Fransa bu razılaşmaya susur: Almaniyadan digər Avropa ölkələrinə mesaj verilir
Bizi izləyin

Nida Təhlil

Fransa bu razılaşmaya susur: Almaniyadan digər Avropa ölkələrinə mesaj verilir

“Azərbaycanın dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınması, artan nüfuzu, regionda sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də qlobal problemlərin həlli istiqamətində yürütdüyü siyasət ölkəmizi Avropa, Asiya, Afrika və Amerika ölkələri üçün cəlbedici edir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir:

“Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. Azərbaycan hər zaman Avropanın ən aparıcı ölkələrindən biri olan Almaniya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olub. Eynilə Almaniya da Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlarını hər zaman açıq olaraq ifadə edib. Sözsüz ki, Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə onun Yüksək Səviyyəli Seqmentində müzakirələrə dəvət olunması Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstəkdən irəli gəlir”.

Politoloq əlavə edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynaması və vacib tərəfdaş qismində çıxış etməsi də bu münasibətlərin inkişafına öz töhfəsini verir:

“Neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. Prezidentin Almaniyaya səfəri zamanı Almaniya kansleri də bu əməkdaşlıq üçün və enerji təchizatı sabitliyində ölkəmizin göstərdiyi vacib töhfəyə görə bir daha öz minnətdarlığını ifadə etməklə əslində ölkəmizin bu sahədəki rolunu bir daha bəyan etmiş oldu. Almaniya Avropanın bir sıra ölkələrindən fərqli olaraq Cənubi Qafqazda gedən prosesləri yaxından izləməsi və vəziyyəti düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul etməsi ilə seçilir. Avropa institutlarının həqiqətdən uzaq, anti-Azərbaycan mövqeləri sərgilədikləri bir vaxtda İlham Əliyevin Almaniyaya dəvət olunması və ən yüksək səviyyədə qarşılanması özü belə artıq bir göstəricidir. Bundan əlavə digər Avropa ölkələrinə verilmiş mesaj kimi qəbul olunmalıdır”.

Y.Bağırzadə Prezidentin Almaniya səfərinin bir sıra ciddi bəyanatlarla da yadda qaldığını diqqətə çatdırıb:

“Ölkə başçısı bir sıra məsələlərlə yanaşı, Ermənistanla normallaşma prosesindən, ölkəmizin sülh istiqamətində atdığı addımlardan da danışdı. Ermənistanla Azərbaycan arasında gedən danışıq prosesinin nəticəsi olaraq, sərhədlərin delimitasiyası və demarkasiyasının başlandığını, anklav olmayan 4 Azərbaycan kəndinin qaytarıldığını da vurğuladı. Həmçinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırdığını bildirən Azərbaycan Prezidenti sülhə nail olmaq üçün çox yaxşı fürsətlərin yarandığını qeyd etdi. Prezident həmçinin normallaşma prosesində Almaniyanın dəstəyini də qeyd etdi. Almaniya kanslerinin fevral ayında Münhendə Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçlü görüşü təşkil etməsi, daha sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində müzakirələri davam etdirməsi həqiqətən də təqdirəlayiqdir. Almaniya Fransadan fərqli olaraq prosesdə həqiqətən də neytral dövlət olaraq çıxış edir. Rəsmi Parisdən fərqini ortaya qoymuş oldu.

Dövlət başçısının Almaniya kansleri ilə birgə mətbuat konfransında Şoltsun Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etməsi də bunun bariz göstəricisidir. Çünki rəsmi Paris bu razılşamayla bağlı hələ də səsini çıxarmır və susmağa üstünlük verir. Bundan savayı Almaniya kanslerinin ölkəsinin Azərbaycanla tərəfdaşlığı davam etdirəcəyini bildirməsi, Cənubi Qafqazda bu il sülhün bərqərar olacağına olan inamını ifadə etməsi, Azərbaycanın alternativ enerjisinin Avropa bazarlarına nəqli layihəsinə dəstək verəcəyini bəyan etməsi özü də qərəzli dairələrə ünvanlanan mesaj olaraq qəbul edilə bilər”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm