Necdət Ünüvar: “Şübhəsiz ki, TANAP-a qarşı çıxanlar da olacaq” – ÖZƏL
Bizi izləyin

Nida.az

Necdət Ünüvar: “Şübhəsiz ki, TANAP-a qarşı çıxanlar da olacaq” – ÖZƏL

Türkiyə Böyük Millət Məclisinin (TBMM) AKP-dən seçilmiş deputatı, səhiyyə, ailə, əmək və sosial işlər komissiyasının sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar martın 17-də Türkiyənin Qars vilayətinin Səlim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması məsələsinə münasibət bildirib.

AKP-li deputat Publika.az-a eksklüziv açıqlamasında deyib ki, TANAP-ın təməlinin qoyulması tarixi addımdır. Onun sözlərinə görə, bu layihə vasitəsi ilə Azərbaycanın təbii qazı Türkiyə üzərindən Avropaya daşınacaq: “Təqribən 16 milyard dollarlıq təbii qaz TANAP vasitəsilə Türkiyə üzərindən Avropaya ötürüləcək. Bu layihə hər bir insan üçün böyük maraq və əhəmiyyət kəsb edir. Bu layihədə həm Türkiyə, həm də Azərbaycanın əsas rol almasından böyük qürur hissi keçirirəm”.

N.Ünüvar qeyd edib ki, TANAP həm də Avropa əhalisinin enerji tələbatını ödəmək üçün Azərbaycan və Türkiyənin xeyirxah addımı hesab olunur: “Çünki Avropanın, nəhayət ki, təbii qazla bağlı yaşadığı sıxıntı TANAP vasitəsilə aradan qalxacaq. Bunun üçün də martın 17-də Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Qarsda TANAP-ın təməlinin qoyulması mərasimi keçirilib. Bu proses çox sürətlə davam etdirilir. İnşallah, yaxın illərdə biz TANAP-ın uğurunu qeyd edəcəyik. Bununla da Avropa TANAP-dan yararlana biləcək”.

TBMM-nin üzvü TANAP-ın həyata keçirilməsi ilə bağlı mümkün əngəllərdən də danışıb: “Şübhəsiz ki, Türkiyə və Azərbaycan TANAP layihəsini icra etməyi düşünən zaman bütün məqamları nəzərə alıblar. Texniki detallarla bağlı dəqiq nə isə bilməsəm də, ancaq onu bilirəm ki, TANAP dünyanın ən uzun təbii qaz boru kəmərlərindən biridir. İnanıram ki, TANAP-dan özünə fayda görən hər bir ölkə bu layihənin tezliklə uğurla yekunlaşması üçün öz töhfəsini əsirgəməyəcək. Təbii ki, Azərbaycan və Türkiyə də bu istiqamətdə ilk uğurlu addımı atıb. Digər tərəfdən isə Türkiyə və Azərbaycan əməkdaşlığını və dostluğunu istəməyən qüvvələrin olması şübhəsizdir. Ancaq onlara əhəmiyyət vermək də doğru olmaz. Ən doğru olanı odur ki, bütün dedi-qodulara və əngəllərə baxmayaraq, layihəni uğurla başa çatdıraq. TANAP ən uyğun, ən sərfəli və ən məhsuldar enerji layihəsidir. Şübhəsiz ki, buna qarşı çıxanlar da olacaq. Amma onlara əhəmiyyət vermək lazım deyil”.

Xatırladaq ki, martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri – TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mərasimdə iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm