Nida.az
Barak Obamanın ikiüzlülüyü
Rəsmi “Azərbaycan” qəzetinin bugünkü sayında ABŞ prezidentini kəskin tənqid edən yazı dərc olunub.
Publika.az “Barak Obamanın ikiüzlülüyü” başlıqlı həmin məqaləni
təqdim edir:
ABŞ Prezidenti Barak Obama 2009-cu ildə “beynəlxalq
diplomatiyanın möhkəmləndirilməsi və xalqlar arasında əməkdaşlığın
gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə” Nobel
mükafatına layiq görüldü. Bu, cənab Obamanın prezident
seçilməsindən cəmi 9 ay sonra baş verdi. ABŞ-ın ilk afro-amerikalı
lideri yüksək kürsüdə oturmamışdan əvvəl bəyan etmişdi ki,
ölkəsinin birtərəfli xarici siyasətindən imtina edəcək və Amerika
ilə yanaşı, həm də digər dünya ölkələrinin maraqlarını qoruyacaq.
O, hətta İranla danışıqlar masasına oturacağını və Quantanamo
həbsxanasını bağlayacağını vəd etmişdi. Amerikalıların və bütün
dünyada bir çox insanların gözündə Obama sülh və davamlı sabitliyi
tərənnüm etdirən dövlət başçısı kimi rəğbət doğururdu. Ancaq
müdriklərin dediyi kimi, yalnız böyük şəxsiyyətlər öz əməlləri ilə
bəyan etdikləri yüksək idealları təsdiqləyirlər.
ABŞ-ın Corc Vaşinqton universitetinin professoru Marta Finnemor
və dosent Henri Farrelin “Foreyn Affairs” nəşrində dərc etdikləri
“İkiüzlülüyün sonu. Amerikanın xarici siyasəti sızınıtılar əsrində”
başlıqlı məqalədə ABŞ-ın, xüsusilə də Barak Obama
Administrasiyasının həyata keçirdiyi xarici siyasəti ikiüzlülüyün
bariz nümunəsi kimi xarakterizə etmişlər. Müəlliflərin fikrincə,
“ikiüzlülük - başqalarını öz hərəkətlərinin legitimliyi ilə
razılaşmağa əmin etmək üçün Vaşinqtonun həyata keçirdiyi “yumşaq
güc” siyasətinin vacib tərkib hissəsidir”. Ancaq ABŞ ordusunun
qulluqçusu Bredli Menninqin “Wikileaks”a ötürdüyü yüz minlərlə
məxfi məlumatın açıqlanmasından və ABŞ Milli Təhlükəsizlik
Agentliyinin analitiki Edvard Snoudenin Amerikanın casus
proqramlarını ifşa etməsindən sonra, “Vaşinqton ikiüzlülüyünün
süqutu kimi təsvir oluna biləcək halla rastlaşdı - bəyanatlar və
əsl niyyətləri, bəzi hallarda isə öz məqsədlərinə çatmaq uçun
istifadə etdiyi çirkin və ikrahdoğurucu metodlar üçün manevr
imkanları sərt şəkildə daraldı”.
Bütün dünya açıq şəkildə gördü ki, ABŞ nəinki düşmən hesab
etdiyi ölkələrin, hətta dost dövlətlərin rəhbərləri də daxil
olmaqla yüksək vəzifəli şəxslərini izləyir, onların haqqında
kompromat toplayır. Həmin məlumatlar təsdiq edirdi ki, ABŞ-ın
xüsusi xidmət orqanları Avropa İttifaqının Brüsseldəki, Avropa
Şurasının Vaşinqton və Nyu Yorkdakı, həmçinin onlarla ölkənin
səfirliklərini dinləyir. Lazım gəldikdə, Dünya Bankının keçmiş
rəhbəri və həmin dövrdə Fransa prezidentliyinə ən real
namizədlərdən biri olmuş Dominik Ctross-Kannla bağlı olduğu kimi,
istənilən şəxsə qarşı ssenari qurula və reallaşdırıla bilər. Bu isə
dünya liderlərinin ABŞ-a və onun “səmimi” görünməyə çalışan
prezidentinə qarşı etimadın və inamın itməsinə səbəb oldu.
“Həm də digər dünya ölkələrinin maraqlarını qoruyacağını” vəd
edən cənab Obama nəinki sözlərinin üstündə durmadı, hətta Amerikaya
ənənəvi müttəfiq olan ölkələri də qan çanağına çevirdi. 2009-cu
ilin aprelində Misirə səfəri zamanı ABŞ Prezidenti iki ölkə
arasında əməkdaşlığın gücləndirilməsi, Misirə dəstək, ABŞ-la İslam
dünyası münasibətləri haqqında “yeni eranın başlanması” kimi
bəyanatlarla yadda qalmışdı. Ancaq üstündən bir müddət keçmiş 30
illik prezidentliyi dövründə Vaşinqtondan gələn bütün sifarişləri
can-başla icra edən Hüsnü Mübarək devrildi, Misir vətəndaş
qarşıdurması meydanına çevrildi, keçmiş ölkə rəhbərinin üzərində
isə məhkəmə quruldu. Demokratiya haqqında gözəl bəyanatların
müəllifi olan rəsmi Vaşinqton Misir hərbçilərinin qanuni seçilmiş
prezident Məhəmməd Mursini necə devirdiklərini kənardan müşahidə
etdiyi bəs deyilmiş kimi, dövlət çevrilişini “çevriliş”
adlandırmaqdan belə çəkindi. Bu da təsadüfi deyildi. Çünki həm
H.Mübarək, həm də M.Mursi hakimiyyətinin devrilməsi planının
arxasında da ABŞ dururdu. Nə rəsmi Vaşionqton, nə də vaxtilə Dövlət
Departamentində yüksək vəzifə tutmuş Devid Kramerin başçılıq etdiyi
“Freedom Hause” təşkilatı Qahirə məhkəməsinin bir gündə “Müsəlman
qardaşları” təşkilatının 500-dən artıq üzvü barəsində edam qərarı
çıxarmasına münasibət bildirmədi.
2001-ci il Nyu Yorkda törədilmiş terror hadisəsindən sonra
Əfqanıstan, İraq, Yəmən, Tunis, Misir, Liviya, Suriya kimi
ölkələrdə baş vermiş hadisələr Amerikanın “sülhməramlı” siyasətinin
və cənab B.Obamanın bəyan etdiyi “İslam dünyası ilə yeni
münasibətlər erası”nın konturlarını açıq göstərir. “Rəngli
inqilablar”, “Ərəb baharı” və digər çevriliş ssenarilərinin
ayrı-ayrı ölkələrə hansı bəlaların gətirdiyini həmin ölkələrin
xalqları daha yaxşı bilir və bu dəyişikliklərin lazım
olub-olmadığına hamıdan yaxşı onlar cavab verə bilərlər.
Dünənə kimi İraqdan eşidilən qətllər, insan tələfatı haqqında
məlumatlar bu gün Avropanın mərkəzindən - Ukraynadan gəlir. Vaxtilə
SSRİ-nin güclü və böyük potensiala malik respublikalarından biri
olmuş Ukrayna məhz ABŞ-ın və onun Avropadakı müttəfiqlərinin
səyləri nəticəsində indi vətəndaş qarşıdurması meydanına çevrilib.
Ölkədə real iqtisadiyyat çöküb, sosial problemlər artır, Krım
itirilib, ölkənin Şərqi isə separatçıların əlinə keçərək rəsmi
Kiyevin tabeçiliyindən çıxıb. Bundan sonra Ukraynaya beynəlxalq
münasibətlər sistemində öz müvazinətini düzəltmək üçün neçə
onilliklər lazım olacağını demək çətindir.
Amma Ukrayna hadisələri daha bir reallığı bütün çılpaqlığı ilə
dünyaya göstərdi. ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nulandın
Kiyevdəki səfir Ceffri Payatla məşhur telefon söhbəti həm də
Maydanda baş verənlərin əsl mahiyyətini, ssenaristlərin və
icraçıların kimliyini bütün dünyaya nümayiş etdirdi. Kiyevdə
hakimiyyət dəyişikliyini Avropa İttifaqının əli ilə reallaşdırmağa
çalışan Vaşinqton prosesin istənilən nəticə verməməsini xanım
Nulandın dili ilə “.... EU” kimi ifadə etdi. Əgər 2013-cü ilin
dekabrında V.Nulandın Maydanda yemək paylaması ABŞ-ın Avropa
İttifaqının Ukraynadakı siyasətinə dəstəyi idisə, həmin xanımın
Avropa haqqında fikri “bir şey edə bilmirsiniz, kənara çəkilin, biz
gəlirik” mesajı kimi başa düşüldü.
Marta Finnemor və Henri Farrelin məlum məqaləsində bildirilir:
“Birləşmiş Ştatların beynəlxalq arenada asanca qeyri-ardıcıl
siyasət həyata keçirməsi Amerika liderlərində mülayimliyin
yaranmasına səbəb olub. Az ölkə onların ikiüzlülüyünü ifşa etdiyinə
və həmin ifşaediciləri qulaq ardına vurmaq mümkün olduğuna görə,
siyasətçilər onların ölkəsinin ikili standartlar siyasəti
yürütdüyünü hiss etmir və başa düşmürlər”. Fransua Laroşfukonun
dediyi kimi, “biz başqalarının qarşısında cild dəyişməyə artıq o
qədər öyrəşmişik ki, öz qarşımızda da cildə girməyə
başlamışıq”.
Həqiqətən də cənab Obamanın dövründə ABŞ-ın Azərbaycanla bağlı
siyasəti kəskin qeyri-ardıcıllığı və anlaşılmazlığı ilə seçilir.
Hər halda, həm böyük Corc Buş, həm Bill Klinton, həm də kiçik Corc
Buşun dövründə bu ölkədə kimin kim olduğu, kimin nəyə görə
cavabdehlik daşıdığı bəlli idi. Söz deyilirdi, vəd verilirdi və heç
olmasa, onların icrasına həqiqi cəhdlər göstərilirdi. ABŞ
tərəfindən Azərbaycanın müstəqilliyinin dəstəklənməsi, birgə həyata
keçirilən nəhəng enerji layihələri, Azərbaycanın ABŞ-ın terrorla
mübarizəsinə hərtərəfli dəstəyi və digər məsələlər iki ölkə
arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı.
Hər halda, hər iki ölkə bu əməkdaşlıqdan yalnız udurdu. Ancaq
B.Obama hakimiyyətə gəldikdən sonra ABŞ-ın Azərbaycanla bağlı
prioritetləri “səhrada ilğım”ı xatırlatmağa başladı. Bir tərəfdən
ABŞ dövlət başçısı Azərbaycanla əməkdaşlığa böyük önəm
verdiklərini, İlham Əliyev hakimiyyəti ilə işləməyə davam
edəcəklərini bəyan edir, digər tərəfdən də Azərbaycana dəstək
istiqamətində heç bir addım atılmır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
məşğul olan əsas vasitəçilərdən biri kimi, ABŞ ikili standartları
dövlət siyasəti səviyyəsinə yüksəltdi. Obama Administrasiyası hətta
M.Brayzanın Azərbaycana səfir təyin edilməsində belə aciz görünməyə
çalışdı. Halbuki Snoudenin və “Wikileaks”ın ifşalarından sonra
Konqresin Xarici Əlaqələr Komitəsinin haradan və necə
təlimatlandırıldığı da mübahisə mövzuları sırasından çıxıb. Bütün
bunlar azmış kimi, ABŞ-ın bəzi dairələri Azərbaycanda müxtəlif
hakimiyyət dəyişikliyi ssenariləri həyata keçirməyə can atdılar.
ABŞ mediası və QHT-ləri Azərbaycana qarşı “qara piar” kampaniyasını
günü-gündən şiddətləndirir. Bu ikiüzlülük və riyakarlığın səbəbini
anlamaq mümkün deyildir. Belə halda görünən odur ki, Obama
Administrasiyası ardıcıl ifşalardan, özünə qarşı dünyada inamın,
etibarın əsaslı şəkildə sarsınmasından sonra ayrı-ayrı dövlətlərlə
münasibətlərini necə davam etdirəcəyini hələ də müəyyənləşdirə
bilməyib.
Ancaq cənab Obamanın şəxsi inciklik kasasında özünə layiqli yer
tutmuş bir nüansı da diqqətdən qaçırmayaq. Məlumdur ki, 2009-cu
ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması layihəsi
həyata keçirilən vaxt ABŞ Prezidenti Ankaraya səfərə gəlmişdi. O da
bəllidir ki, həm Dövlət katibi xanım H.Klinton, həm də cənab
Obamanın özü Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlayaraq
onu Türkiyəyə dəvət etmişdilər. Bundan məqsəd Azərbaycan dövlət
başçısını sərhədlərin açılmasına razı salmaq olmuşdu. İlham Əliyev
Türkiyəyə getməkdən imtina etməklə həm Türkiyəni antiazərbaycan
siyasətinə sürükləmək, onun heysiyyatına toxunmaq cəhdlərindən
sığortaladı, həm də cəsarətli və uzaqgörən dövlət başçısı kimi
Azərbaycanın maraqlarını hər şeydən uca tutduğunu nümayiş etdirdi.
Görünür, Barak Obama hələ də bu günə kimi Azərbaycan Prezidentinə
bunu bağışlaya bilmir.
Beləliklə, ekspertlər deyirlər ki, cənab Obamanın prezidentliyi
dövründə bütün dünyada terror daha da şiddətlənib, qaynar
nöqtələrin miqyası genişlənib, vətəndaş qarşıdurması alovlanmış
ölkələrin sayı durmadan artır, iqtisadi tənəzzül dünyadakı mövcud
iqtisadi sistemi çökdürür, inkişaf etmiş dövlətlər belə sosial
problemlərdən əziyyət çəkir, sivilizasiyalararası və
mədəniyyətlərarası dialoq xalqlar və dinlər arasında qarşıdurma və
qarşılıqlı ittihamlarla əvəzlənir və s. Daha acınacaqlısı isə odur
ki, dünyanın ən nəhəng ölkəsi kimi ABŞ nəinki bu problemləri həll
etməkdə aciz görünür, hətta bir sıra hallarda neqativ tendensiyanın
təkanverici qüvvəsi kimi çıxış edir.
İndi ekspertlər sual edirlər ki, görəsən, nə vaxtdan Nobel Komitəsi öz mükafatını konkret əməllərə görə yox, boş bəyanatlara görə verməyə başlayıb? Bu həmin mükafatın nüfuzuna mənfi təsir göstərmirmi? Digər tərəfdən, görəsən, dediyinin əksini edənlərə hansı mükafat düşür?
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı