• USD 1,7000 0,00% EUR 1,9338 +0,70%
    • GBP 2,1676 +0,38% RUB 0,0269 -0,37%

“Tank qatili”nin pozduğu DOSTLUQ, bir il sonra məhv olacaq “DÖVLƏT”... – GÜNÜN SİYASİ XÜLASƏSİ

“Tank qatili”nin pozduğu DOSTLUQ, bir il sonra məhv olacaq “DÖVLƏT”... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Dünya ölkələrinin hərbi gücünə görə yeni reytinqi dərc edilib. Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyaya ümid etməyin yersiz olduğunu açıqlayıb. Türkiyə Suriyanın Afrin bölgəsində quru əməliyyatı üçün hazırlıqlarını başa çatdırıb. Rusiya hərbiçiləri Afrin bölgəsindən çəkilir. Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin çatdırılması mövzusunda razılaşmanı təmin edib. İraqın Mosul şəhəri İŞİD terror təşkilatından tamamilə azad edilib. Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd planlaşdırıldığına dair iddia ölkəni bir-birinə qatıb.

“Global Firepower” beynəlxalq analitik mərkəzi dünya ölkələrinin hərbi gücünə görə yeni reytinqini dərc edib. “Dünya ölkələrinin hərbi gücü - 2017” adlı siyahıda 132 ölkə yer alıb.

Siyahıda Azərbaycan 59-cu, Gürcüstan 80-ci, Ermənistan isə 95-ci yeri tutub.

İndeksə əsasən, ABŞ hərbi güc üzrə dünya ölkələri arasında lider mövqeyini saxlayıb. Reytinqdə Rusiya ikinci, Çin isə üçüncü yerdə qərarlaşıb. İlk onluğa həmçinin Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya və Türkiyə daxil olub.

Qlobal hərbi güc indeksinin (Global Firepower Index) tərtib edilməsi zamanı hərbi xidmətə yararlı şəxslərin sayı, hərbi büdcə, hərbi hava və dəniz qüvvələrinin gücü nəzərə alınır.

Ermənistanın xarici işlər nazirinin müavini Savarş Koçaryan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyaya ümid etməyin yersiz olduğunu açıqlayıb. S.Koçaryan Rusiyanın Azərbaycana silah satması haqda məsələni şərh edərkən, Moskvanı tənqid edib.

“Təhlükəsizlik məsələsində Ermənistan özünə ümid etməlidir. Rusiya bizim müttəfiqimizdir, onunla münasibətlərə önəm veririk, lakin daha ona ümid etmək lazım deyil”, - deyə o bildirib.

Qeyd edək ki, iyunun 24-də Rusiyadan Azərbaycana 42 eşalon silah-sursat gətirilib. Gətirilən silahlar arasında “Tank qatili” adlandırılan “Xrizantema-S” raket kompleksləri var. Məhz bu silah Ermənistanda ciddi qorxulara səbəb olub.

Türkiyə Suriyanın Afrin bölgəsində quru əməliyyatı keçirəcək. Türkiyə Silahlı Qüvvələri YPG (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu - red.) terror təşkilatının nəzarəti altında olan Afrində əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.

Rusiya hərbiçiləri Türkiyə ordusunun əməliyyata hazırlaşdığı Suriyanın Afrin bölgəsindən çəkilir. Sosial şəbəkələrdə yayılan fotolarda rus hərbiçilərin olduğu müşahidə məntəqəsini boşaldığı görünür.

Türkiyə və Rusiya S-400 zenit-raket komplekslərinin çatdırılması mövzusunda razılaşmanı təmin edib. Bu haqda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin deyib.

O, kreditin məbləği ilə bağlı danışıqların davam etdiyini bildirib.

"Rusiya və Qərbin rəqabəti uzunmüddətli amildir. Yaranmış münasibətlər yekunda məhdud və ya genişmiqyaslı hərbi münaqişəyə gətirib çıxara bilər”. Bu haqda Strateji Araşdırmalar Mərkəzinin (SSR) məruzəsində deyilir.

“Avropa və dünya üçün belə münaqişənin nəticələri bütovlükdə acınacaqlı ola bilər. Rusiya və Qərbin rəqabəti uzunmüddətli amil olduğu üçün yaranmış vəziyyətdən çıxmaq son dərəcə çətin olacaq. Münasibətlərin keyfiyyətli dəyişikliyi həm Rusiyanın, həm də Qərbin ardıcıl və uzunmüddətli siyasətini tələb edəcək”, - məruzədə qeyd edilib.

Ekspertlər bildirirlər ki, Rusiya Qərblə qarşıdurmada uduzur.

“Rusiya və Çin ABŞ-ın təsirini zəiflətməyə çalışır”. Bu haqda ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin (RUMO) başçısı Stüart Vinsentin məruzəsində deyilir.

Məruzədə həmçinin bildirilir ki, ən yaxın on ildə Rusiyanın imkanları arta bilər. Qeyd edilir ki, Rusiya öz şərtləri ilə sabitliyin təminatı üçün hərbi gücdən istifadə etmək niyyətindədir.

Rusiya NATO-nun Şərqi Avropada qüvvətlənməsinə mane ola bilməyəcəyi üçün buna öz hərbi vasitələri ilə cavab verəcək. Bu sözləri Rusiyanın NATO-dakı təmsilçisi Aleksandr Qruşko deyib.

“2014-cü ildən bəri ardıcıl 3-cü dəfədir ki, NATO hərbi xərclərini artırır. Bu müddət ərzində büdcə 46 milyard dollar artıb. Təkcə alyansa üzv olan Avropa ölkələrinin ayırdığı 250 milyard vəsait Rusiyanın hərbi büdcəsindən 4 dəfə çoxdur. NATO ölkələrinin 2014-də əldə etdiyi razılığa əsasən, müttəfiqlərin hər biri 2024-ə qədər hərbi xərcləri 2 faiz həcmində artırmalıdır. Hazırda 29 ölkədən sadəcə bir neçəsi buna əməl edib. Əgər 2024-ə qədər alyansın bütün üzvləri razılaşmaya əməl etsə, o zaman sözügedən rəqəmlər NATO-nun açıqladığından dəfələrlə çox olacaq. Bütün bunlar yeni silahlanma yarışının başlanmasına səbəb ola bilər”, - deyə Qruşko açıqlama verib.

Suriyanın yeni kimyəvi hücuma hazırlığı kimi təhrikedici iddia yalnız Dəməşqə deyil, eyni zamanda Rusiyaya qarşıdır. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ağ Evin Suriya hökumətinin yeni bir kimyəvi hücuma hazırlanması iddiasına cavab olaraq deyib.

“Bu nə yeni, nə də orijinal bir iddiadır. Bu Suriyaya qarşı yeni hərbi müdaxilənin qığılcımları, ABŞ-ın Suriyada tətbiq edəcəyi tipik bir strategiyanın parçasıdır”, - Zaxarova bildirib.

Xatırladaq ki, Ağ Ev sözçüsü Şon Spayser və Pentaqon sözçüsü Adrian Rankin-Qollivay Əsəd rejiminin kimyəvi silahdan istifadə etməyə hazırlaşdığını söyləyib.

ABŞ prezidenti Donald Tramp məsləhətçilərdən Rusiyaya mümkün güzəştlərin siyahısını hazırlamağı xahiş edib. Bu haqda Böyük Britaniyanın “The Guardian” nəşri vəziyyətlə tanış olan Ağ Evin keçmiş məmurlarına istinadən yazıb.

Güzəştlər siyahısından 7-8 iyun tarixlərində Almaniyada keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşdə istifadə edilməsi nəzərdə tutulur. Amma nəşrin həmsöhbətlərinə görə, Rusiya və ABŞ prezidentlərinin birinci görüşü çətin ki, iki ölkənin münasibətlərində sıçrayışa gətirib çıxara.

Qəzetin məlumatına görə, Trampın Putinlə tam formatda görüş üçün təkid etməsi Ağ Ev administrasiyasında narazılıq yaradıb. Administrasiyanın bəzi məmurları hesab edirlər ki, Putinlə görüş “qısa və qeyri-formal” olmalıdır.

Görüşün formatı indiyə qədər müəyyən edilməyib.

İranı tam şəkildə bütün yardımlardan təcrid etmək lazımdır. Bunu jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster söyləyib.

“İran region ölkələrdə zəif ərəb hökumətlər qurmaq istəyir. Bununla da o həmin ölkələri özündən asılı vəziyyətə salmaq niyyətini güdür”, – o bildirib.

Şimali Koreya lideri Kim Çen Ina sui-qəsd planlaşdırıldığına dair iddia ölkəni bir-birinə qatıb. Sabiq Cənubi Koreya prezidenti Pak Kın Xenin Şimali Koreya liderinə qarşı sui-qəsd təşkil etdiyi iddiası edamla nəticələnə bilər.

Şimali Koreyanın Dövlət Təhlükəsizlik, Xalq Təhlükəsizlik nazirlikləri və Mərkəzi Dövlət Prokurorluğunun birgə açıqlamasına görə, Pxenyan rəhbərliyi Pak Kın Xeni və Milli Kəşfiyyat Xidmətinin (NIS) keçmiş rəisi Li Byoung Honu Kim Çen Ina sui-qəsd planlaşdırmaqda günahlandıraraq ölümlə cəzalandırılacaqlarını bildirib.

Ukrayna prezidenti Pyotr Poroşenko Konstitusiya komissiyasına Krımın statusu haqqında dəyişikliklərlə bağlı layihəni hazırlamağı tapşırıb. Bu haqda Ali Radanın deputatı Yuri Çijmar deyib.

“Biz anladıq ki, hazırda Krımın Muxtar Respublikası artıq unitar ölkənin tərkibində mövcud ola bilməz”, - parlament üzvü bildirib.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib. Moskva yarımadanın referendumun nəticəsinə görə Rusiyaya birləşdirildiyini iddia edir. Qərb isə ilhaqı tanımayacağını bildirir.

ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi Rusiyanın təcavüzünə əks addımlar olaraq raket silahının yaradılmasının yeni proqramını hazırlamağa, Avropada müttəfiqləri dəstəkləməyə, həmçinin Ukraynaya öldürücü silah verməyə çağırıb.

Bu haqda komitə tərəfindən hazırlanmış 2018-ci ildə milli müdafiəyə təxsisatlar haqqında qanun layihəsində deyilir.

İraqın Mosul şəhəri İŞİD terror təşkilatından tamamilə azad edilib. Bu haqda İraq Müdafiə Nazirliyinə istinadən “Sky News Arabia” telekanalı bildirib.

“Mosulda İŞİD-in nəzarətində heç bir rayon qalmayıb. Döyüşçülərin kapitulyasiyadan başqa çıxış rolu yoxdur. İraqda İŞİD həmişəlik bitdi”, - nazirlik açıqlayıb.

İŞİD terror qruplaşması bundan sonra bir il yaşamayacaq. Bu proqnozla IHS Markit beynəlxalq ekspert təşkilatının nəzdində fəaliyyət göstərən “Conflict Monitor” analitik qrupunun məruzəsində deyilir.

Ömər Dağlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR