Ukraynada işidsayağı edam, Ərdoğandan Putinə jest, müharibə başladı... - GÜNÜN XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Ukraynada işidsayağı edam, Ərdoğandan Putinə jest, müharibə başladı... - GÜNÜN XÜLASƏSİ

Bu günün əsas hadisəsi heç şübhəsiz ki, Böyük Britaniyada Avropa Birliyinə (AB) üzvlüklə bağlı keçirilən referendumdur ("Brexit"). Bu gün dünyanın diqqəti "Dumanlı Albion"dan gələcək cavaba yönəlib: Britaniya AB-də qalacaq, yoxsa "köhnə qitə"nin tarixində yeni bir dövr başlanacaq?

"Brexit"in qiyməti: Birləşmiş Krallıq üçün üç qorxunc ssenari

Son aylar ərzində dünyanın maliyyə və analitik mərkəzləri, maliyyə qurumları bu hadisənin mümkün nəticələri ilə bağlı öz proqnozlarını təqdim ediblər. Ekspertlərin əksəriyyəti bu fikirdədir ki, "Brexit"in nəticələrini qabaqcadan dəqiq proqnozlaşdırmaq mümkün deyil, çünki bu, Britaniya və AB-nin tarixində görünməmiş hadisədir.

Britaniyanın Maliyyə Nazirliyi Avropa blokundan mümkün çıxışla əlaqədar üç ssenari hazırlayıb. Ssenarilər AB ilə işgüzar münasibətlərin inkişafının istiqamətlərini özündə birləşdirir. Onların hər birində Britaniya ailəsi üçün maliyyə və iqtisadi itkilər nəzərdə tutulub.

Referendumun ilkin nəticələri gecə saatlarında açıqlanacaq.

Separatçilardan ŞOK VİDEO – DİRİ-DİRİ BASDIRDILAR

Adətən İŞİD terror qruplaşması tərəfindən həyata keçirilən dəhşətli edam üsullarından biri Donbasda tətbiq edilib. İnternetdə Şərqi Ukraynada törədildiyi iddia edilən dəhşətli bir cinayətin görüntüləri yayılıb.

Qısa videoçarx Rusiyanın "TV Zvezda" kanalı tərəfindən yayılıb. Görüntülərə görə, üzü maskalı şəxslər əsir aldıqları bir hərbçini döyəndən sonra onun ayaqlarını bağlayır və məzara itələyərək üstünə torpaq atırlar. Videoçarxda Ukrayna dilində deyilən "o hələ ölü deyil" sözlərini eşitmək olur. Telekanal iddia edir ki, rusmeylli separatçını diri-diri basdıranlar Ukrayna əsgərləridir. Ukraynanın Müdafiə Nazirliyi videonu saxta adlandırıb.

Müharibə başladı – bütün silahlardan istifadə edilir

Ukraynanın şərqində anti-terror əməliyyatları zonasında vəziyyət gərginləşməkdə davam edir.

Ukrayna Silahlı Qüvvələri Baş qərargahının məlumatına görə, iyunun 22-də separatçıların nəzarətində olan ərazidən 300-dən çox minaatan və 160-dan çox top mərmisi atılıb. Həmçinin, düşmən snayperləri aktiv şəkildə işləyir. Baş qərargahdan bildirilir ki, döyüş əməliyyatları 2015-ci ilin avqust ayının səviyyəsində aparılır. Bildirilir ki, rəqib bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinə qarşı ağır silahlardan, xüsusi halda 82 və 120 millimetr kalibrli minaatanlardan, həmçinin 122 və 152 millimetr kalibrli toplardan istifadə edir.

Donetsk istiqamətində vəziyyətin daha mürəkkəb olduğu bildirilir. Baş qərargahdan verilən məlumata görə, bütün cəbhə boyu bütün mövcud silahların tətbiqi ilə atəşkəs pozulur. Hazırda ən qaynar nöqtələr Qorlovka şəhərətrafı, Avdeyevsk sənaye ərazisi və Pesok rayonudur.

Moskvadan Ankaraya JEST– Görüş Soçidə keçirilə bilər

Təxmin 7 aylıq fasilədən sonra Rusiya-Türkiyə münasibətləri qaydaya düşür. Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzyanın sözlərinə görə, Rusiya Türkiyəni iyulun 1-də Soçidə keçiriləcək Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına dəvət edib.

Toplantı çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş istisna edilmir.

Ərdoğan Putinə jest edəcək və Putin…

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə "Sputnik" agentliyinə açıqlamasında maraqlı bir iddia irəli sürüb. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə jest edəcək.

"Çox güman ki, Ərdoğan Putinə diplomatik bir jest edəcək. Putin də bunu üzr kimi dəyərləndirəcək. Daha sonra münasibətlərin normallaşdırılması mərhələsinə keçəcəklər", - diplomat deyib.

Nazarbayevdən sərt sözlər: "MDB "amorf təşkilat"dır"

"Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı amorf təşkilatlara çevrilməməlidir". Bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev "Rossiya 24" telekanalına deyib. O, artıq Müstəqil Dövlətlər Birliyinin (MDB) "amorf təşkilat" çevrildiyini bildirib.

"Mən həmçinin Avrasiya İqtisadi İttifaqı ilə bağlı narahatam", - Nazarbayev əlavə edib.

Almaniyada kinoteatra silahlı hücum

Axşam saatlarına yaxın Almaniyada Firnhaym şəhərində silahlı şəxsin kinoteatra hücum etdiyi xəbəri yayıldı. Məlumata görə, hadisə nəticəsində 20-dən 50-ə qədər insan yaralanıb.

"Reuters" agentliyi silahlının vurularaq öldürüldüyünu xəbər verib. Bəzi iddialara görə, onun əlində silah deyil, qaz tapançası olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm