Qarabağ üçün son 6 gün, 28 illik səltənətin sonu, prezidenti “öldürən” Moskva... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Qarabağ üçün son 6 gün, 28 illik səltənətin sonu, prezidenti “öldürən” Moskva... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Özbəkistan prezidenti İslam Kərimovun taleyi ilə bağlı bütün həftə ərzində yayılan şayiələrə nəhayət ki, son qoyuldu. Rusiya prezidenti Vladimir Putin onun ölkəsinin torpaqlarına göz dikənlərə sərt mesaj verdi. Çətin görünsə də, mümkünsüz görünmür: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə görüşə bilər.

Özbəkistan prezidenti İslam Kərimov vəfat etdi

Özbəkistan prezidenti İslam Kərimovun taleyi ilə bağlı gün ərzində müxtəlif məlumatlar yayıldı.

Üç diplomatik mənbələrə istinadən"Reuters" agentliyi dövlət başçısının öldüyünü yazdı.

"Fərqanə" agentliyi isə İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərinin bir neçə gündür sürətlə aparıldığını xəbər verdi.

Özbəkistan tərəfi rəsmi informasiya verməsə də, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Rusiya prezidenti Vladimir Putin, ABŞ Dövlət katibi Con Kerri, Qırğızıstanın baş naziri Sooronbay Jenbekov və Tacikistan prezidenti Emomali Rahmonun dəfndə iştirak etmək üçün Özbəkistana gələcəyi haqda məlumatlar yayıldı.

Türkiyənin baş naziri Binəli Yıldırım İslam Kərimovun ölümü ilə əlaqədar baş sağlığı verib. Bu səviyyədə baş sağlığın verilməsi İslam Kərimovun ölümü ilə bağlı şayiələrin həqiqiliyinə şübhə yeri qoymadı.

Nəhayət axşam saatlarında Özbəkistan hökuməti İslam Kərimovun öldüyünü rəsmən təsdiqlədi. Bu barədə məlumat Özbəkistan Nazirlər Kabinetinin rəsmi saytında məlumat yerləşdirildi.

İslam Kərimovun sentyabrın 3-də doğma şəhəri Səmərqənddə dəfn olunacağı bildirilir. İslam Kərimovun cənazəsi paytaxt Daşkənddən Səmərqənd şəhərinə gətirilib. Sentyabrın 3-də şəhər aeroportu uçuş və enişə xüsusi icazəsi olmayan bütün təyyarələr üçün bağlanacaq.

Qeyd edək ki, İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunista Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. İ.Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

Putindən SON ADDIM: rayonların qaytarılacağı vaxt açıqlandı

Sentyabrın 8-də Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Ermənistan mediası Moskvanın rayonların qaytarılması ilə bağlı məsələnin həlli üçün 8 sentyabrda son və ən güclü cəhdini edəcəyini yazıb.

"Lragir" saytında yayımlanan Naira Ayrumyanın müəllifi olduğu məqalədə deyilir ki, aprel müharibəsindən sonra keçirilən Vyana görüşündə təmas xəttində nəzarət mexanizminin yaradılması gündəmə gəldi: "Həmin görüşün detalları məlum deyil. Amma görünür, Qərb mexanizmin qurulmasında israr edir Buna qarşı çıxan Rusiya isə mexanizmlərin yeni sərhədlər yaradıldandan sonra qurulmasını təklif edir".

Müəllif yazır ki, yeni sərhədlər rayonların qaytarılmasından sonra yaradılacaq: "Hansı ki, planda 5, yaxud 2 rayonun qaytarılması var. İrəvandakı qiyama qədər Moskva rayonların qaytarılması məsələsini sona çatdıracaqdı. Lakin gözlənilməz olan bu hadisələr prosesi təxirə saldı. İndi Rusiya prosesi yenidən canlandırır".

Məqalədə bildirilir ki, Qarabağ münaqişəsinin həlli düz xəttə çıxıb.

"Rusiya Ermənistanı güzəştə məcbur etmək üçün son cəhdlərini edir. Sentyabrın 8-də Moskvada baş tutacaq görüş də bu cəhdlərdəndir", - deyə müəllif qeyd edib.

Putin: "Rusiya öz əraziləri ilə ticarət etmir"

Rusiya prezidenti Vladimir Putin "Bloomberg" agentliyinə müsahibəsində onun ölkəsinin torpaqlarına göz dikənlərə sərt mesaj verib.

O, Rusiyanın öz əraziləri ilə ticarət etmədiyini, bunun qeyri-mümkün olduğunu deyib. Kuril adaları ətrafında Yaponiya ilə ərazi mübahisəsini şərh edən Putin sözlərinə görə, Moskva "yapon dostları" ilə bu problemin həllini tapmağı çox istəyir.

Sovet İttifaqı və Yaponiya tərəfindən 1956-cı ildə imzalanmış bəyannamə demək olar ki, adaların ətrafında yaranan mübahisəni həll edib. Putin xatırladıb ki, məhz yapon tərəfi sülh müqaviləsini imzalamaqdan imtina edib.

Yaponiya 1855-ci il müqaviləsinə istinad edərək dörd adaya iddia edir. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya Müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib.

Putin həmçinin Kalininqrad vilayətinə iddia edənlərə "Pandora qutusu" xəbərdarlığı edib.

"Əgər kimsə İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxma istəyirsə, gəlin bu mövzuda mübahisə etməyə cəhd edək. Amma bütövlükdə Kalininqrad üzrə müzakirələr aparmamaq lazımdır, bütovlükdə Almaniyanın şərq torpaqları üzrə müzakirələr aparılmalıdır. Oralar Polşanın bir hissəsi idi və sair. Əgər kimsə "Pandora qutusu"nu açmaq və onunla işləməyə başlamaq istəyirsə, buyurun, əllərində bayraq başlayın", - Rusiya lideri burğulayıb.

Ərdoğan Əsədlə görüşəcək? – ŞOK İDDİA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın sonuna kimi Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.

Bu haqda Livanın "As Safir" qəzeti yazıb. Məlumata görə, Türkiyə və Suriya prezidentlərinin görüşü 18-22 sentyabr aralığında olacaq. Nəşrin iddiasına görə, Türkiyə prezidenti avqustun 9-da Sankt-Peterburqa səfəri zamanı Suriya nümayəndə heyəti Moskvada olub.

Bu XƏRİTƏ Qərbi dəli edəcək

Türkiyənin avqustun 24-də başladığı "Fərat Qalxanı" əməliyyatında 400 kvadrat kilometrlik ərazi ələ keçirilib.

Azad Suriya Ordusunun məlumatına görə, bu ərazinin çoxu YPG-dən (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin qanadı – red.) alınan kəndlərdir. Hər fürsətdə ABŞ-a "YPG Fərat çayının şərqinə çəkiləcək" öhdəliklərini xatırladan Türkiyə YPG-yə aid mövqeləri vurmağa başlayıb. Ankaranın yaxından dəstəklədiyi Azad Suriya Ordusunun birlikləri ilə YPG arasında şiddətli qarşıdurmalar baş verib, bəzi YPG-lilər öldürülüb, bəziləri də tutulub.

Cerablus əməliyyatına qatılan və Azad Suriya Ordusunun tərkibində döyüşən "Faylak-us Şam" qrupunun "Twitter" hesabında alınan kəndlərin adları və kimdən alındığı ilə bağlı məlumatlar yerləşdirilib. Məlumata görə, indiyə kimi 47 kənd ələ keçirilib. Bunlardan 20-si İŞİD-dən alınıb, digər 27 kənd isə Münbiç əməliyyatı zamanı Fəratın şərqindən qərbinə keçən YPG-nin ələ keçirdiyi ərəb və türkman kəndləridir.

Merkeldən Ermənistana ağır zərbə: "Erməni soyqırımı"...

Almaniya hökuməti parlamentin (bundestaq) qəbul etdiyi qondarma "erməni soyqırımı" ilə bağlı qətnaməni tanımaq niyyətində deyil.

Bu haqda diplomatik mənbəyə istinadən "Der Spiegel" qəzeti bildirib. Diplomatik mənbənin sözlərinə görə, hökumətin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyanatla çıxış edərək bundestaqın qəbul etdiyi qətnamənin hökumət üçün məcburi xarakterə malik olmadığını açıqlayacaq. Mənbə qeyd edib ki, Şteffan Zaybert qətnaməni hüquqi qiymətə malik olmayan siyasi bəyanat adlandıracaq.

Mənbə bildirib ki, bu, Berlinin Ankaraya "siyasi jesti" kimi qiymətləndirilə bilər. Almaniya hakimiyyəti bu addıma cavab olaraq Türkiyənin İncirlik təyyarə bazasına alman deputatlarının buraxılacağını gözləyir.

Xatırladaq ki, Almaniya Bundestaqı iyunun 2-də "erməni soyqırımı"nı tanıyan qətnamə qəbul edib. Bundan sonra Türkiyə alman deputatların İncirlik bazasında almaniyalı əsgərlərə baş çəkməsinə icazə verməyib.

Türkiyədə şiddətli döyüşlər: 24 ölü, 24 yaralı

Türkiyənin Hakkari vilayətinin Çuxurca və Van vilayətinin Çaldıran mahallarında PKK terrorçularına qarşı əməliyyat keçirilib.

PKK terrorçuları ilə baş verən qarşıdurmada 1 əsgər şəhid olub, 6 əsgər yaralanıb. Hakkari valisi Orhan Toprak 20-dən çox PKK-çının ölü ələ keçirildiyini bildirib.

Van vilayətinin Çaldıran mahalında baş verən qarşıdurmada 3 kənd mühafizəçisi şəhid olub, 18-i yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin qırıcıları Çuxurca çölündə PKK-ya aid 2 hədəfi məhv edib.

Faktlar açıqlanır – "Prezidentin öldürülməsi Moskvanın hədəfi idi" – ŞOK İTTİHAM

"Smolensk yaxınlığında Polşa prezidenti Lex Kaçinskinin olduğu Tu-154M təyyarəsinin qəzası Moskvanın hədəfi idi".

Bu haqda Polşanın Müdafiə naziri Antoni Masereviç "Rzeczpospolita" nəşrinə müsahibəsində deyib. Daha əvvəl isə Polşanın Müdafiə Nazirliyi bildirib ki, tezliklə aviaqəza üzrə yeni materiallar təqdim ediləcək. Masereviç qeyd edib ki, söhbət Tu-154M ekipajının danışıqlarının yeni audioyazılarından gedir.

"Rusiya dispetçerləri və hakimiyyətin hərəkətlərinin hədəfi prezident Kaçinski və bütöv nümayəndə heyətinin içində olduğu təyyarənin qəzası idi. Biz hazırda əsl sübutlara malikik. Onları Millerin (Smolensk qəzası ilə bağlı əvvəlki araşdırma komissiyası – red.) komissiyası gizlədirdi. Biz bu komissiyanın üzvlərinin dəhşətli etiraflarına malikik", - Masereviç bildirib.

Onun sözlərinə görə, qəzaya aid olan materiallar bu ilin oktyabrında elan ediləcək.

Qeyd edək ki, keçmiş Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi 10 aprel 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğrayıb. Nəticədə prezident və xanımı da daxil olmaqla təyyarədəki 96 nəfər həlak olub. Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi.

Ötən ilin dekabrında Polşanın mədəniyyət nazirinin müavini Yaroslav Selina "Polşa radiosu"na açıqlamasında bildirdi ki, Tu-154M təyyarəsi havada partladılıb. Onun sözlərinə görə, Polşa hökuməti bununla bağlı təkzibedilməz sübutlar əldə edib: "Tu-154M təyyarəsinin uçuş zamanı partladıldığı sübut edilib. Təyyarə havada dağılmağa başlayıb". – nazir müavini deyib.

Smolensk vilayət administrasiyasından bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub. 2011-ci ilin yanvarında Beynəlxalq Aviasiya Komitəsi aviaqəzanın araşdırılması haqqında son məruzəni açıqlayıb və faciəyə görə pilotların məsuliyyət daşıdığını bəyan edib.

Polşa mütəxəssisləri isə Beynəlxalq Aviasiya Komitəsinin yekun rəyi ilə razılaşmadılar. Varşava Moskvanı sənədləri gizlətməkdə və saxtalaşdırmaqda ittiham etdi.

Maraqlıdır ki, Rusiya təyyarənin qalıqlarını indiyə kimi Polşaya verməyib.

Rusiyanın müstəqil jurnalisti Aleksandr Sotnik bunun heç də təəccülü olmadığını bildirir. "Putin qəzaya uğrayan təyyarənin qalıqlarını polyaklara verməyə hazırlaşmır. Hər şey məntiqlidir", - jurnalist "Facebook" səhifəsində yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm