Ombudsman Milli Məclisdə hesabat verdi
Bizi izləyin

Nida.az

Ombudsman Milli Məclisdə hesabat verdi

“2014-cü il ərzində Ombudsmana 13 min 150 müraciət daxil olub. Həmin müraciətlərin 74.2 faizi şikayətlərdən, 25.8 faizi isə ərizələrdən ibarət olub”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2014-cü ilin hesabat məruzəsi zamanı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə Ombudsman Aparatında və regional mərkəzlərdə ümumilikdə 2 min 468 şəxs ilkin olaraq qəbul edilib, 388 şəxs isə əvvəllər təqdim etdikləri müraciətlərlə bağlı Aparatda qəbul olunub, onlara müvafiq məsləhətlər və izahatlar verilib.

E.Süleymanova deyib ki, müvəkkil və əməkdaşlar tərəfindən Aparatda, regionlarda, məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə əhali ilə görüşlər zamanı, habelə cəzaçəkmə müəssisələrində, həbsxanada, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, hərbi hissələrdə, uşaq, əlil və ahıl evlərində, internatlarda baxışlar zamanı 3 min 547 şəxs qəbul edilib: “Şikayətlərin müvəkkilin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatının getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutların olmaması səbəbindən onların 51 faizinin baxılmasından imtina edilib. Şikayətlərin 49 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların da 56,8 faizi təmin olunub”.

E.Süleymanova onu da qeyd edib ki, ötən il Azərbaycan Ombudsmanın ünvanına mənzil hüququ ilə bağlı 476 müraciət daxil olub: “Müraciətlərdə əsasən, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi ilə bağlı müraciətlərə cavab verilməməsi, bundan əsassız imtina və süründürməçiliyə yol verilməsi, çoxmənzilli binalardan mənzil alan vətəndaşların dələduzluq yolu ilə aldadılması, dövlət ehtiyacları üçün alınan mülkiyyətin əvəzində uyğun olmayan kompensasiyanın verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin verilməsi, qəzalı vəziyyətdə olan yaşayış sahəsinin təmiri üçün maddi köməklik göstərilməsi, ətrafda aparılan tikinti işləri ilə bağlı ev və mənzillərə ziyan dəyməsi kimi hallar öz əksini tapıb. Vətəndaşlara məxsus torpaq sahələrində məlumatlandırma icraatı qaydasında fərdi evin tikilməsi üçün rayon icra hakimiyyətlərinə göndərdikləri müvafiq sənədlərə həmin icra hakimiyyətləri tərəfindən baxılır və irad olduqda da belə, bu sənədlərə heç bir münasibət bildirilmir və ya müvafiq ərazi üzrə müfəssəl planın işlənib hazırlanmadığı əsas gətirilməklə mənfi cavab verilir.

Məhz bu hal vətəndaşların fərdi ev tikməklə öz yaşayışını yaxşılaşdırmasının qarşısını almaqla yanaşı, rüşvət hallarına da şərait yaradır. Bundan başqa, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin müxtəlif problemlərlə üzləşməsinə səbəb olur. İstismarına icazə verilməyən, lakin əksər hissəsi artıq məskunlaşmış bir çox hündürmərtəbəli yaşayış binaları enerji və su ilə təchiz edilib, lakin qazlaşdırılmayıb".

Ombudsman bildirib ki, təbii fəlakətdən zərər çəkmiş vətəndaşlardan ötən il Müvəkkilin ünvanına 174 müraciət daxil olub: “Həmin müraciətlərdə vətəndaşlar müvafiq komissiya tərəfindən qəzalı vəziyyətə düşən evlərinə baxış keçirilmədiyini və ya təmir edilmədiyini, təmir üçün verilmiş kompensasiyanın məbləğinin az olduğunu, eləcə də dəymiş maddi ziyanın ödənilmədiyini bildirib, qeyd edilən məsələlərin həll olunmasında və çətinliklərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş ediblər”.


Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm