Eldar Sabiroğlu köhnə və yeni nazirlərdən danışdı
Bizi izləyin

Nida.az

Eldar Sabiroğlu köhnə və yeni nazirlərdən danışdı

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi, istefada olan polkovnik Eldar Sabiroğlunun Publika.az-a müsahibəsi:

– Avqustun 10-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüş keçirilib. Sizcə, bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı təsiri ola biləcəkmi?

– Rusiya ilə münasibətlərin gərginləşməsinə yol vermək olmaz. Bu mənada Azərbaycan dövlətinin apardığı siyasət təqdirəlayiqdir. Ancaq fakt ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin əsas səbəblərindən biri də ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın bu problemə müəyyən maraqlar çərçivəsində yanaşması ilə bağlıdır. Bu elə açıq məsələdir ki, onu ciddi araşdırmağa ehtiyac da yoxdur. Hər şey açıq-aşkar göz qabağındadır. Torpaqlarımızın işğalı faktı Rusiyanın Ermənistana hərbi yardımı nəticəsində baş tutub. Doğrudur ki, o zaman baş verən daxili çəkişmələrin təsirini də kənara atmaq olmaz. Ancaq torpaqlarımızın işğalında Rusiyanın birmənalı rolunu sübut edən kifayət qədər dəlil gətirmək olar.

İndiyədək Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinə dair ikitərəfli və üçtərəfli danışıqlar çox olub. Amma onlardan heç birinin konkret nəticəsi olmayıb.

Sonrakı illərdə də keçiriləcək görüşlərin nəticəsinin də eyni olacağına heç kəsin şübhəsi yoxdur. Çünki münaqişə vəziyyətini yaradan və idarə edən məhz Rusiyadır.

– Soçi görüşünün nəticəsi olaraq Rusiyanın Xarici İşlər Nazirliyi və Ermənistan tərəfi bəyan etdi ki, ATƏT-in Minsk qrupu münaqişənin müharibə yolu ilə həllini istəmir və sairə. Münaqişə müharibə yolu ilə həll edilmirsə, o zaman bir yol qalır. Bu da sülh yolu. Ancaq 20 ildən çoxdur ki, Ermənistan tərəfi sülh yolunu istəmir. Sizcə, yaranmış belə bir vəziyyətin sonu necə olacaq?

– İndi maraqlı cəhətlərdən biri də odur ki, Rusiya da daxil olmaqla, Minsk qrupunun digər üzv ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə yolunu istisna edirlər. Elə Ermənistan rəhbərliyi də bunu təkid edir. O zaman belə çıxır ki, guya Azərbaycan müharibə istəyir. Bu, tamamilə kökündən yanlış olan məsələdir. Azərbaycan rəhbərliyi dəfələrlə öz bəyanatlarında bildirib ki, biz müharibə tərəfdarı deyilik, yenidən insan qanı tökülməsini istəmirik və münaqişənin sülh yolu ilə həllini istəyirik. Ancaq sonadək də torpaqlarımızı işğal altında qoya bilmərik.

Təsəvvür edin ki, torpaqlarımızı işğal edənlər həm də sülh istəyir. Burada paradoks bundan ibarətdir. Halbuki problemin sülh yolu ilə həlliylə bağlı ilk dəfə çıxış edən tərəf də məhz Azərbaycan dövləti olub. Ulu öndər Heydər Əliyevin vaxtında atəşkəs elan olunub və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verilib. Bütün bunları yaddan çıxarmaq olmaz.

Çox qəribəsi də odur ki, hətta erməni katolikosu, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktubunda da sülhsevər olduqlarını nümayiş etdirməyə çalışır. Bütün bunların hamısı siyasi gedişlərdir. Ermənilər bununla dünyaya göstərmək istəyir ki, guya Ermənistan müharibə istəmir, müharibəni istəyən Azərbaycandır və sairə.

– Prezidentlərin Soçi görüşü ərəfəsində Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanı Mingəçevir Su Elektrik Stansiyasını partlatmaqla hədələyib. Ona cavabınız necə olardı?

– Bilirsiniz, Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyan hər zaman belə görüşlərdən sonra ölkəsinə qayıdan kimi Azərbaycan əleyhinə bu cür bəyanatlar verilir. Bütün bunların hamısı xülyadır. Serj Sarkisyan, Seyran Ohanyan və onun cinayətkar dəstəsi də çox yaxşı bilir ki, Azərbaycan Silahlı Qüvvələri hansı gücə malikdir. Mən dəfələrlə qeyd etmişəm və yenə də bildirirəm. Ermənistanın arxasından onu müdafiə edən ölkələr çəkilsə, münaqişə çox tez həllini tapar. Hətta müharibə etməyə ehtiyac qalmaz. Çünki Ermənistan bəzi dövlətlərə arxayındır. Ona görə işğalçılıq siyasətini hələ də davam etdirir. Mən sizə bir fakt deyim. Cəbhə xəttində baş verən son hadisələr zamanı Azərbaycan ordusuna məxsus olan qırıcı təyyarələr hava məkanımızda, o cümlədən düşmənlə təmas xəttində uçuşlar etdi. Bu uçuşlardan bir gün sonra isə Rusiyaya məxsus olan 102-ci bazanın bombardmançı “MiG” və “Su-20” təyyarələri Ermənistanın hava məkanında uçuşlar etdilər. Bütün bunlar nəyə işarə idi? İndi də onlar birgə təlimlər keçirməyə hazırlaşır.

Ermənistan bizi Mingəçevir Su Elektrik Stansiyasını partlatmaqla çox hədələyir və bunu Seyran Ohanyan da həyasızcasına öz bəyanatında bildirib. Lakin bu elə asan məsələ deyil. Çünki Mingəçevir Su Elektrik Stansiyasını qoruyan kifayət qədər radar sistemi qurulub. Bu radar sistemləri hər hansı raket havaya qalxan zaman dərhal tutur və digər raket sistemi ilə isə onu zərərsizləşdirir. Ona görə də Ermənistan tərəfi bunu əsla edə bilməz.

Hətta Azərbaycanda elə silahlar var ki, biz istənilən vaxtı Ermənistanın çox mühüm obyektlərini vura bilərik. Bunun ziyanını isə Ermənistan əhalisi çəkər. Ona görə də Ermənistan rəhbərliyi bu cür bəyanatlar verəndə yaxşı düşünsünlər.

İnsan qatili, Xocalıda körpə uşaqların başlarını kəsən və buna göstərişlər verən cinayətkar Serj Sarkisyan yaxşı-yaxşı düşünməlidir. Çünki onların başqa əlacı qalmayıb. O torpaqlar azad olunacaq və Azərbaycana qaytarılacaq. Elə düşünməsinlər ki, onların cinayətkar əməlləri uzun sürəcək.

– Bəs Qarabağ münaqişəsinin həllini nədə görürsünüz?

– Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun indiyədək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyəti heç bir səmərə vermədi. Ona görə də indi BMT bu münaqişənin həlli məsələsini öz üzərinə götürməlidir.

Digər tərəfdən isə, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsi var və Ermənistan həmin sənədin tələblərini yerinə yetirməyib.

Təsəvvür edin ki, əgər vəziyyət əksinə olsaydı və həmin qətnamələr Azərbaycan əleyhinə çıxarılsaydı, o zaman hansı fəallıq hiss olunardı?

– Azərbaycanın indiki müdafiə naziri, general-polkovnik Zakir Həsənovun fəaliyyətini istefada olan polkovnik kimi necə qiymətləndirirsiniz?

– Əlbəttə ki, irəliləyişlər var və mən bunu inkar etmirəm. Ümumiyyətlə, Azərbaycan ordusu çox güclüdür. Azərbaycan ordusunun şəxsi heyətinin döyüş qabiliyyətinin yüksəldilməsi istiqamətində indiyədək görülmüş işlər də son günlər cəbhə xəttində yaranmış vəziyyət zamanı da özünü göstərdi.

– Səfər Əbiyevin nazir olduğu dövrdə çalışmış generallardan bir çoxu bu gün istefadadır. Son vaxtlar bu məsələ ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr aparılır. Bu barədə deyilənlərlə razısınızmı?

– Mən bu barədə hər hansı araşdırma aparmadığım üçün konkret cavab verə bilmərəm.

– Bəzi mətbu orqanlarda Səfər Əbiyev həm də “kabinet generalı” kimi təqdim olunur. Bəs bu məsələyə fikriniz necədir?

– Bunu kimlər deyir, bilmirəm. Hər kəsin öz fikri var. Ancaq mən hər iki generalın (Redaktor: Səfər Əbiyev və Zakir Həsənovu nəzərdə tutur) fəaliyyətini təqdir edirəm. Bu məsələ barədə isə çox danışmaq istəmirəm.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm