“Qarabağ kəfkiri”: Kremlin sirli gedişi və masadakı oyun
Bizi izləyin

Nida Təhlil

“Qarabağ kəfkiri”: Kremlin sirli gedişi və masadakı oyun

Rusiyanın “Kommersant” nəşrində “Qarabağ kəfkiri” adlı məqalə dərc olunub.

Publika.az
xəbər verir ki, rusiyalı politoloq Sergey Markedonovun müəllifi olduğu məqalə münaqişə ətrafındakı vəziyyət və Rusiyanın “çağırışını” anlamaq baxımından maraqlıdır.

S.Markedonov yazır ki, Bratislavada ATƏT-in XİN rəhbərlərinin 26-cı iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu oldu: “Bununla Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan 2019-cu il ərzində beşinci dəfə görüşdülər Bu təmaslara Azərbaycan və Ermənistan liderlərinin də görüşlərini əlavə edəndə, danışıqlar prosesinin intensivləşdiyini görmək olur. Lakin bütün bunlar Cənubi Qafqazın ən mürəkkəb problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı praktiki nəticələrin əldə olunmasına gətirib çıxarmadı”.

Rusiyalı politoloq qeyd edir ki, münaqişə tərəfləri mövcud məsələlər - Dağlıq Qarabağın gələcək statusu, ətraf rayonların azad edilməsi və qaçqınların qayıdışı – üzrə güzəştlərə hazır deyil.

“Atəşkəs sazişinin 25 ili tamam olsa da, cəbhədə müddətsiz atışmalar olur. Və biz “Qarabağ kəfkiri” işini görürük, nə vaxt danışıqların raundu başlayır, təmas xəttində tərəflər toqquşurlar. Bu toqquşma təkcə təmas xəttində yox, Azərbaycan və Ermənistan arasındakı dövlət sərhədində də müşahidə olunur. Bütün bunlar o deməkdir ki, danışıqlar və görüşlər mənasızdır? İlk baxışda belədir, çünki hiss olunan nəticə yoxdur. Lakin predmetlə daha dərin tanışlıq və adekvat qiymətləndirmə zamanı cavablar birmənalı deyil. Hər iki tərəf güzəştlər üçün kifayət qədər siyasi iradə göstərmir və birinin digərini boğacaq qədər potensiala da malik deyillər. Nəticə kimi “Qarabağ kəfkiri” diplomatik formata güc tətbiqinin əlavə edilməsi üzrə hərəkət edir”, - o bildirir.

Sergey Markedonov hesab edir ki, mövcud vəziyyətdə münaqişənin idarə edilməsi prinsipial olaraq əhəmiyyətlidir: “Əgər sülhə nail olmaq alınmırsa, onda təmas xəttində eskalasiyanın qarşısını almaq və dialoqu saxlamaq yaxşı nəticədir”.

Rusiyalı politoloqun bu fikirləri münaqişənin mövcud vəziyyətini anlamağa imkan verir, lakin onun “mövcud vəziyyətdə münaqişənin idarə edilməsi prinsipial olaraq əhəmiyyətlidir” çağırışı diqqət çəkir və heç də təsadüfi deyil. Çünki 2019-cu ildə münaqişənin həlli ilə bağlı Qərbdə müəyyən çağırışlar və təkliflər irəli sürülmüşdü. Bu, danışıqlarda Rusiyanın monopoliyasını zəiflətdi. Moskvanın həll variantı – rayonların qaytarılmasından sonra, rusiyalı sülhməramlıların Qarabağa daxil olması – qəbuledilməzdir. Bu varianta alternativ olaraq, ABŞ-ın irəli sürdüyü – “Bolton planı” kimi tanınan və işğalçı ölkəyə iqtisadi dəstək qarşılığında ərazilərin qaytarılmasını nəzərdə tutan variant daha cəlbedicidir. Rusiya alternativ variantın həyata keçməsini istəmir, xarici işlər naziri Sergey Lavrovun İrəvan və Bakı səfərləri və səsləndirdiyi bəyanatlar da bunu deməyə əsas verir. Bu proseslər fonunda tanınmış rusiyalı ekspertin “Kommersant” kimi nüfuzlu nəşrdə qələmə aldığı “Qarabağ kəfkiri” adlı məqaləsi və “mövcud vəziyyətdə münaqişənin idarə edilməsi prinsipial olaraq əhəmiyyətlidir” çağırışı Kremlin öz niyyətini ictimai rəyə yeridilməsi gedişi olduğu ehtimalını önə çıxarır. İndiki situasiyada münaqişənin olduğu kimi qalması Rusiyaya sərf edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm