• USD 1,7000 0,00% EUR 1,9008 +0,29%
    • GBP 2,1523 +0,13% RUB 0,0262 -0,76%

Paytaxtın mərkəzinə giriş və çıxış yolları yenidən qurulur - FOTO/VİDEO

Paytaxtın mərkəzinə giriş və çıxış yolları yenidən qurulur - FOTO/VİDEO

Paytaxtın mərkəzinə doğru giriş və çıxış hissədə kompleks yenidənqurma işləri aparılır.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, kompleks tədbirlər Yusif Səfərov küçəsi və ətraf ərazilərdə aparılır. Tədbirlər çərçivəsində yeni yolların salınması, mövcudların yenidən qurulması və genişləndirilməsi işləri görülür.

Sözügedən ərazilərdə aparılan işlərin əsas məqsədi istər şəhərin mərkəzindən Heydər Əliyev və Babək prospektlərinə doğru çıxışda, istərsə prospektlərdən şəhər mərkəzinə doğru girişdə Yusif Səfərov küçəsinə düşən nəqliyyat yükünü azaltmaqla avtomobillərin rahat və maneəsiz hərəkətini təşkil etməkdir.

Sadalanan istiqamətdə işlərə ilkin olaraq Yusif Səfərov küçəsindən başlanılıb. Küçə bir-neçə hərəkət zolağı enində genişləndirilir. Bu məqsədlə küçənin 28 may küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yol ayrıcında söküntü və tikinti işləri aparılır. Həmin hissədə yolun hər iki istiqamət üzrə 3 hərəkət zolağından 6 hərəkət zolağına qədər genişləndirilməsi nəzərdə tutulub.

Genişləndirmə işlərinin küçə boyu davam etdirilməsi nəzərdə tutulub. Belə ki, mövcud yol ayrıcının eninin azaldılması ilə hər bir istiqamət üzrə daha 1 hərəkət zolağı yaradılacaq. Bununla da küçənin Heydər Əliyev prospektinə qədər olan hissəsi 5 hərəkət zolağından 6, bəzi hissələrdə 7 hərəkət zolağına qədər genişləndiriləcək.

Küçənin Kamandar Əhmədov küçəsi ilə kəsişməsinin yaxınlığında vətəndaşların avtomobil yolunu daha təhlükəsiz şəkildə keçməsi üçün piyada keçidinin inşası planlaşdırılır.

Bundan başqa avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə ordan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkətini təmin etmək üçün Yusif Səfərov küçəsinə paralel 1.1 km uzunluğunda yeni yol salınır. Layihəyə uyğun olaraq hazırda yol boyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, buna paralel olaraq yararsız qruntun qazılaraq çıxarılması və karbonat materialı tökülərək yenidən kipləşdirilməsi, bununla da yeni yol yatağının inşası işləri həyata keçirilir.

Daha bir yeni yol hissəsi Sergey Senyuşkin küçəsinin davamı olaraq salınır. Uzunluğu 265 metr, hərəkət hissəsinin eni 10 metr olacaq yol inşa olunandan sonra Xocalı prospektindən avtonəqliyyat vasitələrinin Yusif Səfərov küçəsinə daxil olmadan Sergey Senyuşkin küçəsindən birbaşa Heydər Əliyev və Babək prospetlərinə doğru rahat çıxışı təmin olunacaq.

Yusif Səfərov küçəsinin yenidən qurulması, bundan başqa hər iki istiqaməti üzrə paralel yolların çəkilişi sözügedən ərazidə sıxlığın azalmasına, şəhər mərkəzinə doğru və əksinə bu istiqamətdən giriş-çıxışının rahatlaşmasına gətirib çıxaracaq.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR