Deputat: “Prezidentin Münhen Konfransında iştirakı çox əhəmiyyətlidir”
Bizi izləyin

Nida.az

Deputat: “Prezidentin Münhen Konfransında iştirakı çox əhəmiyyətlidir”

“Avropa qitəsində təhlükəsizliyin təmin olunması üçün Cənubi Qafqaz regionunda mövcud olan münaqişələr ədalətli həllini tapmalıdır”.

Bunu Publika.az-a Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu məsələni iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransında da gündəmə gətirərək Avropanın ayrı-ayrı təhlükəsizlik institutlarının diqqətini Dağlıq Qarabağ münaqişəsinin indiyədək hələ də həll edilməməsi faktına yönəldib.

H.Babaoğlu deyib ki, Münhen Konfransı dünyada təhlükəsizliklə bağlı ən aktual məsələlərin müzakirə olunduğu beynəlxalq tədbirdir: “Azərbaycan Prezidentinin də bu konfransda iştirakı və Avropanın təhlükəsizliyini təhdid edən problemlərdən biri olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni gündəmə gətirməsi ölkə maraqlarının önə çəkilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycan Prezidenti Münhen Konfransında təhlükəsizlik məsələsini konseptual şəkildə qaldıraraq dünyada mövcud olan münaqişələrin bütövlükdə Avropa üçün təhdid yaratdığını və bu cür qiymətləndirilməsini bəyan edib”.

Millət vəkili Prezident İlham Əliyevin Münhen Konfransında ekoloji problemlər, enerji və digər məsələlərin də təhlükəsizlik üçün aktual olduğunu diqqətə çatdırdığını vurğulayıb: “Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan torpaqlarına qarşı işğal faktı davam etdikcə, bu regionda, həmçinin, Avropa Şurasına üzv olan ölkələrdə təhlükəsizlikdən danışmaq olmaz. Hesab edirəm ki, ölkə başçısının bu çıxışı Azərbaycanın xarici siyasətinin ən prioritet istiqaməti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dünya ictimaiyyətinin diqqətini bu mövzuya bir daha yönləndirmək və münaqişənin həlli üçün artıq konkret addımların atılması ilə bağlı Avropa təhlükəsizlik strukturlarına çağırış idi. Bu baxımdan da cənab Prezidentin Münhen Konfransında çıxışı olduqca əhəmiyyətli olub.

Prezident İlham Əliyev Münhen Konfransında çıxışı zamanı ekoloji təhlükəsizlik məsələlərinə də toxunaraq Azərbaycanın Ermənistan tərəfindən Araz çayı vasitəsilə ekoloji təhlükəyə məruz qaldığını bildirib. Bu da Azərbaycan dövləti üçün çox əhəmiyyətli məsələdir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm