Mehman Hüseynov oyununun əsl məqsədi - Avropanın GERÇƏK ÜZÜ
Bizi izləyin

Nida Təhlil

Mehman Hüseynov oyununun əsl məqsədi - Avropanın GERÇƏK ÜZÜ

“Birinin üzərinə palçıq at, təmizləyənə qədər hər kəs onu üstü palçıqlı görəcək”.

Son günlər gündəmdən düşməyən, daha doğrusu, süni şəkildə gündəmdə saxlanılan Mehman Hüseynov məsələsində Azərbaycan bu situasiya ilə üz-üzə qaldı. Və belə görünürdü ki, sanki bütün bu proseslər Mehman Hüseynovdan xəbərsiz aparılır. Çünki “Mehman Hüseynov quru aclığa başladı”, “13 gündür aclıq aksiyası davam edir” tipli xəbərlərin istehsalından sonra Ombudsman Aparatının əməkdaşları, həmçinin Azərbaycanın hüquq müdafiəçiləri həbsxanada haqqında bəhs edilən şəxslə görüşdü. Görüşdən çəkilən fotolar, ardınca hüquq müdafiəçilərinin təəssüratları “aclıq kampaniyasının” mahiyyətini ortaya çıxardı. Və bəlli oldu ki, Mehman Hüseynov onun haqqında bəhs edildiyindən, hətta “13 gün ac olduğundan” o qədər də məlumatlı deyil.
Ola bilsin ki, M.Hüseynov etiraz aksiyası keçirib, lakin insan orqanizminin quru aclığa 3-4, maksimum 5 gündən artıq tab gətirmədiyini bilmək üçün tibb üzrə fəlsəfə doktoru olmağa ehtiyac yoxdur. 13 gün quru aclıq! Sadə məntiq belə daxildə və xaricdə müəyyən dairələrin məsələni şişirdərək, Azərbaycan üzərinə palçıq atmağa cəhd etdiklərini göstərir və böyük ehtimalla, burada Mehman Hüseynov vasitə, daha doğru desək, qurban olaraq seçilib.

Onu qurban seçən və Azərbaycanı bu qurban üzərindən “palçıqlı” göstərməyə çalışan Avropanın özü doğrudanmı “təmiz”dir?!

Qərb demokratik dəyərlərdən danışır; “Bu ölkədə demokratik dəyərlər pozulur” deyə barmaq silkələyir; yaxud “Azərbaycanda filan-filan dəyərlərə əməl edilmir” deyə hər addımbaşı, daha doğrusu, siyasi maraqların həyata keçirilməsi zamanı ittihamlar havada uçuşur; milli hökumətlərin üzərinə “Avropa standartları”, “liberalizm”, “humanizm” və s. mesajları göndərir.

Hərçənd, öz içində bu dəyərləri çoxdan rəfə qaldırıb.

“Demokratiyanın beşiyi” adlandırılan Fransada “sarı jiletlilər”in başına açılan oyunlar Avropanın reallığını çılpaqlığı ilə göstərdi. 17 noyabr 2018-ci ildən etibarən “sarı jiletlilər”in keçirdiyi aksiyalarda 5600 nəfər saxlanılıb, 1000-dən çoxu həbs edilib. Aksiyalarda 10 nəfər ölüb, 1000-dən çox insan isə yaralanıb. Etirazçıları sözün əsl mənasında əzən Fransa hökuməti isə icazəsiz mitinq keçirənlərə qarşı qanun hazırlayır.

2017-ci ildə İspaniyada katalonların etirazları qanla yatırıldı. 1000-ə yaxın sivil vətəndaş yaralandı və bu gün də ispan polisinin katalonlar üzərində təzyiqi davam edir.

Demokratiyanın qoruyucuları timsalında çıxış edən beynəlxalq təşkilatlarsa susur.

2011-ci ildə Britaniyada kütləvi iğtişaşlar baş qaldıranda, Fransada 2014-cü ildə su bəndinin tikintisinə etiraz edən nümayişçilər döyülərək öldürüləndə, Almaniyada 2010-cu ildə Ştutqartda 400 nəfər nümayişçi vəhşicəsinə döyüləndə, digər Avropa ölkələrində, həmçinin ABŞ-da polis kütləyə hücum edəndə, jurnalistlər ciddi təzyiqlə üz-üzə qalanda bu, haqlı və ədalətlidirmi?

Demokratiya - sizin başınızın üzərindəki hava şarıdır, gözlərinizi zilləyib ona baxdığınız vaxt o birilər sizin ciblərinizi boşaldır”.

Avropanın mövcud vəziyyəti fonunda irland yazıçı Bernard Şounun bu sözləri yerinə düşür. Qərb dairələri milli dövlətləri məhz o şara baxmağı tələb edir, özü isə “cibləri boşaltmaqla” məşğuldur. Kim bu “qaydalara” əməl etmirsə, bütün vasitələrlə üzərinə hücum edilir, Azərbaycan kimi...

Bu gün Avropada təkcə insan haqları kobud şəkildə pozulmur, təkcə söz azadlığına, sərbəst toplaşmaq hüququnun qadağan edilməsi qanuniləşdirilmir. “Köhnə Qitə” sözün həqiqi mənasında “insan ovu”na çıxıb.

Miqrant düşərgələrində baş verən dəhşətlər çox güman ki, XXI əsrin qara səhifələri olaraq tarixə yazılacaq...

“Bütün müsəlmanları öldürün”, Avropa paytaxtlarında bu şüarın səslənməsi adi hal alıb. Xüsusilə 2015-ci ildə “PEGİDA”-nın (Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar) Praqada keçirdiyi toplantıda Yaxın Şərqdən və Afrika çöllərindən Avropaya axın edən müsəlman miqrantlara qarşı hücum qərarının verilməsindən sonra dəhşətli günlər başlandı. “Praqa Deklarasiyası” adlanan sənədi qəbul edənlər “Avropanın İslamlaşdırılmasına qarşı savaşmaq hamımızın ortaq məqsədidir” deyə bəyan etdilər.

Müsəlmanların məhvinə qarşı şüarlar əvvəlcə millətçilər tərəfindən səslənsə də, daha sonra rəsmilər də eyni şüarların əsirinə çevrildi.

“Miqrantları dənizə tökün, qanunları tapdalayın. Boğulub, boğulmayacaqları məni maraqlandırmır”.

Belçikanın miqrantlarla iş üzrə naziri Theo Françen belə deyirdi.

Ardınca “miqrant ovu”na başlandı. PEGİDA-nın rəhbərlərindən olan 52 yaşındakı Almaniya vətəndaşı Tatyana Festerlinq və onun dəstəsi son 3 ildə Türkiyə-Bolqarıstan sərhədində qeyri-qanuni yollarla Avropaya getmək istəyən miqrantları təqib edirlər. Onun dəstəsində keçmiş hərbçilər də var. “Daly Meyl” nəşri yazır ki, 2100-cü ildə varlılar arasında ən məşhur məşğuliyyət insan ovu olacaq. Görünür, bu dövr artıq Avropada başlayır.

Lankaşira Mərkəzi Universitetinin professoru Deniel Rayt (Daniel Wright) və onun həmkarları isə hesab edirlər ki, təxminən 2200-ci ildə insan ovu məşhur “Aclıq oyunları” filmindəki kimi populyar olacaq. Miqrant düşərgələrindəki vəziyyət əsl “Aclıq oyunları” filmini xatırladıq.

Miqrant düşərgələrinə edilən hücumların sayı isə hər gün artmaqdadır. Almaniya təhlükəsizlik xidmətlərinin verdiyi məlumatlara görə, bu ölkədəki düşərgələrə 2014-cü ildən indiyə qədər 3 mindən artıq hücum edilib. Düşərgələrlə yanaşı, məscidlərə də hücumlar olunur. Hücum edənlər məscidləri murdarlayır və ora donuz tullantıları atırlar. Bu, Avropada “vicdan azadlığı”nın səviyyəsini göstərir. Almaniyanın federal kriminal xidmətinin prezidenti Holqer Myunx “Tagesspiegel” nəşrinə müsahibəsində bildirib ki, 1998-ci ildən 2011-ci ilə qədər Almaniyanın hər yerində miqrantları öldürən radikal sağçıların “zirzəmilərdən çıxması” riski artır. Müsəlmanlara edilən hücumların arxasında nasistlərin olması faktı da bunu deməyə əsas verir.

Azərbaycanda hər hansı kiçik bir hadisəni şişirdən, siyasiləşdirən Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, həmçinin BMT-nin əlaqədar qurumları “Köhnə Qitə”də baş verənləri, hətta bu gün Fransada etiraz aksiyalarının boğulmasının davam edilməsini niyə sükutla izləyirlər? Ümumiyyətlə izləyirlərmi?

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm