Azərbaycanın hərbi və siyasi cəbhədə qalib gəldiyi döyüş – TƏHLİL
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın hərbi və siyasi cəbhədə qalib gəldiyi döyüş – TƏHLİL

Azərbaycan tarixinə qələbə olaraq düşən aprel döyüşlərindən bir il ötür.

Azərbaycan tarixinə qələbə olaraq düşən aprel döyüşlərindən bir il ötür. Azərbaycan Ordusu bu döyüşlərlə həm hərbi, həm də siyasi cəbhədə mənzərəni dəyişdirdi.

“Dördgünlük müharibə”: aprelin 2-dən 5-nə qədər davam edən toqquşmaların başlanmasına səbəb erməni hərbi birləşmələrinin cəbhədə təxribata əl atması idi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə düşmənə qarşı əks-hücuma keçdi və təxribatın qarşısını almaqla yanaşı, işğal altındakı ərazilərin bir hissəsini azad etdi. Həmin hadisələrin gedişatını və nəticələrini analiz etdikdə Azərbaycanın dörd gün davam edən müharibədə ciddi üstünlüklər qazandığı aydın görünür:

Strateji qələbə: 2 min hektar ərazi düşməndən təmizləndi. “Lələtəpə” yüksəkliyi, Talış və ətrafdakı strateji yüksəklikləri azad edilməklə ordumuz təmas xəttində mövqelərini gücləndirdi.
“Lələtəpə” yüksəkliyinin strateji baxımdan iki əhəmiyyəti var: Araz boyu istiqamətdə 10 kilometrlərlə məsafəni nəzarətdə saxlamaq; Füzulinin Horadiz və Cəbrayıl rayonunun Cocuq Mərcanlı yaşayış məntəqəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək.
Eyni mənzərə işğaldan azad olunan Talış və ətraf yüksəkliklərə də aiddir. Bu strateji mövqelərin düşməndən təmizlənməsi nəticəsində cəbhəboyu yaşayış məntəqələrində, həmçinin, Goranboy və Naftalan rayonlarında mülki əhalinin təhlükəsiz yaşayışı təmin olundu.

Strateji nəticələr

1. Strateji qələbənin gətirdiyi nəticələr ortadadır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə qayıdış başlandı. Hazırda ərazilərin minadan təmizlənməsi prosesi həyata keçirilir, bundan sonra, orada geri qayıdan qaçqınlar üçün yaşayış mənzilləri inşa olunacaq. Bu istiqamətdə işlər sürətlə aparılır.

2. Talış yüksəkliyi düşməndən təmizlənəndən sonra Ermənistan hakimiyyətinin bu istiqamətdə yerləşdirdiyi ermənilər oranı tərk etdi. Rusiyalı jurnalist İlya Barabanovun aprel döyüşlərindən sonra Talış kəndindən hazırladığı reportajda ermənilərin kəndi tərk etdiyi, sonuncu 50 nəfərin də tezliklə köçəcəyi deyilir. Bu ilin 25 fevral tarixində isə ermənilərin Talış kəndi üzrə icra nümayəndəsi Vilen Petrosyan etiraf etdi ki, kənddə cəmi 10-15 kişi qalır. Onların ailələri isə Talışda yaşamır.

Aprel döyüşləri və Prezident İlham Əliyevin qaçqaınların azad olunmuş ərazilərə qayıtması ilə bağlı verdiyi qərarlar QARABAĞA QAYIDIŞIN başlanğıcı hesab oluna bilər.

***

Siyasi qələbə: Münaqişənin nizama salınması prosesi ilə məşğul olan ATƏT-in Minsk qrupunun regiona “turist səfərləri” nəticəsində Qarabağda düşmənin xeyrinə olan status-kvo davam etməkdə idi. Həmsədrlərin bu fəaliyyəti dünya ictimaiyyətində münaqişənin “dondurulmuş” olduğuna dair yanlış fikirlər yaratmış və beynəlxalq güclər bu problemi rəfə qaldırmışdılar. Aprel döyüşləri ilə mənzərə dəyişdi. Azərbaycan ordusu problemi “tozlanmış rəf”dən götürdü və BMT Təhlükəsizlik Şurasının Qarabağa dair qətnamələrini onu qəbul edənlərin önünə çıxartdı.

Azərbaycan sübut etdi ki: İşğal olunmuş torpaqlardan vaz keçməyib; münaqişə “dondurulmuş” deyil; hər an ildırımsürətli hücumla ərazi bütövlüyümüzü bərpa edə bilər; o, müharibə istəmir, amma işğalın davam etməsinə icazə verə bilməz və işğala son qoymaq üçün atılacaq hər addıma görə məsuliyyəti işğalçı ölkə və onun arxasındakı güclər daşıyır.

Siyasi nəticələr

Və nəticə etibarilə, beynəlxalq diplomatiyanı hərəkətə keçirdi. Okeanın o tayından sülhə çağırışlar səsləndi. Rusiya baş diplomatını Bakıya göndərdi, Dmitri Medvedyev İrəvan-Bakı istiqamətində uçuşlara başladı. Döyüşlər o şərtlə dayandırıldı ki, münaqişənin həlli üçün danışıqlar prosesi ölü nöqtədən tərpənməlidir. 2016-cı ilin 16 may tarixində Vyana görüşü keçirildi. 20 iyunda Sankt-Peterburqda ikinci görüş baş tutdu. Razılığa gəlindi ki, münaqişə “mərhələli həll” variantı ilə həll olunsun. Sonrakı dövrdə Ermənistanın daxilindəki proseslər, beynəlxalq proseslər və Rusiyanın istəyi nəticəsində bu razılıq təxirə salındı.

Lakin aprel döyüşləri ilə Azərbaycan sübut etdi ki, bundan sonra münaqişəyə dair heç nə əvvəlki kimi olmayacaq; Ermənistan öz həyasız ərköyünlüyünü davam edə bilməyəcək, vəziyyət “dondurulmuş” qalmayacaq, ərazi bütövlüyümüzün bərpası üçün real addımlar atılacaq, düşmən işğal siyasətini yürüdə bilməyəcək; Bunların əksi demək, Azərbaycan əsgərinin gücü ilə qarşılaşmaq deməkdir.

***

Ermənistan aprel döyüşlərində həm hərbi cəbhədə, həm ideoloji cəbhədə, həm də siyasi cəbhədə məğlubiyyətə uğradı. Ordumuz düşmənin cəzasızlıq mühitindən istifadə edərək, illərdir yaratdığı hərbi, ideoloji, siyasi mifi alt-üst etdi.

Ermənistan Qərbdə arxasını “erməni lobbisi”, Şərqdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) söykəyərək, Azərbaycan torpaqlarında işğal siyasətini davam etdirir və düşünürdü:

- Azərbaycan Qarabağı azad etmək iqtidarında deyil.
- Azərbaycan Ordusu 90-cı illərin köhnə tanklara malik nizamsız ordudur.
- Azərbaycan I Qarabağ savaşının məğlub tərəfidir və heç vaxt bu sindromdan xilas ola bilməyəcək.

Azərbaycan əsgəri cəmi dörd gün ərzində düşmənin qalibiyyət xülyasını alt-üst etdi və regionda yeni reallığın əsasını qoydu.

a) Ordumuz rəsmi Bakının illərdir ilmə-ilmə toxuduğu diplomatik zəfərin nöqtəsini qoydu. Ermənistan nə dünyanın heç bir ölkəsindən, nə də indiyə qədər arxalandığı KTMT və “erməni lobbisi”ndən dəstək ala bilmədi.

KTMT-nin əsas üzvləri – Qazaxıstan və Belarus qəti şəkildə Azərbaycan əsgərinin ərazi bütövlüyü uğrunda döyüşünü dəstəklədi.

Rəsmi Minsk bir qədər də irəli gedərək, aprelin 4-də - döyüşlərin getdiyi bir vaxtda hərbi doktrinasına dəyişiklik etdi və ordusunun ölkədən kənar hərbi əməliyyatlarda iştirakını məhdudlaşdırdı. Bu, Lukaşenkonun “Azərbaycanla döyüşmək ehtimalı”na qarşı gedişi idi.

Rəsmi Astana isə açıq şəkildə Ermənistanı işğal etdiyi torpaqlardan geri çəkilməyə dəvət etdi. Hətta Nazarbayev apreli 8-də - atəşin dayandırılmasından 3 gün sonra Avrasiya İqtisadi İttifaqının İrəvanda keçirilməsi nəzərdə tutulan sammitinin yerini dəyişmək üçün hərəkətə keçdi və sammit aprelin 13-da Moskvada baş tutdu. Bu, Nazarbayevin “dördgünlük müharibə”dən sonra “İrəvana getmək Ermənistana dəstək kimi görünə bilər” ehtimalına qarşı addımı idi.

... Bu, Prezident İlham Əliyevin başlatdığı siyasi reformasiyanın Ali Baş Komandan İlham Əliyevin yumruğu ilə tamamlanması demək idi...

Ermənistanın okeanın o tayında “erməni lobbisi”ndən gözlədiyi dəstəyin kökünü Prezident İlham Əliyevm aprelin 1-də Vaşinqton səfəri ilə qazımışdı. Beləcə, düşmən öz kinində boğulub qaldı.

Ermənilər Qarabağın Azərbaycana qaytarılmasını tələb edir

Aprel döyüşlərində məğlubiyyət Ermənistnın daxilində ciddi çaxnaşmalara səbəb oldu. “Dördgünlük müharibə”dən bir il keçməsinə baxmayaraq, düşmən ölkə məğlubiyyət sindromundan çıxa bilmir, həmçinin, sadə ermənilər İrəvan rejiminə “bizim olmayan əraziləri sahibinə qaytar” tələbi irəli sürür.

Mənzərə belədir: “Bu bizim müharibə deyil”, yaxud “Serj, başqasının torpağını qaytar” deyən insanlar Qarabağı istəmir; İrəvan rejiminin Qarabağa göndərdiyi erməni hərbiçiləri arasında fərarilik artıb; Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi ermənilər buranı tərk edir; bu münaqişə ilə hakimiyyətini uzadan “Qarabağ klanı”nın içində ciddi çatlar yaranıb.

“Erməni Milli Konqresi”nin lideri Levon Ter-Petrosyan isə bu günlərdə açıqladı ki, “nə qədər gec deyil, daha az itki ilə Qarabağı təcili qaytarmalıyıq”. Onun bu çağırışı Ermənistan cəmiyyəti tərəfindən böyük dəstək qazandı.

***

Aprel döyüşləri sübut etdi ki, tezliklə işğal olunmuş torpaqlar azad olunacaq və orada Azərbaycan bayrağı dalğalanacaq.

Ali Baş Komandan İlham Əliyev də martın 31-də aprel döyüşlərinin iştirakçıları ilə görüşdə bunu açıq şəkildə bəyan etdi: “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm