Ölkədə daha bir siyasi partiya yaradılır – ÖZƏL
Bizi izləyin

Nida.az

Ölkədə daha bir siyasi partiya yaradılır – ÖZƏL

“Azərbaycan 2013” hərəkatının bazası əsasında bu il ölkədə yeni siyasi partiya yaradılacaq.


Bu barədə Publika.az-a hərəkatın təsisçisi, politoloq Ərəstun Oruclu məlumat verib.


Onun sözlərinə görə, yeni partiyanın proqramı müəyyən qədər hazırlanıb: “Əslində hərəkatın proqramı var və bunun üzərində müəyyən təkmilləşdirmələr aparılacaq. Partiyanın adı ilə bağlı müzakirələrimiz də gedir. Hələlik qərar olmadığı üçün bu haqda danışmaq istəmirəm. Lakin bu ilin sonuna kimi 100 faiz partiyanı təsis edəcəyik”.


Ə. Oruclu digər siyasi partiyalardan fərqlənən nüanslarını da açıqlayıb.


“Bizim üçün iqtisadiyyat əsas prioritetdir. Hesab edirik ki, bütün dəyişikliklərin, islahatların kökü iqtisadiyyatdan başlamalıdır. Əsas fərqimiz də bundadır. Azərbaycanda mövcud olan siyasi partiyaların, hərəkatların mütləq əksəriyyəti iqtisadi məsələlərə prioritet kimi baxmır. Halbuki, iqtisadiyyat siyasəti, eləcə də ictimai münasibətləri, hüququ da müəyyənləşdirən amildir. Xarici siyasət prioritetimiz isə avroatlantik məkana inteqrasiyadır. Hesab etmirik ki, Azərbaycan Rusiya tərəfə meyillənməlidir. Bütün mövcud münaqişələri, istər cəmiyyət daxili, istərsə Azərbaycanın ərazi bütövlüyünün azad olunmasını sülh yolu ilə görürük. Bu da bizim əsas prioritetimizdən irəli gəlir. Çünki iqtisadiyyat güclü olanda silaha ehtiyac olmur. Ən güclü silah elə iqtisadiyyatdır”- deyə o, vurğulayıb.


Politoloq bu il keçiriləcək parlament seçkilərinə namizədliyini vermək niyyətində olduğunu deyib. Lakin, o, partiya olaraq seçkiyə getməyəcəklərini bildirib: “Hərəkat, yaxud partiya olaraq seçkiyə getməyəcəyik. Biz müstəqil namizədlər klubu formasında seçkiyə qatılacağıq. Partiya quruculuğu da paralel olaraq aparılacaq. Lakin bir şeyi etiraf etməliyik ki, ölkədə siyasi şərait bizim istədiyimiz kimi deyil. Mən hərəkatın toplantılarında açıq şəkildə bunu bildirirəm və əsasən gənclərdən ibarət olan üzvlərimizi təhlükəyə atmaq istəmirəm. Ona görə də daha çox proqramlarla çıxış etməyə üstünlük veririk. Partiyanın qurulması bu baxımdan önəmlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm