Nida.az
“Hakimiyyəti inqilabi yolla dəyişmək istəyən xalqın düşmənidir”
Bəzən onu siyasət aləminin bəxti gətirən nümayəndələrindən sayırlar. Hələ tələbəlikdən siyasətin episentrində olan, gənc yaşlarından xeyli populyarlaşan və uğurlar qazanan, nəhayət, 12 ildir mandat sahibi olan bu “bəxt sahibi” ötən illərdə ən müxtəlif cəbhələrdən ittihamlara məruz qalması ilə də diqqət çəkib. Amma dediyinə görə, yaşı artdıqca üzləşdiyi tənqidlərə daha dözümlü tövr nümayiş etdirməyi özü özünə təlqin edib.
Həmsöhbətimiz bu həftə 50 yaşı tamam olan BAXCP sədri, deputat
Qüdrət Həsənquliyevdir. Yubiley söhbəti aktual məsələləri müzakirə
üçün həm də bir bəhanə oldu. Partiya sədri ilə islahatlar
mövzusundan tutmuş keçmiş tələbə yoldaşı Əli Kərimli ilə
münasibətlərinə qədər çox məsələlərdən danışdıq, xeyli ilginc
açıqlamalar verdi.
- Qüdrət bəy, illər keçdi və siz də el diliylə desək,
“Məşədi İbad yaşına” çatdınız. Yaşın bu məqamında nələr
düşünürsünüz, Üzeyir bəyin məşhur etirafını bölüşürsünüz, yoxsa
fərqli düşüncədəsiniz?
- Deyirlər Üzeyir bəy 50 yaşına çatanda deyib ki, Məşədi İbada
sataşmaqla yaradıcılığında ən böyük səhvi edib. Əslində o, bununla
özünə təskinlik verib. Yaş öz işini görür. Əbülfəz bəyin gözəl bir
sözü vardı ki, yaşa dolduqca insan müdrikləşir, həyatı daha
dərindən dərk edir. Bu, bir həqiqətdir. Yaş özü səni gəncliyin
radikallığından, emosiyalarından uzaqlaşdırır. 50 yaş kifayət qədər
böyük bir dövrdür. Azərbaycanda da orta yaş həddi elə yüksək deyil.
Bunu nəzərə alanda düşünürəm ki, 50 yaş insanın özünə və cəmiyyətə
ciddi hesabat verməli bir dövrdür.
- Parlamentin cari məsələlərindəki 3 dəqiqəlik reqlament
sizin hesabat məruzəniz üçün ayrılsa, etdikləriniz haqda nələr
deyərdiniz?
- Bu ölkənin müstəqilliyi üçün çalışdım, xalq hərəkatında olarkən
özümü gəncliyin bir çox gözəlliklərindən məhrum etdim. Ancaq bəlkə
də bu tale hər kəsə nəsib olmur. Hər bir xalqın taleyində müəyyən
keçid dövrləri olur. Bizim müstəqilliyimizi qazanmağımız da
xalqımızın tarixində böyük, şərəfli bir dövr oldu, biz də bu dövrün
fəal iştirakçısı olduq. Müstəqillikdən sonrakı dövrdə də
Azərbaycanda demokratik, hüquqi, sivil dövlət quruculuğu üçün -
mövcud reallıqlar nəzərə alınmaqla - əlimdən nə gəldisə etdim və bu
gün də edirəm. Bu baxımdan xalqımızın qarşısına alnıaçıq çıxmaq
imkanım var ki, mən nələrsə etmişəm. Mən 10 ildir beynəlxalq
təşkilatlarda Azərbaycanı təmsil edirəm. 2003-cü ilin millət
vəkiliyəm, yaz sessiyasından fəaliyyətə başlamışam. 5 il də müəllim
işləmişəm, Asiya Universitetində cinayət hüququndan mühazirə
oxumuşam. Bu baxımdan pedaqoji fəaliyyətimdə nələrsə öyrətməyə,
siyasi fəaliyyətimdə mümkün olanları etməyə çalışmışam.
- Bayaq dediniz ki, yaş artdıqca insan radikallıqdan
uzaqlaşır. Deməli, sizin konstruktiv müxalifət olmağınızda yaşın da
təsiri olub?
- Nelson Mandela irqçiliyə qarşı mübarizənin simvolu, böyük tarixi
şəxsiyyət olub. O, həbsxanaya əlisilahlı, ekstremist, millətçi bir
qrupun, gəncliyin liderlərindən biri kimi atılıb. Amma həbsdən
çıxanda, 27 ildən sonra tamamilə fərqli dünyagörüşün daşıyıcısı idi
və irqlərarası barış, sülh istəyən, insan haqları uğrunda mübarizə
aparan təmkinli, Mahatma Qandi qədər dinc mübarizəni tərənnüm edən
insan idi. Mən bunu ona görə deyirəm ki, yaş həqiqətən də öz işini
görür. Əlbəttə, emosiya hər bir insana məxsusdur. Hətta güclü ruhi
həyəcan vəziyyətində qəsdən adam öldürənlərə daha yüngül cəza təyin
olunur. Çünki insanın öz hərəkətlərinə nəzarəti zəifləyir. Siyasət
adamı çalışmalıdır ki, maksimum dərəcədə emosiyalarına nəzarət
etsin və mən də buna çalışıram. Onu da bilirəm ki, biz insanıq,
hamımızın emosiyası var. Bəzən elə ola bilər ki, insan öz
emosiyalarının diktəsi ilə hərəkət edər, ağlının yox. Amma
siyasətçidə gərək iradə o qədər güclü olsun ki, o, emosiyalarını
cilovlaya bilsin.
- Əlinizdə imkan olsaydı, ömrünüzün hansı hissəsindən imtina edərdiniz: gəncliyin dadını çıxara bilmədiyiniz tələbəlik dövründən, dövlət katibinin müavini olduğunuz, AXCP-dəki fəaliyyətiniz, yoxsa parlamentdə keçən illərinizdən?
“Radikal olduğum dövrlər olub...”
- Bu, mənim taleyimdir və mən taleyimi yaşamışam. Odur ki, onun heç
bir anına görə peşmançılıq hissi keçirmirəm. Allaha-tala mənim
qismətimə çox ağrılı-acılı günlər yazıb. Bu həyatın çox böyük
zərbələrini almışam. Görünür həyat elə budur. Deyirlər, həyat
ağrı-acısı ilə gözəldir. Mən həyatın sevincini də, ən ağrısını da
yaşamışam. Amma keçdiyim həyat yoluna görə də heç vaxt peşmançılıq
hissi keçirməmişəm. Hansı dövrdə nəyi doğru hesab etmişəmsə, onu
etmişəm, özümün doğru bildiyim qərarları vermişəm, addımları
atmışam. Əlbəttə, vaxtilə radikal olduğum dövrlər olub. Lakin
prosesləri daha dərindən dərk edəndən, regionda baş verənləri,
dünya siyasətini daha dərindən təhlil edəndən sonra və bəlkə də
başqalarından fərqli olaraq daha çox informasiya çıxışım olduğu
üçün başa düşmüşəm ki, Azərbaycanda bir çox məsələlərin həlli bu
iqtidarın iradəsinə bağlı deyil. Hər bir xalqın inkişaf indeksi,
inkişaf səviyyəsi var. Elə məsələlər var ki, bu, zamanla həll
olunacaq. Vaxtilə Əbülfəz bəy bizi sakitləşdirmək üçün deyəndə ki,
“bəylər, bir çox məsələlərin həllinin zamana ehtiyacı var”, səmimi
deyim ki, bu, məndə qıcıq doğururdu. Mən o gənclərdən biriydim ki,
o sözü tam mənada qəbul edə bilmirdim. Amma zaman keçdi, indi artıq
özüm o sözü siyasətə qoşulan gənclərə deyirəm. Elə məsələlər var
ki, o, zamanla həll olunacaq. Bir dəfə NATO-nun iclasında müzakirə
olunurdu ki, niyə Əfqanıstanda bu qədər vəsait xərclənir, ancaq
nəticə yoxdur? Britaniyadan olan millət vəkili sonda yarıçılpaq
şəkildə dedi ki, orda bir qrup əhali hələ də 13-cü əsr dünyagörüşü
ilə yaşayır. Yəni 13-cü əsr insanı ilə 21-ci əsr cəmiyyətini qurmaq
olmaz, siz nəhayət, bunu qəbul etməlisiniz. O baxımdan bizim bir
çox məsələlərin həlli zamanla bağlı məsələdir, bizim tələsməyimizlə
burda heç nə dəyişməyəcək. Müxtəlif demokratik şüarlarla
Azərbaycanda hakimiyyət dəyişiklikləri etmək olar, bir hakimiyyət
gedə, başqası gələ bilər. Deyək ki, 1917-ci ildə Çar Rusiyasında
inqilab oldu, İkinci Nikolayı Stalin əvəz etdi. Nikolayın dövründə
Rusiyada daha çox azadlıqlar var idi, yoxsa Stalinin? Hansı ki,
Stalin “bərabərlik, azadlıq, siyasi hüquq və azadlıqlar” şüarları
ilə hakimiyyətə gəlmişdi. Ancaq əvvəl pis-yaxşı Dumaya seçkilər
keçirilirdi, müəyyən azadlıqlar, ən azından mülkiyyət hüququ var
idi. Sovetlər dönəmində isə bunların heç biri olmadı...
- Bu məntiqlə Azərbaycan insanının özünün nə qədər zamana
ehtiyacı var?
- Mən demirəm ki, hamı əlini yanına salmalı, oturub zamanı
gözləməlidir. Amma prosesləri tələsdirməklə də nəticə əldə olunmur.
Hakimiyyət dəyişikliyi şəraitində sən mövcud problemləri həll
edəcək komandanı hardan tapacaqsan? Yeni düşüncəli kadrlar bu
millətin içindən tapılmalıdır, bu isə mümkün deyil. Demək mövcud
kadrlarla işləmək lazımdır. Tədrici proses getməlidir ki, həm
müvafiq qurumlarda olanlar artıq başqa dünyagörüşün daşıyıcıları
olsunlar və cəmiyyət də onu qəbul etmək iqtidarında olsun. Bunun
üçün konkret zaman söhbəti etmək çətindir. Amma nəsillər
dəyişməlidir. Yəni mentalitet qısa müddətdə dəyişmir.
- Deməli, bu iqtidarın hələ uzun illər qalmasını
istəyirsiniz?
- Mən hakimiyyət dəyişikliyi məsələsini önəmli saymıram. Əvvəla,
Azərbaycanda hakimiyyət dəyişikliyi konstitusion əsasda baş
verməlidir. Yəni kimsə istəyirsə ki, hakimiyyət inqilabi yolla
dəyişsin, o, bu xalqın düşmənidir. Ona görə ki, əgər ölkədə,
iraq-iraq, inqilab olarsa, ara qarışarsa, bizim ölkəmiz Suriyadan,
İraqdan da pis günə qalar. Təsəvvür edirsiniz bu ölkədə nə qədər
maraqlı dövlətlər var. Amma eyni zamanda biz tədricən insanları ona
hazırlamalıyıq ki, iqtidarlı-müxalifətli hamı onu qəbul etsin ki,
hakimiyyət dəyişikliyi, demokratik seçkilər olmalıdır,
siyasi-iqtisadi islahatlar aparılmalıdır. Özü də bu islahatlar
hamısı yuxarıdan, tədrici qaydada, ardıcıl şəkildə
aparılmalıdır.
“Əbülfəz bəy deyəndə ki, “bir çox məsələlərin həllinin
zamana ehtiyacı var”, bu, məndə qıcıq doğururdu...”
- Yuxarılarda buna nə qədər istək, iradə var?
- Elə bizim dediklərimizin hamısı ona xidmət edir. Bu müsahibə də
ona xidmət edir ki, ölkədə yuxarıdan islahatlar aparılsın.
- Deyilənlər nəzərə alınırmı?
- Vacib deyil ki, iqtidarda bunu hamı nəzərə alsın. Amma bunu
cəmiyyət oxuyur, iqtidardakıların bir hissəsi bunu qəbul edir.
Artıq bunun özü işdir. Yəni bu iş davam etməlidir ki, sonda böyük
əksəriyyət, o cümlədən sadə insanlar artıq bunun alternativinin
olmadığı qənaətinə gəlsin və biz bir-birimizi ittiham etməyək,
günahlandırmayaq, sadəcə olaraq hamılıqla qəbul edək ki, daha başqa
cür yaşamalıyıq. Bu halda, əlbəttə, dediyim islahatlar,
dəyişikliklər baş verəcək.
- Builki parlament seçkilərinə qədər bir sıra ciddi
islahatlara gediləcəyi, hətta parlamentli respublikaya keçidlə
bağlı referendum keçiriləcəyi gözləntisi vardı və elə vaxtilə bu
barədə siz də demişdiniz. İndi bu haqda nə
düşünürsünüz?
- Ölkədə referendum keçirilməsi üçün kifayət qədər zaman var. Bizə
seçki kampaniyasını keçirtmək üçün 2 ay vaxt lazımdır, bu da
kifayət qədər böyük vaxtdır. Lap Avropa Oyunlarından sonra da
siyasi iradə olsa, bunu keçirməyə zaman problemi yoxdur. Yəni yayda
referendumu, payızda da seçkiləri keçirtmək olar. Yaxud seçkilərdən
də sonra referendumun keçirilməsi mümkündür. Siyasi islahatların
yolu konstitusion islahatlardan keçir. Hətta biz 2007-ci ildə
təkliflər hazırlayıb təqdim etmişik. Əminəm ki, biz buna gedəcəyik.
Baxın, Özbəkistan faktiki surətdə buna keçib, Qırğızıstan, Ukrayna,
Moldova, Gürcüstan parlamentli respublikadır, Qazaxıstanda artıq bu
məsələ gündəmə gəlib, Ermənistanda iqtidar buna getmək istəyir,
ancaq müxalifət imkan vermir. Yəni qalır Türkmənistan, Azərbaycan,
Tacikistan. Mən əminəm ki, zaman bizi də məcbur edəcək ki, ən
azından parlamentli-prezidentli respublika modelinə keçək. Yəni
prezident üsul-idarəsi saxlanılır, prezidentin geniş səlahiyyətləri
olur, amma hökuməti parlament seçkilərində qalib gəlmiş partiya
formalaşdırır. Həmçinin çoxpartiyalı sistemin inkişafı üçün
proporsional seçki sistemi bərpa olunur, parlamentdə yerlərin sayı
250-yədək artırılır. Əlbəttə, bunlar təkliflərdir. 150 nəfər də ola
bilər.
- Parlament seçkiləri ilə bağlı müxalifətin müəyyən
təşəbbüsləri var, yəqin siz də izləyirsiniz. BAXCP partiyaların
bloklaşması məsələsinə necə yanaşır?
- Əlbəttə, radikal qüvvələr seçkilərə ayrı bir blokda, daha
mötədil, mərkəzçi qüvvələr, bizim də təmsil olunduğumuz, bizim kimi
düşünən partiyalar da bir yerdə gedə bilər. Yaxud iqtidar partiyası
da ayrıca blok yarada bilər. Yəni biz çalışmalıyıq ki, Azərbaycanda
Rusiya modelini tətbiq edək, cəmiyyətimizi çoxpartiyalı sistemə
hazırlayaq. Buna görə də normalda Azərbaycan üçün 3-4 partiya
lazımdır. Özbəkistanda bunu prezident İslam Kərimov özü edir. O
partiyalar arasında müəyyən həddə qədər rəqabət də var. Əlbəttə,
biz deyə bilmərik ki, orda tam demokratik sistem formalaşıb. Amma
gələcək sistemin əsasları qoyulur, partiyalararası mübarizə,
partiyaların strukturlaşmasından söhbət gedir. Yəni günün birində
İslam Kərimov olmasa, artıq orda oturuşmuş, parlament idarəçiliyini
mənimsəmiş, strukturlaşmış partiyalar var. Bu isə İslam Kərimovdan
sonrakı dövrün qanlı-qadalı olmasının qarşısını alır. Rusiyanın
özündə də oxşar model var. Partiyaların heç biri Putinə qarşı
aqressiv mövqe sərgiləmir, ümummilli məsələlərdə onun
yanındadırlar, amma cəmiyyətin problemlərini sərtliyi ilə ortaya
qoyur. Orda artıq çoxpartiyalı Duma formalaşıb, narazı elektorat o
partiyaların ətrafında birləşdiyi üçün siyasi partiyalar xaosa
imkan vermir.
- Siz məlumatlı olarsınız, parlament seçkiləri ilində
iqtidar və müxalifət arasında bu məsələlərdən bəhs edən müzakirələr
gözlənilirmi?
Davamı olacaq...
Musavat.com
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO