Komitə sədri: “Ermənistan sülhün bərqərar olmasına mane olur” – FOTOLAR
Bizi izləyin

Nida.az

Komitə sədri: “Ermənistan sülhün bərqərar olmasına mane olur” – FOTOLAR

“Azərbaycan dövləti gənclərin cəmiyyətin bütün sferalarında fəaliyyətlərinin təmin olunması üçün hər şəraiti yaradıb”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində təşkil edilən “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: Nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu” mövzusunda paneldə çıxışı zamanı bildirib.

Komitə sədri deyib ki, bütün cəmiyyətlərdə gənclərə verilən qiymət gənc nəslin özünə əminlik yaradır: Onun sözlərinə görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq uzun illərdir sivilizasiyalar arası dialoq sahəsində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilir: “Həmçinin, Azərbaycanın multikulturalizm modelinin təbliği istiqamətində də Fondun dünyaya verdiyi töhfələr böyükdür. Məhz elə bu mühüm Qlobal Forumun Azərbaycanda keçirilməsi buna əyani sübutdur. Statistik göstəricilərə görə, Azərbaycan əhalisinin 28 faizini gənclər təşkil edir. Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin etmək məqsədilə dövlət gənclər siyasəti hazırlanıb və müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapır ki, burada da gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı, həmçinin gənc ailələrə dövlət yadımı nəzərdə tutulub”.

F.Muradov xatırladıb ki, Azərbaycanda 1997-ci ildən bəri “Gənclər günü” qeyd edilir: “Bu da biz gənclərin həyatında mühüm, əlamətdar hadisədir. Bir sözlə, onu ifadə etmək istərdim ki, Azərbaycan hökuməti daima gənclərin yanındadır, onların problemlərinin həlli üçün çalışır, cəmiyyətə inteqrasiyası üçün əlindən gələni edir. Prezident İlham Əliyevin bu yöndə sərəncamları, fərmanları hər bir gənc tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir”.

Ermənistanın işğalçılıq siyasətinə də toxunan F.Muradov qeyd edib ki, erməni qəsbkarları 20 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyünü pozub və sülhün bərqərar olmasına mane olur: “Biz çalışırıq ki, öz haqq səsimizi dünya ölkələrində eşitdirək və torpaqlarımızın azad olunması üçün dünya birliyinin dəstəyini qazanaq. Belə olan təqdirdə beynəlxalq layihələrdə iştirakımızı daha da gücləndirmiş olarıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm