Hasan Oktay: “Azərbaycan 6 saata torpaqlarını azad edə bilər” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Hasan Oktay: “Azərbaycan 6 saata torpaqlarını azad edə bilər” - MÜSAHİBƏ

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a müsahibəsində Qarabağda gedən döyüşləri şərh edir.

“Ermənistan artıq Qarabağı əlində saxlaya bilmir”

- Cəbhədə döyüşlər davam edir. Uzun müddətdən sonra qarşıdurmanın başlaması səbəbini nədə görürsünüz?

- Dağlıq Qarabağda mövcud status-kvo böhranın böyüməsinə səbəb olur. 24 ildir davam edən bu vəziyyət qəbuledilməzdir. Azərbaycan status-kvonu dəyişmək istəyir, Ermənistan isə mövcud vəziyyəti saxlamaq üçün hər şeyə əl atır. Digər tərəfdən, Ermənistan Qarabağda işğalçı siyasətini gizlətmək üçün davamlı olaraq məsələni başqa istiqamətə yönəldir. Lakin iqtisadi baxımdan Ermənistan artıq Qarabağı əlində saxlaya bilmir. Çünki bu ölkə hər keçən gün daha da kasıblayır. Erməni xalqı ölkə daxilindəki kasıbçılıqdan narahatdır və bu ölkə davamlı olaraq köç dalğası ilə qarşılaşır. Azərbaycan isə işğaldakı torpaqlarını azad etmək üçün çalışır. Amma haqlı olmağına rəğmən, hər keçən gün Azərbaycanın əleyhinə işləyir. Bu iki vəziyyət Qarabağda vəziyyəti kəskinləşdirir. Ona görə də hər xırda gərginlik qarşıdurmaya səbəb olur. Son günlər davam edən qarşıdurmanın psixoloji səbəbləri burdan qaynaqlanır.
Belə görünür ki, Ermənistan Azərbaycanın azad etdiyi iki kənd və strateji nöqtəni yenidən işğal etmək üçün hücuma keçib. Çünki İrəvan azad olunmuş yerləri yenidən işğal edərək, xalqı qarşısında özünü qəhrəman elan etmək və sadə ermənilərin kasıbçılıqla bağlı etirazlarını susdurmaq istəyir. Buna görə də Ermənistanı təxribat hücumlarının davam edəcəyi gözləniləndir.

“Görünür, ABŞ-dakı toplantıda nəsə olub və Ermənistan cəbhədə hərəkətə keçib”

- Maraqlıdır ki, Ermənistan tərəfi cəbhədə təxribata əl atması Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə təsadüf edir.

- Bu döyüşlərin əsas nöqtəsi ABŞ-dakı toplantıdır. Görünür, toplantıda nəsə olub və Ermənistan birdən-birə cəbhədə hərəkətə keçib. Ermənistanın bu hərəkətinin arxasında Rusiyanın olduğu və Moskvanın ABŞ-dakı toplantını pozmaq üçün belə bir addım atdığını deyə bilərik. Çünki Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü heç kim əlindən çıxarmaq istəmir. Maraqlıdır ki, ABŞ-da bağlı qapılar arxasında sanki Qarabağla bağlı yenilik olduğuna dair fikirlər ortaya çıxdı, qəfil cəbhədə döyüşlər başlandı və dünyanın diqqəti bura yönəldi.

- Vaşinqtonda Con Kerrinin Prezident İlham Əliyevlə Dağlıq Qarabağ haqda müzakirələr aparması və bu müzakirələrdə Serj Sarkisyanın olmaması da diqqət çəkdi. Bunu necə şərh edərsiniz?

- Ehtimal etmək olar ki, ABŞ-ın Əliyev və Sarkisyanı Vaşinqtonda görüşdürmək istəyi Rusiyanı hərəkətə keçirib. Rusiya xüsusilə Ukrayna və Suriya böhranından sonra dünyada özünə qarşı bir həmlə edilə biləcəyi ehtimalını ön planda tutur. Belə bir vəziyyətdə Rusiyanın Qarabağda təşəbbüsü əlindən qaçırmamaq və ABŞ-dakı toplantının təsirini azaltmaq üçün Ermənistan üzərindən cəbhədə gərginliyi artırması ehtimalı var. Bu situasiya yaxın gələcəkdə Qarabağa diqqəti daha da artıracaq.

“Azərbaycan 6 saatlıq hərbi əməliyyatla torpaqlarını işğaldan azad edə bilər”

- Baş verənlər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnə bilərmi?

- Azərbaycan üçün Qarabağ olduqca önəmlidir. Bu döyüşlərin nəticəsində bütün dünyanın diqqəti Qarabağa yönəlmişkən, Azərbaycan diplomatik kanalları işə salaraq ərazilərini sülh yolu ilə işğaldan azad etməlidir. Müharibə regional olmaqdan çıxa, bəlkə də Rusiyanın özünə də sıçraya bilər. Buna görə də müharibə ən son variant olmalıdır. Amma digər versiyadan çıxış etsək, Azərbaycan 6 saatlıq hərbi əməliyyatla torpaqlarını işğaldan azad edə bilər. Fikrimcə, hazırda diplomatiya dərhal işə salınmalıdır. Bütün beynəlxalq təşkilatlarda Azərbaycan öz haqlı mövqeyini müdafiə etməlidir.

“Ermənistan Qarabağın yükünü daşıya bilməyəcək”

- Türkiyə Azərbaycana bu məsələdə dəstək verir. Əgər genişmiqyaslı müharibə olarsa, Ankaranın dəstəyi necə olacaq?

- Müharibə ən son variantdır və bütün müharibələr sülh üçün edilir. Fikrimcə, Ermənistan bölgədə Qarabağın yükünü artıq daşıya bilməyəcək. Eyni zamanda, Azərbaycan da hazırki gərginliyi dəstəkləmir. Buna görə də hər iki tərəf bu vəziyyətdən istifadə etmək istəyənlərə fürsət vermədən, danışıqlara başlamalıdır.
Türkiyəyə gəlincə, bütün şərtlərdə Azərbaycanın yanındadır. Buna heç kimin şübhəsi olmasın. Lakin müharibə yox, diplomatiya qalib gəlməlidir. Rusiya da Qarabağ məsələsində özünə qarşı bir cəbhənin açılacağı qorxusuna qapılmamalı, regional sülh üçün Qarabağın gələcəyi tezliklə dəqiqləşdirilməlidir. Əgər gərginlik belə davam edərsə, bu vəziyyət Rusiya üçün da təhlükələr yaradacaq. Buna görə də diplomatiyadan çəkinməmək lazımdır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm