• USD 1,7000 0,00% EUR 1,8964 -0,03%
    • GBP 2,1611 -0,08% RUB 0,0264 0,00%

“Dördgünlük müharibə”nin SİRRİ, Putinin NİFRƏTİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

“Dördgünlük müharibə”nin SİRRİ, Putinin NİFRƏTİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Heç şübhəsiz ki, həftənin əsas hadisəsi ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Dunfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşü idi. Görüş “dünya məhz Bakıdamı yenidən bölüşdürülür” sualını ağıllara gətirdi. Dünən Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir. Fevralın 17-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Münhendə görüşüb. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyaya quru gücləri göndərməyi planlaşdırır.

İlham Əliyev fevralın 17-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru: OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da çıxış edib.

Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz.

Azərbaycan prezidentinin bu gün Bakı vaxtı ilə saat 20:00-22:00 arası keçiriləcək “Avrasiyada ciddi fikir ayrılıqları” mövzusunda panel müzakirələrində çıxışı nəzərdə tutulub.

Fevralın 17-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Münhendə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşüb. Məlumata görə, görüşdə Elmar Məmmədyarov və Edvard Nalbandyan XİN rəhbərlərinin növbəti görüşünü və həmsədrlərin regiona səfərini müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın fevralın 20-21-də Moskvaya səfəri zamanı müzakirə olunacaq.

“Azadlıq” radiosunun Krım xidmətinə açıqlamasında “Avropa seçimi” fondunun rəhbəri, erməni ekspert Tiqran Xzmalyan maraqlı iddialar səsləndirib. Onun sözlərinə görə, Rusiya Ermənistanı tamamilə nəzarətə götürmək üçün qarşıdakı parlament seçkilərinə müdaxilə edir”.

Erməni ekspert deyib ki, Moskvanın Ermənistanda idarə üsulunun dəyişdirmək istəyi ötən ilin yazında – “dördgünlük müharibə” zamanı aydınlaşdı. Onun fikrincə, Putin Sarkisyanın rus “sülhməramlıları”nı dəvət etməsini istəyirdi.

Erməni politoloq Riçard Kirakosyanın sözlərinə görə, Qarabağda ən yaxın zamanlarda yeni müharibə başlaya bilər. O, bunun aprel ayında olacağını ehtimal edir.

“Yeni müharibə olarsa, Azərbaycan daha çox ərazi əldə edəcək. Azərbaycanı bundan sonra heç bir qüvvə saxlaya bilməyəcək”, - deyə erməni politoloqu proqnozlaşdırıb.

Ermənistanın “Aykakan jamanak” qəzeti isə daha dəqiq proqnozla çıxış edib. Nəşr iddia edir ki, “Qarabağda yeni müharibə martda olacaq. Qəzet qeyd edir ki, Ermənistanda yeni müharibə haqda söz-söhbətlər gəzir və buna hazırlıq gedir. “O haqda danışılır ki, yeni müharibə mart ayında olacaq. Bu rəsmi təsdiqini tapmasa da, kulislərdə müzakirələr davam edir”, - deyə qəzet qeyd edib.
Rusiyalı siyasi şərhçi Vadim Dubnovun sözlərinə görə, Dağlıq Qarabağda böyük müharibə olmasa da, “aprel döyüşləri”nin təkrarlanma reallığı var. Dubnov deyib ki, Bakı Aleksandr Lapşinin ekstradisiyasına nail olmaqla uğurlu siyasət yürütdü: “Azərbaycan bununla hamıya göstərir ki, Dağlıq Qarabağ onun ərazisidir”.

V.Dubnov qeyd edib ki, “aprel müharibəsi” Dağlıq Qarabağ münaqişəsinə ümumi yanaşmanı dəyişdi: “Bu baxımdan, yeni müharibə dalana dirənmiş danışıqları yenidən canlandıra bilər”.

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan "referendum"la bağlı bəyanat yayıb. Qeyd edək ki, fevralın 20-də Ermənistan Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejim “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirməyi planlaşdırır.

Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq Sergey Markov isə təhlükəli vəziyyətin yarandığını bildirib.
S. Markovun fikrincə, Münhen görüşündən sonra böyük hadisələr olacaq.

2014-cü ildən bəri Rusiya və ABŞ arasında ən yüksək səviyyəli ilk görüş fevralın 16-da məhz Bakıda keçirildi. Cozef Danfordla Valeri Gerasimovun görüşünun Vaşinqton və Moskva arasında Qara dəniz, eləcə də Şərqi Avropada gərginliyin artması fonunda keçirilməsi diqqət çəkir.

Burada əsas məsələlərdən biri isə “Görüş üçün məkan olaraq niyə məhz Bakının seçilməsi”dir. “Nyu-York Times” nəşri bu məsələyə aydınlıq gətirməyə çalışıb. Nəşrin hərbi mənbələrindən əldə etdiyi məlumata görə, görüşlə bağlı razılığın əldə edilməsi üçün aylar sərf olunub.

Bakının nüfuz mərkəzi olaraq beynəlxalq güclərin münasibətlərini ayırd etməsinə ev sahibliyi etməsi Ermənistanda ciddi təşvişə qarşılanıb. Ermənistanın “lragir” saytı Bakı görüşünün ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ ola biləcəyini yazıb.

Sayt qeyd edir ki, Azərbaycanın İsraillə münasibətləri Bakı-Vaşinqton xəttində mühüm rol oynayır. “Lragir” Azərbaycana qarşı olan “907-ci düzəliş”in ləğvinin mümkünlüyünə toxunub. Qeyd edək ki, “907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yarıdımını qadağan edən düzəlişdir.

Cozef Danfordla Valeri Gerasimovun Bakıda görüşdüyü bir gündə NATO-nun verdiyi qərar diqqətdən yayınmadı. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimal Alyansına üzv ölkələrin müdafiə nazirləri Qara dənizdə qüvvələrin gücləndirilməsi haqda qərar qəbul edib.

Baş katib həmçinin, Rusiyaya güc tətbiqinə də çağırış edib: “Rusiya ilə dialoqu güc mövqeyindən aparmaq və təmkin metodunu tətbiq etmək lazımdır. Hansı ki, “soyuq müharibə” dövründə Qərb ölkələri məhz belə edirdi”.
Rusiya ilə “güc dilində danışmağın” vacibliyinin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Ceyms Mettis də dilə gətirib. O, fevralın 15-də NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə ABŞ-ın Rusiya ilə əməkdaşlığın bərpasını istədiyini, lakin realist olduğunu və Moskva ilə güc mövqeyindən danışmaq niyyətində olduğunu deyib.

ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqton və Moskva arasında Suriyada hərbi əməkdaşlığın qeyri-mümkünlüyünü dilə gətirib. “Reuters” agentliyinə danışan diplomatik mənbəyə görə, bunun əsas səbəbi Rusiyanın bütün Suriya müxalifətinin terrorçu kimi tanımasıdır.

Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) kollegiya iclasında isə deyib ki, NATO öz hərəkətləri ilə Rusiyanı təhrik edir və qarşıdurmaya cəlb etməyə çalışır. Dövlət başçısı xatırladıb ki, Rusiyanın güclənməsinin qarşısının alınması NATO-nun yeni rəsmi missiyası elan edilib. Putinin sözlərinə görə, bu məqsədlə blokun sonrakı genişlənməsi aparılır: “NATO-nun keçənilki Varşava sammitində Rusiya 1989-cu ildən sonra ilk dəfə Alyansın təhlükəsizliyi üçün əsas təhdid kimi tanındı”.

Prezident əlavə edib ki, Rusiyanın özündə stabilliyi pozmaq məqsədi ilə daxili işlərə müdaxilə cəhdləri dayanmır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa terrorla birlikdə mübarizə aparmağı təklif edib. Putin Federal Təhlükəsizlik Xidmətinin iclasındakı çıxışı zamanı NATO və ABŞ-la yenidən çalışmağın tərəflər üçün xeyli faydalı olacağını deyib.

Həftənin yaddaqalan hadisələrdən biri də Ağ Evdən Krımla bağlı verilən bəyanat oldu. Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti normallaşdıracağını və Krımı bu ölkəyə qaytaracağını gözləyir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın “öz əraziləri”ni qaytarmadığını, Krımın Rusiya ərazisi olduğunu deyib.

“Soyuq müharibə”dən sonra ilk dəfə ABŞ hərbiçilərinin Rusiya sərhədinə gəlməsi ilə başlayan gərginlik davam edir. ABŞ-ın bu addımına Rusiya quruda və dənizdə “əzələ nümayişi” ilə cavab verib.

Türkiyə ordusu və Azad Suriya Ordusunun “Fərat Qalxanı” hərəkatı çərçivəsində keçirdiyi Əl-Bab əməliyyatı fevralın 16-da başa çatıb. Ankara bundan sonrakı diqqətini İŞİD-dən təmizlənmiş ərazidə təhlükəsiz bölgənin yaradılmasına yönəldib.

Lakin Suriyada təhlükəsiz bölgənin yaradılması mövzusunda Türkiyə və Rusiya arasında fikir ayrılıqları var. Bu haqda Qətərin məşhur "Əl-Cəzirə" nəşri yazıb.

“Əl-Cəzirə”nin əməkdaşı Ece Göksedefin xəbərinə görə, ABŞ-ın hələ dəqiq bir planı yoxdur. Türkiyə “Fərat Qalxanı” əməliyyatında İŞİD-dən təmizlənən ərazidə təhlükəsiz bölgənin yaradılmasını təklif edir. Rusiyanın təklifi PYD-nin (PKK terror təşkilatının Suriya qanadı hesab edilir) təktərəfli elan etdiyi kantonların da təhlükəsiz bölgəyə daxil edilməsini nəzərdə tutur. Rusiya bununla da “kürd kartı”nı ABŞ-a vermək istəmir.

İŞİD terror təşkilatının komandanlığı Suriyanın Rakka şəhərini tərk etməyə başlayıb. Bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi, kapitan Ceff Devisə istinadən “Reuters” agentliyi bildirib.

Zabit bildirib ki, İŞİD hərbi əməliyyatlarını Fərat çayının aşağı hissəsinə keçirir. Xatırladaq ki, İŞİD-in de-fakto paytaxtı sayılan Rakka şəhəri dünən Rusiya hərbi aviasiyası tərəfindən bombalanıb.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn istefa verdi. Onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.

ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının üzvləri Rusiya kəşfiyyatının yüksəkvəzifəli məmurları ilə əlaqədə olublar. Bu haqda mənbələrə istinadən “The New York Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, əlaqələri telefon söhbətlərinin yazıları və ələ keçirilmiş zənglər sübut edir. Onlardan birinin sözlərinə görə, Amerika hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları zəngləri təxminən eyni vaxtda yaxalayıblar.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyaya quru gücləri göndərməyi planlaşdırır. Hazırda əsas sual bu gücün hansı qüvvələrə dəstək olaraq göndəriləcəyi ilə bağlıdır. Pentaqondakı mənbələrə görə, ABŞ 82-ci desant diviziyasının 2-ci briqadasından 2 min əsgəri Suriyaya göndərəcək.

Suriyada hazırda PKK terror təşkilatının Suriya qolu olan PYD-nin liderlik etdiyi Suriya Demoratik Güclərinə (SDG) hərbi təlim keçən 500 ABŞ əsgəri var. Pentaqonunun göndərmək istədiyi quru gücünün SDG-yə dəstək olaraq göndərilib-göndərilməyəcəyi dəqiq olaraq məlum olmasa da, son bir il ərzində baş verən hadisələr müəyyən ehtimallar irəli sürməyə imkan verir.

Rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir. Bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

Alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qatıla bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşulması nəzərdə tutulub.

NATO-da olduğu kimi, alyansın hər hansı üzvünə hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaq. Məlumata görə, hazırda alyansın iş prinsipinin detalları hazırlanma mərhələsindədir.

Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib. Türkmənistan Mərkəzi Seçki Komissiyasının yaydığı informasiyaya əsasən, seçkidə iştirak edən seçicilərin 97,69 faizi ona səs verib. Qeyd edək ki, prezident postu uğrunda 9 namizəd mübarizə aparıb.

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen Inın qardaşı Kim Çen Nam fevralın13-də Malayziyada, paytaxt Kuala-Lumpuur aeroportunda öldürülüb. Onun qətlində iki qadın şübhəli bilinir. Əsas versiya onların Şimali Koreyanın agenti olması ilə bağlıdır.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İnın qardaşı Kim Çen Nam dayısının gizli hesabları və atasından qalan miras ətrafındakı münaqişənin qurbanı ola bilərdi. Bu haqda Cənubi Koreya nəşri “The Korea Times” yazıb.

Nəşrin məlumatına görə, KXDR-in ikinci adamı sayılan Çan Son Txekin (Kim Çen Namın dayısı) 2013-cü ildə edamından sonra onun məxfi xarici hesabları üzərində nəzarət hansı yollasa Kim Çen Nama keçib.

Livanın “Hizbullah” şiə təşkilatının lideri Həsən Nəsrallah İsraili təhdid edib. O, Dimonadakı nüvə stansiyasının vurula biləcəyini deyib.

“İsraili Dimonadakı nüvə reaktorunu sökməyə çağırıram. Hərbi imkanlarımız İsraili və onun yaşayış məntəqələrini vurmağa kifayət edir. İsraillilər təhdidlərimizin ciddi olduğuna inanmalıdır”, - o bildirib.

“Hizbullah” lideri həmçinin qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşü İsrail ilə Fələstin arasındakı sülh prosesinin öldüyünün bir siqnalıdır.

Əgər Nəsrullah İsrailin milli infrastrukturuna zərbə endirməyə cəsarət etsə, o zaman bütün Livana zərbələr endirəcəyik. Bunu “Hizbullah” liderinin təhdidinə cavab olaraq İsrailin Nəqliyyat və Kəşfiyyat naziri İsrail Kats söyləyib.

Putin Ukraynaya dərindən nifrət edir. Bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.

“O, Ukrayna xalqının və dövlətinin unikallığını inkar edir. O, ictimaiyyət arasında açıq-aşkar Ukraynanı Rusiya ərazisi adlandırır. O, Avropanın siyasi xəritəsində Ukraynaya yer görmür və çalışır ki, buranı da rus rəngləri ilə bəzəsin. Moskvanın iştahı təkcə Ukrayna ilə bitmir”, – prezident bildirib.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR