Prezidentimizin bu sərəncamının böyük əhəmiyyəti var - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Prezidentimizin bu sərəncamının böyük əhəmiyyəti var - ŞƏRH

“Prezident İlham Əliyevin Şeyxülislam Hacı Allahaşükür Paşazadə ilə bağlı imzaladığı sərəncam din-dövlət münasibətlərinin möhkəmlənməsi uğrunda mübarizə aparan hər kəs tərəfindən birmənalı olaraq alqışlandı”.

Bu sözləri Publika.az-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

C.Əzimbəyli bildirib ki, bu sərəncamla Azərbaycanda milli, mənəvi, dini dəyərlərin həqiqi himayəçisinin dövlət olduğunu gördük:

“Sərəncam, şəxsən, Azərbaycanın dövlət başçısının bu məsələyə necə diqqətli yanaşmasının əyani sübutu oldu. Şeyx həzrətlərinin fəaliyyətinin 40 illiyi ilə bağlı demək istəyirəm ki, istər regionda, istərsə də İslam ölkələrində Allahaşükür Paşazadənin nüfuzunun olması faktı var. Onun sülhün və əmin-amanlığın, vəhdətin qorunmasında göstərdiyi xidmətlər dövlət tərəfindən təqdir olunur. Bu məqamda, xüsusi olaraq, 20 Yanvar faciəsi dövründə Allahaşükür Paşazadənin çəkdiyi əziyyətləri vurğulamaq istəyirəm. Hadisənin iştirakçılarından biri kimi deyə bilərəm ki, şeyxin xalqımızın, birlik və bərabərliyin, müstəqilliyimiz uğrunda mübarizə aparan şəhidlərin dəfn mərasimlərində göstərdiyi fədakarlıq Azərbaycan tarixində hər zaman mübarək hadisə kimi qalacaq.

Digər tərəfdən, ölkəmizdə tolerantlığın, dinlərarası, məzhəblərarası münasibətlərin hər zaman dözümlü şəkildə hökm sürməsində, dini bərabərliyin yaşadılmasında şeyxin xidmətləri danılmazdır. Bu baxımdan, prezidentimizin imzaladığı bu sərəncamı alqışlayıram. Çünki Prezidentimizin bu sərəncamının böyük əhəmiyyəti var”.

Qeyd edək ki, Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm