Avronest PA-nın həmsədri: “Ermənilər özlərini həyasız aparırlar”
Bizi izləyin

Nida.az

Avronest PA-nın həmsədri: “Ermənilər özlərini həyasız aparırlar”

Avronest Parlament Assambleyasının (PA) Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri, millət vəkili Fuad Muradov təşkilatın martın 16-da İrəvanda işə başlayan 4-cü sessiyasına Azərbaycan nümayəndə heyətinin qatılmamasının səbəblərini açıqlayıb.

Deputat F.Muradov Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan Avronest Parlament Assambleyasının iclaslarına tam hüquqlu üzv kimi hər zaman qatılıb: “Biz Avronest Parlament Assambleyasının bütün tədbirlərində yüksək səviyyədə iştirak edirik və öz mövqeyimizi bəyan edirik. Ancaq son vaxtlar Ermənistan tərəfi daha da həyasız siyasət həyata keçirir. Yəni ermənilər hər bir iclasda özlərini həyasız aparırlar”.

F.Muradov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bu işğal nəticəsində bir milyondan çox dinc sakin qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Bütün bunlarla yanaşı, Ermənistan tərəfi bütün dünyaya da car çəkir ki, guya biz regionda erməniləri sıxışdırırıq və sairə. Hətta, ermənilərin işğalçılıq siyasəti aparmasına baxmayaraq, İrəvanda Avronest Parlament Assambleyasının tədbirini də keçirməyi düşünüblər. Biz də bəyan etmişik ki, Ermənistan işğalçı və separatçılığı dəstəkləyən dövlətdir. Necə olur ki, Qərb və Avropa birləşərək separatizmə qarşı mübarizə aparır, ancaq onların gözlərinin qabağında olan Ermənistan 20 ildən çoxdur ki, işğalçılıq siyasətini davam etdirir, işğal etdiyi Azərbaycan ərazilərində separatçı və qondarma rejimə yaxından dəstək verir, ancaq bunu görən yoxdur? İndi də Ermənistan Avronest Parlament Assambleyasının iclasına ev sahibliyi edir. Bu cür qərar bəzi “humanist avropalılar” və ermənipərəst deputatların sayəsində qəbul olunsa da, biz buna öz etirazımızı bildirmişik. Biz Avropadan olan deputatlara başa saldıq ki, bütün bunların hamısı Ermənistanın qondarma soyqırım iddiaları ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində əvvəlcədən düşünülən addımlardır. Baxarsınız, ermənilər Avronest Parlament Assambleyasının iclasına gələn deputatları qondarma soyqırımı abidəsi önündə baş əydirəcəklər, daha sonra isə bundan şou yaradıb təqdim edəcəklər. Çox təəssüf ki, Avronest Parlament Assambleyası deputatları arasında erməni lobbisinə işləyənlər də var. Yəqin ki, həmin deputatlar məcburi deyil, könüllü baş əyəcəklər. Təəssüf ki, ermənilər yenə də Avropanı öz siyasi oyunlarına qatdılar. Yəni, ermənilərin əvvəldən əsas məqsədləri də məhz bu idi. Ona görə biz də Avronest Parlament Assambleyasının iclaslarında bəyan etmişik ki, Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır və Avropanın ayrı-ayrı bir çox siyasətçiləri də işğalçı Ermənistanı dəstəkləməkdən və bu cür ikili standartlardan əl çəkməlidir. Axı bu cür ikili standartlar nə qədər ola bilər? Biz hər zaman Avropa Birliyi, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlarla tam şəkildə bərabərhüquqlu tərəfdaşlıq etmişik. Ancaq bu gün bütün dünya separatizmə qarşı birləşib mübarizə aparır, müxtəlif sanksiyalar həyata keçirilir. Baxmayaraq ki, bu gecikib, ancaq bu gün belə sanksiyalar işğalçı Ermənistana qarşı da həyata keçirilməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm