XİN Dövlət Departamentinin sözçüsünün Qarabağ şərhinə cavab verdi
Bizi izləyin

Nida.az

XİN Dövlət Departamentinin sözçüsünün Qarabağ şərhinə cavab verdi

“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğu regional sülh və sabitlik üçün ən başlıca təhlükədir”.


Publika.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psakinin cəbhə xəttində yaranmış gərginlik ilə əlaqədar söylədiklərini şərh edərkən deyib.


XİN sözçüsü bildirib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən də deyildiyi kimi tərəflər sülh saziş üzrə danışıqlarda iştirak etməlidirlər: “Amma təəssüf ki, Ermənistan təxribatçı əməlləri ilə hər vəchlə Böyük sülh sazişi üzrə işə başlamağa mane olmaq siyasəti yürüdür. Cəbhəboyu zonada yaranan son gərginlik də bunun daha bir bariz nümunəsidir”.


H. Hacıyev Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının vacibliyini bir daha vurğulayıb.


“ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlərin qarşısının alınmasına da eyham olunur. Azərbaycan tərəfindən dəfələrlə bildirilib ki, bu kimi insidentlərin baş verməsinin qarşısının alınması və ümumiyyətlə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”, - deyə XİN sözçüsü qeyd edib.


Qeyd edək ki, C. Psaki ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulması hallarının artmasından narahat olduğunu dilə gətirib.

“Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir. ABŞ əvvəlki kimi münaqişənin danışıqlar yolu ilə Minsk qrupu çərçivəsində həllinin tərəfdarıdır. Biz Azərbaycan və Ermənistanı regionda sülhə gətirəcək danışıqlarda iştirak etməyə çağırırıq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm