Bakı Zəngəzurdan imtina edib? - İran ümidini “Hüseyniyyun” və erməni kilsəsinə bağlayıb
Bizi izləyin

Nida Təhlil

Bakı Zəngəzurdan imtina edib? - İran ümidini “Hüseyniyyun” və erməni kilsəsinə bağlayıb

“Azərbaycan İranın təzyiqi ilə Zəngəzur dəhlizinin tikintisindən imtina edib”.

Ermənistan parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Anna Qriqoryan İRNA-ya müsahibəsində belə deyib. Qriqoryan qeyd edib ki, “Əliyev II Qarabağ savaşından bir neçə ay sonra Zəngəzur dəhlizinə daxil olub. Bu, 9 noyabr razılaşmasına daxil deyildi”.

A.Qriqoryanın “Azərbaycan İranın təzyiqi ilə Zəngəzur dəhlizinin tikintisindən imtina etdi” fikrini “qafqazşünas alim”(əslində ştatlı azrbaycanofob) Ehsan Müvəhhədian da şərh edir. Müvəhhədian deyir ki, Azərbaycan Zəngəzur dəhlizinin tikintisindən əl çəkməyib. Hələlik İranın təzyiqi ilə diqqəti Tavuş bölgəsinə yönəltmək qərarına gəlib. O, daha sonra Qriqoryan kimi, Avropa müşahidəçilərinin erməniləri qorumaqda heç bir rol oynamadıqlarını, nicatın yalnız İranda olduğunu əsaslandırmağa çalışır.

Müvəhhədian Rusiyanın Zəngəzur dəhlizində maraqlı olduğunu, lakin yalnız İranla koordinasiyalı şəkildə hərəkət edərsə, uğur qazanacağını deyir. “Ermənistan bizim Cənubi Qafqazda yeganə qalan variantımızdır və bizim orada da yaxşı şəraitimiz yoxdur. Çünki Bakını İsrail, İngiltərə və NATO dəstəkləyir. Rusların da qərbyönlü Paşinyan hökuməti ilə problemləri var və onlar Bakının imkanlarından enerji ixrac etmək və embarqodan yan keçmək üçün istifadə edirlər”.

Nəhayət Müvəhhəddian II Qarabağ savaşının ilk günlərindən yazdığımız ehtimalları təsdiqləyir. Azərbaycanın haqq işinə maneə olmaq üçün İran siyasiləşmiş radikal didndarlardan və erməni kilsəsindən istifadə edir, azərbaycanlı xomeyniçilər və qriqorian kilsəsi arasında bərabərlik işarəsi qoyur, hər iki dini rudimenti öz müttəfiqləri elan edir: “İran bu regionda bir az ağıllı hərəkət etsə, Ermənistan hakimiyyəti ilə yanaşı, oradakı irançılığın fəal qüvvələrindən, xüsusən də İranda marağı olan anti-sionist erməni kilsəsinin liderlik potensialından istifadə edə biləcək. Fakt budur ki, din baxımından erməni kilsəsi şiələrə ən yaxın xristian kilsəsidir və bu potensialdan istifadə etmək olar. Qafqazda üzləşdiyi problemləri aradan qaldırmaq üçün İranın digər ikinci müttəfiqinə çevrilə bilən “Hüseyniyyun”un Azərbaycandakı potensialından da istifadə etmək olar. Azərbaycanda “Hüseyniyyun” var və İran bu tərəfdarların imkanlarından istifadə edə bilər”. Görünür, erməni kilsəsinin Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı son radikal çıxışları da təsadüf deyilmiş. Erməni kilsəsinin şiəliyə yaxın olması iddiası adicə cəfəngiyatdır. Belə yaxınlıq olsaydı, illərlə şiə müsəlmanlara qarşı soyqırımı və etnik təmizləmə həyata keçirilməz, şiə müqəddəs məkanları vandalizmə məruz qalmazdı. Sadəcə, bu ştatlı azərbaycanofob İrandakı saxta dini rejimlə erməni kilsəsi arasında çirkin, mahiyyətcə antiislam, antişiə əməkdaşlığa bəraət üçün əsassız iddialar səsləndirir.

Avrasiya üzrə baş analitik Əmir Əlipurun təklifinə görə isə Bakının Tehran və İrəvan arasında konsulluq əlaqələrinin möhkəmlənməsinə qarşı həssaslığını azaltmaq üçün Azərbaycan və hətta Türkiyə ilə paralel diplomatiya qurmaq lazımdır.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxumağa davam et
Reklam
Reklam

Gündəm