Hüseynovu) və AXC-nin Vannikov küçəsindəki qərargahına göndərilmək üçün gəldik. Bəlli oldu ki, burda da bir qərargah yaradılıb. Bizdən üzv olmaq üçün 5 manatdan pul yığdılar. Sonra gördüm ki, həmin pulla qərargaha qab-qacaq, ərzaq və s. alıb gətirdilər. Belə tövsiyə olundu ki, şəhərdə qarışıqlıq var, hələlik təxribatların qarşısını alaq, sonra cəbhə xəttinə gedərik. Bir neçə gün könüllü patrul xidməti göstərdikdən sonra, bizi hansısa qüvvə yönəltdi "Leytenant Şmidt" zavodundakı qərargaha. Mən buna razı deyildim, amma müqavimət göstərməyin yeri də yox idi. 19 yanvar 1990-cı ildə bizə göstəriş verildi ki, müqavimət üçün vasitələr lazımdır. Bizim idarənin 28 may metrosunun qarşısında tikinti sahəmiz var idi. Dəstəmizin qaynaqçı üzvü misgər armatur çubuqlar hazırladı. Onu daşıyıb gətirdilər qərargaha. Qaranlıq düşdükcə həyəcan və şayiələr artırdı. Biz barrikadaları gəzib vəziyyəti öyrənirdik. Bu zaman televiziyada partlayış xəbəri gəldi. Daha sonra bizə xəbər gəldi ki, “Gənclik” metrosu istiqamətindən "Leytenant Şmidt" zavoduna tərəf ordu hissələri irəliləyir. Hamımız armatur çubuqlar götürüb indiki Gülarə Qədirbəyova küçəsi ilə Təbriz (Çapayev) küçəsinin kəsişməsində toplaşdıq. Yolun giriş hissəsini “İkarus” markalı avtobusla kəsmişdik. Biz isə avtobusun ön hissəsində dayanıb gözləyirdik. Rus əsgərləri indiki Koroğlu Rəhimov küçəsi ilə aşağı enib yol kəsişməsinə çatanda ön sıra aşağı çökdü və yaylım atəşi başlandı. Qaçaqaç başlayanda kimsə qışqırdı ki, boş (xolostoy) patronlardı. Mən dayanıb işıq saçan güllələrə baxırdım. Elə bilirdim doğrudan boş patronlardı. Baxmayaraq ki, hərbi xidmətdə avtomat silahım olub, özüm Cənubi Vyetnamda döyüş xidmətində olmuşdum və güllənin nə demək olduğunu çox yaxşı bilirdim. Birdən kimsə mənə qışqırdı ki, qaç.
Nəhayət, mən də üzü mədəniyyət evinə tərəf qaçmağa başladım. Yolda iş yoldaşımız Rəşidin yaralandığını gördük. Taksilər artıq yaralıları daşımağa başlamışdı (həmin günlərdə əksəriyyət taksilər əhaliyə pulsuz xidmət göstərirdi. Sürücülər ya plan vermirdi, ya da ciblərindən verirdi).
Bir yerə cəmləşdik (Bakı tunel tikintisi idarəsinin işçiləri).
Hərbiçilər Mədəniyyət evini tərk etmək üçün ultimatum verdilər.
Məsləhətləşib qərara gəldik ki, müqavimət yersizdir. Üzü aşağı
indiki Heydər Əliyev prospektinə çıxdıq. İrəli gedib Ağa Nemətulla
küçəsi ilə yataqxanaya qayıtmaq qərarına gəldik (Yataqxana Ağa
Nemətulla 67 ünvanında yerləşir). Bir qədər getdikdən sonra
bəzilərimiz geri qayıtmaq qərarına gəldik. Bizi gəzdirən və idarə
tərəfindən ayrılmış avtobus Dəmiryol texnikumunun qarşısında
qalmışdı, sürücü də içərisində. Bir qrup ayrıdıq ki, gedib onun
taleyinin necə olmasını öyrənək. Amma əksəriyyət bizə qoşulmadı və
yolu davam etdirdilər. Sonradan bildik ki, onlar Ağa Nemətulla
küçəsinə dönmədən düz "Bağırov" körpüsünə qədər gediblər və oradan
üzü yuxarı qayıtmağı qərarlaşdırıblar (Ağa Nemətullada atəş səsləri
olduğu üçün). Körpüyə çatanda tanklarla üzləşiblər. Yaylım atəşi
altına düşüblər və hərə bir tərəfə qaçıb. Biz isə atəş səslərinə
baxmayaraq, Dəmiryol texnikumunun yataqxanasına yaxınlaşdıq və
gördük ki, avtobus süzgəcə dönüb (sonra öyrəndik ki, 200 güllə
dəliyi var). Sürücü isə bu zaman içəridə olub və nə qədər
heyrətamiz olsa da, onun burnu da qanamayıb.
Həyətlərin içərisindən keçib yataqxanaya qayıtdıq. İş
yoldaşlarımızdan Rəşid yaralandığı üçün xəstəxanaya
yerləşdirlmişdi. Əflatun isə yox idi.
Iki gün sonra onu tapdıq. Morqdan. "Bağırov" körpüsünün yanında gülləbaran olanda o da gülləyə tuş gəlmişdi. Daha bir dostumuz, bizim qrupa komandir təyin etdiyimiz Qaçay da həmin gecə aldığı sarsıntıdan sonra sağlamlığını itirdi və az sonra həyatdan köçdü. "20 Yanvar"dan hamımız travma aldıq - əbədi travma.
Şəkil 20 yanvar şəhidlərinin 40 mərasimində (1990) çəkilib".
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO