
“Mənim qardaşımın adamlarının Araz Əlizadənin
səlahiyyətli nümayəndəsi ilə nə işi var?! Bu qədər şər-böhtan
yetər, adamlar ayıb bilmirlər, işləri ancaq başqalarını
qaralamaqdır”.
Bunu Publika.az-a 35 saylı Xətai üçüncü Seçki
Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal
Ağazadə deyib.
İ.Ağazadə hazırda seçki kampaniyası apardığını, bütün diqqətini
seçkilərə yönəltdiyini bildirib: “Mən seçki kampaniyamın aparılması
ilə məşğulam. Araz Əlizadə mənim üçün digər rəqiblərimdən
fərqlənmir. İşin qızğın vaxtında mənim, yaxud qardaşımın Araz
Əlizadə və ya onun nümayəndəsi ilə maraqlanmağa nə vaxtımız, nə də
həvəsimiz var. Bütün bunlar şər-böhtandır. Araz Əlizadənin
ittihamlarını oxumamışam və oxumaq da niyyətində deyiləm”.
Qeyd edək ki, A. Əlizadə Publika.az-a
açıqlamasında İ.Ağazadənin qardaşı İlqar Ağazadənin adamları
tərəfindən onun səlahiyyətli nümayəndəsi Günel Babayevaya
hədə-qorxu edildiyini deyib. Onun sözlərinə görə, məsələ polis
tərəfindən araşdırılır.
Yayılan məlumatlara görə, oktyabrın 7-də Günel Babayeva evlərinə
gedərkən Bakı şəhər sakinləri 1988-ci il təvəllüdlü Ülvi Seyid əli
oğlu Əliyev və 1992-ci il təvəllüdlü Vüsal Rasim oğlu Muradov
“Daimlerchreysler” markalı, 50 BZ 661 nömrəli avtomobildə onu
izləyiblər. Hazırda Xətai rayon Polis İdarəsinin 35-ci polis
şöbəsində məsələylə bağlı tədqiqat-araşdırma aparılır. A.Əlizadə bu
şəxslərin İqbal Ağazadənin qardaşı İlqar Ağazadəyə məxsus beton
zavodunun işçiləri olduğunu iddia edib.
Asif Nərimanlı