Yaxın zamanda Zəngəzur dəhlizinə birləşəcək layihələrin icrası... - Deputat ELAN ETDİ
Bizi izləyin

Nəqliyyat

Yaxın zamanda Zəngəzur dəhlizinə birləşəcək layihələrin icrası... - Deputat ELAN ETDİ

“Ölkələrin inkişaf səviyyəsi onun dəmir yollarının müasirliyi və əlçatanlığı ilə də ölçülür. Bu gün Azərbaycan dəmir yolları özünün inkişaf dövrünü yaşayır. Cənab Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində Qəbələ Dəmir Yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışını etdi. Ölkə başçımızın açılışını etdiyi yeni dəmir yolu xətti bu regionun inkişafına yeni impuls verəcək”.

Bunu Publika.az-a millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, dəmir yolu iqtisadiyyat deməkdir və yüklərin daşınmasında ən ucuz, təhlükəsiz nəqliyyat da məhz dəmir yolu hesab olunur: “O cümlədən sərnişin daşınmasında da dəmir yolu ən rahat və təhlükəsiz nəqliyyat sayılır. İstifadəyə verilmiş Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu nəinki qəbələlilərin, o cümlədən ətraf rayonların sakinlərinin hərəkəti üçün müasirlik və rahatlıq gətirəcək. Həm də dəmir yolu rahat nəqliyyat olduğu üçün, bu regiona səfər edən turistlərin sayında artım olacağını düşünürəm”.

Azər Badamov hesab edir ki, sözügedən regionun turizminin inkişafı baxımından yeni istifadəyə verilmiş dəmir yolunun böyük rolu olacaq: “Ümumiyyətlə, ölkəmizin dəmir yolu infrastrukturu yenidən qurulur. Bu, həm də zamanın tələbidir. Çünki Azərbaycan böyük tranzit beynəlxalq layihələri həyata keçirib, Cənub-Şimal, Qərb-Şərq, Cənub-Qərb nəqliyyat dəhlizlərini istifadəyə verib. Bu gün ölkəmizin üzərindən daşınan tranzit yüklərin həcmi sürətlə artmaqdadır.

Ələt Beynəlxalq Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkəmizin şimal və cənub istiqamətlərində fəaliyyət göstərən dəmir yolları infrastrukturunun əsaslı təmiri gələcəkdə dəmir yollarının ölkəmizin iqtisadiyyatında yerini və rolunu artıracaq. O cümlədən, açılacaq Zəngəzur dəhlizinə birləşəcək layihələrin icrasına başlamağımız da yaxın zamanda dəmir yollarının Azərbaycanın iqtisadiyyatında rolunu daha da artıracaq”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm