Nida.az
“The Washington Post” və “The Guardian” Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış “atəşkəs” mühitini pozurlar

Həqiqətən də faktlar göstərir ki, “The Washington Post” və “The Guardian” Azərbaycanla ABŞ və Qərb arasında razılaşdırılmış “atəşkəs” mühitini pozmaqda davam edirlər. 2015-ci il iyulun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın Azərbaycana səfərindən sonra belə bir təəssürat yaranmışdı ki, Vaşinqton Bakıya barışıq əlini uzadaraq ikitərəfli münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmaq istəyir. Cənab Hokstaynın ABŞ-ın Azərbaycana dəstək verəcəyi barədə fikirləri də bu nikbinliyə əsas yaratmışdı. İyulun 14-də isə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun ABŞ-ın Azərbaycandakı hərbi attaşesi ilə görüşü və Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığın davam etdirilməsinə hazır olduğu barədə bəyanatı bu nikbinliyi əsaslandıran vacib amillərdən biri kimi xarakterizə edilmişdi.
Həmin vaxt mətbuat xüsusi olaraq vurğulamışdı ki, cənab
Hokstaynın ABŞ təmsilçilərinin ənənəvi “diktat” və “şərtqoyma”
ritorikasını təkrarlamaması Amerikanın Azərbaycanla münasibətlərdə
bərabərhüquqluluq prinsipini qəbul etməsi kimi başa düşülməlidir.
Bundan bir müddət əvvəl Prezidentin İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənov bildirmişdi ki, ikitərəfli əlaqələr
kimlərinsə öz dominantlıq iddialarını reallaşdırmaq istəyi üzərində
deyil, ümumi maraqlar, bərabərhüquqlu əməkdaşlıq, bir-birinin
daxili işlərinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilə
bilər: “Azərbaycanı “satellit”, yaxud forpost dövlət kimi görmək
istəyənlər nə qədər tez bu fikirlərindən əl çəksələr, bir o qədər
ölkəmizlə yaxın dost ola bilərlər”. Buradan isə belə bir qənaət
hasil olunurdu ki, əgər ABŞ və Qərb dairələri bu reallığı qəbul
edirlərsə, Azərbaycanın milli və suveren hüquqlarına hörmətlə
yanaşacaqlarsa, tərəfdaşlıq əlaqələrinin bərpa edilməsi və inkişafı
haqda danışılacaq gün o qədər də uzaqda olmayacaq. Bütün bunları
nəzərə alan rəsmi Bakı bəzi Qərb dairələrinin uzun müddət
Azərbaycana qarşı apardığı ikili siyasətin, hətta l Avropa Oyunları
dövründə həm ABŞ Dövlət katibi Con Kerrinin ofisindən, həm də
Londondan idarə olunan qərəzli kampaniyaların üzərindən keçməyə
hazır olduğunu nümayiş etdirdi.
Eynilə iyulun 21-də Avropa İttifaqı Şurasının prezidenti Donald
Tuskun Azərbaycana səfərindən sonra da oxşar mənzərə yarandı. Rəsmi
Bakı heç bir şərt irəli sürülmədən Avropa İttifaqı ilə ikitərəfli
bərabərhüquqlu əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu
göstərdi. Bu halda da Azərbaycan hesab etdi ki, bir müddət öncə
Böyük Britaniya və Almaniyanın bəzi dairələrinin dirijorluğu ilə
beynəlxalq QHT-lər və media tərəfindən Azərbaycana qarşı həyata
keçirilən qarayaxma kampaniyası qarşılıqlı əlaqələrin inkişafını
əngəlləyən faktora çevrilməməlidir.
Qeyd edək ki, hər iki halda qarşı tərəf “böyük-kiçik”
ritorikasını dayandırmağı, Qərbin vətəndaş cəmiyyəti institutlarını
Azərbaycana qarşı yönəltməməyə hazır olduğunu ifadə etmişdi. Ancaq
həmişə olduğu kimi, bu dəfə də “siyasi maraqlar” centlmen
razılaşmasına üstün gəldi. Avqustun
1-dən 12-nə kimi rəsmi Vaşinqtonun ruporlarından biri olan “The
Washington Post” Azərbaycana qarşı üst-üstə 6 material verdi.
Azərbaycanda idarəçilik sistemini bayağı tənqiddən tutmuş Bakıya
səfər edən konqresmenlərin diskreditasiyasına kimi etik normalara
zidd ittihamlarla dolu belə materialları anti-Azərbaycan
kampaniyasının növbəti dalğası kimi qəbul etməmək mümkün deyil.
Üstəlik, “The Washington Post” ətrafı media da Azərbaycanı mümkün
qədər qara rəngdə təsvir etmək fürsətindən yetərincə yararlanır.
Digər tərəfdən də ABŞ- Böyük Britaniya “müştərək” QHT-ləri və
mediası da yavaş-yavaş “əzələ nümayişini”
intensivləşdirirlər.
Hesab etmək olar ki, ABŞ və Britaniyada baş verən bəzi
biabırçılıqları xatırlatmaqla anti-Azərbaycan kampaniyası
həvəskarlarının yaddaşlarını təzələməyin vaxtı artıq çatıb. Elə
Qərb mediasının yazdığına əsasən, Barak Obamanın prezident
seçilməsindən sonra ABŞ-da xüsusi xidmət orqanlarının “daxildə
düşmən axtarışı” daha da artıb. 2011-ci ilin noyabrında Nyu-Yorkda
iqtisadi və sosial ədalətsizliyə qarşı “Uoll striti zəbt et” adlı
hərəkata qoşulan yüzlərlə insan həbs olunub. Bu ad altında
Los-Anceles, Vaşinqton, Filadelfiya, Çikaqo, Sietl və başqa
şəhərlərdə keçirilən aksiyalarda öz peşə borcunu yerinə yetirən
jurnalistlər də ABŞ polisi tərəfindən həbs edilib, zorakılıqlara
məruz qalıblar. BMT-nin üç hesabatında ABŞ hüquq-mühafizə
orqanlarının irqi ayrı-seçkiliyə getdikcə daha çox yol verdiyi
xüsusi vurğulanıb. Media da ABŞ polisinin qaradərililərə, Latın
Amerikasından olan şəxslərə qarşı kobud hərəkətləri haqqında
tez-tez məlumat verməkdədir.
Deyilənlərə nümunə kimi 2014-cü ilin iyununda Nyu-Yorkun Staten
İsland yaşayış məntəqəsində Deniel Pantaleo adlı polisin 6 uşaq
atası olan 43 yaşlı Erik Harneri öldürməsini və həmin polis məhkəmə
tərəfindən azadlığa buraxıldıqdan sonra keçirilən etiraz
aksiyalarının qəddar şəkildə dağıdılmasını göstərmək olar. ABŞ-da
insan hüquqlarının pozulması hallarının adiləşməsinə dair daha bir
nümunə 2014-cü ilin avqustunda Missuri ştatının Ferqyuson şəhərində
afroamerikalı 18 yaşlı gənc Maykl Braunun polis əməkdaşı Darren
Uilson tərəfindən güllələnərək öldürülməsidir. Məhkəmənin bu dəfə
də polisi azadlığa buraxması Ferqyusonda həftələrlə davam edən
etiraz aksiyalarına və iğtişaşlara səbəb oldu. Həmin hadisələr
zamanı yüzlərlə etirazçı həbs olundu, çoxsaylı işgəncələrə və
zorakılıqlara məruz qaldı.
Ferqyuson hadisələrini işıqlandıran jurnalistlər də polisin
özbaşınalığından və zorakılığından əziyyət çəkiblər. Ferqyuson
polisi iğtişaşları yatırarkən “The Washington Post” və “The
Huffington Post” qəzetlərinin jurnalistlərini heç bir səbəb olmadan
saxlamış və polis məntəqəsinə aparmış, “Əl-Cəzirə”nin jurnalistinin
qarşısına isə qaz bombası atmışdı.
2015-ci il aprelin 19-da ABŞ-ın Merilend ştatının Baltimor
şəhərində isə 25 yaşlı Freddi Gray adlı qaradərili gəncin polislər
tərəfindən qətlə yetirilməsindən sonra kütləvi etirazlar yenidən
vüsət almış və Baltimorda fövqəladə vəziyyətin elan edilməsinə,
Milli Qvardiyanın şəhərə yeridilməsinə səbəb olmuşdu. Baltimordakı
iğtişaşlar zamanı 210 nəfər həbs edilmiş, çoxsaylı insan təzyiqlərə
və zorakılığa məruz qalmışdı.
2014-cü ildə ABŞ-da 458 nəfər polisin açdığı atəşlə həlak olub
ki, bu hallar da təkcə ABŞ-da deyil, bütün dünyada ciddi rezonans
doğurmuşdu. ABŞ-da polisin qaradərili insanlara qarşı qəddarlığı
ağdərili insanlara da sirayət etməkdə, onlar üçün “nümunəyə”
çevrilməkdədir. Belə ki, 2015-ci il iyunun 17-də ABŞ-ın Çarlston
şəhərində 21 yaşlı ağdərili Dilan Ruf kilsəyə daxil olaraq 9 nəfər
qaradərilini güllələmişdi.
İsveçin Stokholm Universitetinin professoru Kristian Kristensen
insan haqlarının pozulması ilə bağlı “Əl-Cəzirə”yə müsahibəsində
bildirib ki, “Ferqüson və Baltimorda yaşanan hadisələr, ölkəni
bürüyən etiraz aksiyaları, sadəcə, iki qaradərilinin ölümünə deyil,
on illərdir davam edən polis zülmünə və şiddətinə, zorakılığına,
irqi ayrı-seçkiliyə qarşı idi”.
ABŞ-da insan haqlarının vəziyyəti barədə hazırlanan bir sıra
hesabatlar da bu ölkədəki gerçəkliyi tam çılpaqlığı ilə ortaya
qoyur. BMT-nin insan hüquqları üzrə komitəsi ABŞ-ı Vətəndaş və
Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın bir sıra müddəalarına
əməl etməməkdə günahlandırıb. Britaniyalı professor Naycel Rodlinin
başçılıq etdiyi komitə Vaşinqtonu sosial şəbəkələrə qanunsuz
nəzarət etməkdə ittiham edib, bunu insanların şəxsi həyatına
birbaşa müdaxilə kimi qiymətləndirib. BMT komitəsinin ittihamı onu
göstərir ki, Amerika nəinki öz ərazisində, hətta dünyanın müxtəlif
regionlarında belə insanların fəaliyyətinə nəzarət edir. Bu əsasda
onları müəyyən ideoloji istiqamətə yönəldir, təzyiqlər göstərir,
qanunsuz əməllərə təhrik edir. Bunların nəticəsində minlərlə
insanın şəxsi həyatı pozulur, onlar təhlükələrə məruz qalırlar. O
cümlədən “rəngli inqilablar” adı altında ayrı-ayrı xarici dövlətlər
xarabalığa çevrilir. Təcrübə göstərir ki, həmin proseslərdə çoxlu
sayda insan həyatını itirir, ölkələr uzunmüddətli daxili
ixtilaflardan əziyyət çəkirlər. Buna misal olaraq İraq, Suriya,
Ukrayna, Liviya və başqa ölkələrdə cərəyan edən prosesləri
göstərmək olar.
Qeyd edək ki, l Avropa Oyunları dövründə Azərbaycanı hədəfə
götürən Britaniya KİV-ləri arasında “The Guardian” nəşri xüsusi
canfəşanlıqla seçilmişdi. Bu ilin may-iyun ayları ərzində
Azərbaycan haqqında 40 tənqidi məqalə verən qəzet onların 23-nü 4
gün ərzində dərc edərək “kampaniyaçılıqda” az qala Ginnes rekorduna
imza atmışdı. Əslində, Azərbaycanın ən qatı reket nəşrləri belə bu
“fövqəladə bacarığa” qibtə edə bilərlər. Düzdür, Britaniyada “The
Guardian” idarəolunmaz nəşr kimi tanınır. Amma Wikileaks
materiallarını yaydıqdan, xüsusilə 2010-cu ildə kraliçanın şəxsi
həyatına müdaxilə etdikdən sonra qısa zamanda bu qəzet də ram
edildi. Həmin vaxt təzyiqlərlə barışmayan “News of the World”
nəşrinin isə həm fəaliyyəti dayandırıldı, həm də rəhbərləri həbs
olundu. Üstəlik, elə həmin il Kral Xartiyasının qəbul olunması ilə
Britaniyada media üzərində dövlət nəzarəti quruldu, “Guardian” kimi
nəşrlər isə 1 milyon funta qədər cərimə olunmaq təhlükəsi ilə
üzləşdilər. Medianı susdurmaq və yeri gələndə idarə etmək üçün
bundan yaxşı metod düşünüb tapmaq çətindir.
“Guardian” və onun kimilərinin idarə edilməsi həm də onu deməyə
əsas verir ki, son günlər Britaniya nəşrlərinin Azərbaycana qarşı
fəallaşmasının arxasında bəzi rəsmi izləri axtarmaq lazımdır. Eləcə
də “Amnistey İnternational”, “Transparency İnternational” və digər
bu kimi qurumların canfəşanlığı da Londondan istiqamətləndirilən
anti-Azərbaycan demarşının işartılarıdır. Görünür, Azərbaycan
KİV-ləri də bundan sonra Böyük Britaniyada insan haqları, media
azadlığı, korrupsiya halları, məmur özbaşınalığı və s. haqqında
məlumatlarla yerli ictimaiyyəti ətraflı tanış etməlidir.
Məsələn, bu ilin iyulunda Britaniya Lordlar Palatasının
vitse-spikeri Con Süel ciddi qalmaqala görə istefa vermək
məcburiyyətində qaldı. “The Sun” qəzetinin dərc etdiyi materialda
69 yaşlı siyasətçinin evində baş vermiş və lentə alınmış seksual
orgiyadan və Süelin pozğun həyatından geniş bəhs olunmuşdu. 45
dəqiqəlik videoda qadın alt paltarı və dəri gödəkcə, yəni əxlaqsız
qadın paltarı geyinmiş Lordlar Palatasının vitse-spikerinin yüngül
təbiətli gənc qızlarla əyləndiyi, hətta kokain iylədiyi əks olunub.
Bildirilmişdi ki, Süel bu qızları Britaniya parlamentinin
yeməkxanasına belə aparıb. Videoda Süel daha 13 yüngül təbiətli
qadınla, hətta Leyboristlər partiyasının bir üzvü ilə seksual
əlaqələrindən danışmışdı. Ən maraqlısı isə budur ki, Britaniya
Lordlar Palatasının spikeri baronessa D,Soza C.Süelin seksual
cinayətlər, fahişəxanalar və fahişəliklə bağlı qanunların işlənib
hazırlanmasında yaxından iştirak etdiyini bildirmişdi.
Bu yerdə qısa bir xatırlatmaya ehtiyac duyulur. Bəzi Qərb
dairələri, beynəlxalq QHT-lər və media hər hansı ölkədə baş vermiş
hadisəni maksimal şəkildə ümumiləşdirməyə çalışır. Onda C.Süelin bu
macəralarını əsas götürərək demək olar ki, Britaniyada
anti-korrupsiya qanunlarını korrupsionerlər, uşaq hüquqlarının
qorunması ilə bağlı qanunları pedofillər, cinayətkarlıqla bağlı
qanunları isə cinayətkarlar işləyib hazırlayırlar.
2015-ci ilin martında Devid Uaytın “Britaniya nə dərəcədə
korrupsiyalaşıb?” kitabını oxumaqla bu ölkədə əsl həqiqətdə baş
verənlər barədə ətraflı məlumat almaq olar. Müəllif faktlar
əsasında göstərir ki, Böyük Britaniyada pensiya fondları ilə
manipulyasiyalar, ipoteka və sığorta sahəsində fırıldaqçılıq,
saxtalaşdırmalar, insayder razılaşmaları baş alıb gedir. Müəllif
haqlı olaraq soruşur: “Xalqın pulunu əlindən almaq hüquq
pozuntusudur, yoxsa özünəməxsus biznes aparmaq forması?”. Qeyd
edilir ki, iqtisadi böhrana səbəb olan fəaliyyətə görə heç bir
yüksək vəzifəli məmur vəzifəsindən azad olunmadı və hüquqi
məsuliyyətə cəlb edilmədi. Çünki bu məmurları durduracaq qanunlar
bir-birini əvəz edən hökumətlər tərəfindən ləğv edilib. Hazırkı
hökumətin nazirlərindən biri vaxtilə HSBC maliyyə konqlomeratına
rəhbərlik edərək vergilərdən yayınma, narkotrafikdən daxil olan
çirkli pulların yuyulması, terroristləri maliyyələşdirən bəzi
Səudiyyə Ərəbistanı və Banqladeş banklarına yardım göstərilməsinin
sxemlərini hazırlayıb. Britaniyanın vergilər naziri isə bankı
məsuliyyətə cəlb etmək əvəzinə, pensiyaya çıxaraq orada işə
düzəlib. London Sitisi ofşor zonalarda maliyyə əməliyyatlarının 24
faizinə nəzarət edərək bu fəaliyyəti ciddi məxfilik şəraitində
həyata keçirir və maliyyə fırıldaqçılarına, qaçaqmalçılara, çirkli
pul yuyanlara, sanksiyalara məruz qalmış subyektlərə hərtərəfli
yardım göstərir. Beynəlxalq Tax Justice Network təşkilatı bildirir
ki, Böyük Britaniya maksimal maliyyə məxfiliyi olan ölkələr
sırasına daxildir və əsl “vergi limanıdır”. Devid Uayt qeyd edir
ki, hakimiyyət öz agentləri vasitəsilə insanları kütləvi şəkildə
izləməklə məşğuldur. Polislər isə dinc fəalların sıralarına daxil
olaraq onları neytrallaşdırır və hakimiyyətə qarşı etirazların
qarşısını alırlar. Məlumatların oğurlanması və lazımi yerlərə
ötürülməsi, yüksək vəzifəli pedofil məmurların müdafiəsi və digər
bu tipli cinayətlər Britaniyanın hüquq-mühafizə orqanlarına xas
olan xüsusiyyətlərdir.
Bütün bunlar ABŞ və Böyük Britaniyada insan haqlarının pozulması, korrupsiya, polis özbaşınalığı və digər qeyri-qanuni əməllərin geniş vüsət aldığını göstərən faktların çox az bir qismidir. Bu mövzunu davam etdirmək də olar və lazım gəlsə, davam etdiriləcək. Bu halda anlaşılmaz bir məqama dair sual yaranır: Amos Hokstayn və Donald Tusk Azərbaycana nəyə gəlmişdilər?

-
Nida Təhlil 23:22
Kişinyovdan gözləntilər: Əliyevlə Paşinyan sülhə imza atacaqmı?
-
Qoroskop22:37
İyun ayında bürcləri nə gözləyir? - Sevgi, pul, işgüzar səfər...
-
Ekologiya21:58
Hava ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ - VİDЕО
-
Sosial19:20
Diqqət! Sabahdan qiymətlərdə dəyişiklik olacaq
-
Sosial17:53
İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi - Video
-
Sosial17:15
Evini sığortalamayan vətəndaşlar cərimələnəcək? - Xəbərdarlıq
-
Qarabağ 16:19
Bakı qısa müddətdə Xankəndiyə qayıdacaq, Ankara... - Abovyan açıqlayır
-
Magazin115:20
Azərbaycanın ən yaraşıqlı kişisi o seçildi - FOTO/VİDEO