• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Azərbaycan danışıqlar prosesindən əlini üzüb, müharibənin başlaması ... - MÜSAHİBƏ

Azərbaycan danışıqlar prosesindən əlini üzüb, müharibənin başlaması ... - MÜSAHİBƏ

Teleqraf.com-ın suallarını politoloq Qabil Hüseynli cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

– Qabil müəllim, Prezident İlham Əliyev iyulun 6-da yerli televiziya kanallarına müsahibəsində bir sıra vacib məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinə toxunub. Əvvəlcə istərdik dövlət başçısının ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyətsizliyinə dair söylədiyi fikirlər ətrafında müzakirə aparaq...

– İşğal edilmiş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma, xüsusilə həm də qeyri-qanuni iqtisadi fəaliyyət, məsələn Kəlbəcər rayonunda yeni su anbarının və su elektrik stansiyasının tikintisi ilə bağlı cəhdlər həyəcan doğuran siqnallardır. Əgər indiyədək işğal edilmiş ərazilərin meşə təsərrüfatını kəsib, doğrayıb aparırdılarsa, faydalı qazıntılarını çıxarıb başqa ölkələrə sayırdılarsa və ya özləri istifadə edirdilərsə indi özləri sözün həqiqi mənasında məskunlaşma prosesi gedir. Məskunlaşma prosesi ilə yanaşı həmin bölgələrdə iqtisadi fəaliyyət növləri dirçəldilir və nəticə etibarilə belə təsəvvür yaradılmasına çalışılır ki, Dağlıq Qarabağın hüdudlarından kənarda belə işğal edilmiş torpaqlar ermənilər tərəfindən əbədilik işğal edilib və bunların geri qaytarılması haqında düşünülmür. Yəni ən azından “obıvatel”də, sıravi ermənidə belə bir yanlış təsəvvür formalaşdırılmasına çalışılır. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə ATƏT-in faktaraşdırıcı missiyasına müraciət edib. Onlar da gəliblər, baxıb görüblər ki, evlər tikilir, məskunlaşdırma prosesi həyata keçirilir və sair. Bunların hamısını qeydə alaraq ümumiləşdirilmiş arayışlar hazırlayıb və bu arayışlar nəticəsində bir növ başqatıcı məlumatlar verib. Bütün bunlar onu göstərir ki, ATƏT-in həm Minsk qrupu, həm onun tərkibində fəaliyyət göstərən faktaraşdırıcı missiya öz vəzifəsinin öhdəsindən ləyaqətlə gələ bilmir. Bəzən qanun pozuntuları ilə bağlı Ermənistan tərəfinə güclü təzyiq edə bilmir, yaxud hadisələrin üzərindən sükutla ötüb keçirlər. Prezident İlham Əliyev bununla bağlı həyəcan siqnalı verdi və bildirdi ki, belə qeyri-qanuni məskunlaşmalar və iqtisadi fəaliyyətlər son nəticədə ciddi qarşıdurmalara və hətta müharibə vəziyyətinin yaranmasına gətirib çıxara bilər.

– Faktaraşdırıcı missiya artıq 10 ildir ki, işğal olunmuş ərazilərə səfər etmir. Belə olan təqdirdə onun hansı fəaliyyətindən danışmaq olar?

– Bəli, faktaraşdırıcı missiya yaradıldıqdan sonra bir neçə dəfə işğal olunmuş bölgələrə baş çəkdi. Orada məskunlaşma, qeyri-qanuni istisadi fəaliyyət, hətta fauna və floranın amansızlıqla talan edilməsi ilə bağlı faktları aşkara çıxardı. Hesabata saldı. Amma nə bunların müqayisəsi təşkil edildi, nə də bununla bağlı Ermənistanın siyasi rəhbərlyinə müəyyən məcbiredici, təlqinedici tövsiyələr söylənildi. Yəni bunlar əslində cinayət tərkibi yaradan faktlar idi. Bu məsələlər beynəlxalq məhkəmələrə verilməli və orada müzakirə edilməli idi. Ermənistan tərəfinin bu qeyri-qanuni fəaliyyətinə bir sədd çəkilməli idi. Əfsuslar olsun ki, bu sədd çəkilmədi. Prezident də təəssüflə bildirdi ki, bu faktaraşdırıcı missiya demək olar öz fəaliyyətindən bir xeyli uzaqlaşıb. Öz fəaliyyətini yerinə yetirmir, ATƏT-in və digər beynəlxalq təşkilatların rəhbərliyi də bu məsələdə lazımi addımlar atmır.

– Prezident İlham Əliyev onu da bildirib ki, bu gün faktiki olaraq danışıqlar prosesi getmir, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir...

– Bəli, Prezident doğru qeyd edib. Məsələ ondadır ki, biz uzun müddətdir ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışırıq və bu fəaliyyətin heç bir səmərə vermədiyini vurğulayırıq. Artıq uzun müddətdir ki, danışıqlar prosesində pauza yaranıb. Ermənistan rəhbərliyi danışıqlaqla bağlı ağlına gələni danışır. Danışıqlar prosesinin həm formatı, həm də iştirakçıları ilə bağlı öz bildiyini dünya ictimai rəyinə yeritməyə çalışır. Amma bu məsələdə nə ATƏT-in Minsk qrupu həmsədrlərinin, nə də ATƏT-in özündən pozitiv xarakterli, prosesləri müəyyən konstruktiv məcraya yönəldəcək səs eşidilmir. Prezident haqlı olaraq bildirir ki, bu yaxınlarda ATƏT-in Minsk qrupu müəyyən tənqidlərdən sonra güclə xarici işlər nazirləri arasında videokonfrans şəklində görüş keçird. Amma görüşün gündəliyi tamamilə boş və mənasız məsələlərlə həsr edilmişdi. Yəni problemi yerindən tərpədəcək, sülhyaratma prosesinə töhfə verəcək məsələlər deyil, tamamilə başqa məsələlərə həsr olunmuşdu. Yəni, faktaraşdırıcı missiyanın araşdırmalı olduğu məskinlaşma, qeyri-qanuni iqtisadi fəaliyyət və sair məsələlərin müzakirəsinə həsr edildi və qısa müddətdə də başa çatdı. Prezident doğru olaraq bildirib ki, bu görüşlər sırf imitasiya xarakteri daşıyıb, gözə kül üfürmək, yaxud gözdən pərdə asmaq idi. Ona görə də bu cür görüşlərin keçirilməsindənsə keçirilməməsi daha yaxşı olardı. Yəni belə təsəvvür yaranır ki, videokonfrans vasitəsilə görüşlər sözün həqiqi mənasında danışıqlar prosesinə impuls verə, onu yerindən tərpədə bilmir. Danışıqları irəli apara biləcək fikirlər, ideyalar irəli sürə bilmir. Bir sözlə danışıqlar prosesi artıq erməni işğalını pərdələyən bir vasitəyə çevrilib.

– Dövlət başçısı hərb variantının istisna olunması ilə bağlı həmsədrlərin fikirlərini tənqid edib və bildirib ki, heç kimin aprel döyüşləri yadından çıxmasın. Sizcə indiki mərhələdə müharibə ehtimalı nə dərəcədə realdır?

– Prezidentin bu sözləri, yəni BMT Nizamnaməsinə istinad etməsi, BMT-nin Nizamnaməsi əsasında Azərbaycanın atacağı addımların proqnozunu verməsi, onun 2016-cı ilin aprel döyüşlərini Azərbaycanın atacağı addımlara misal gətirərək söyləməsi göstərir ki, ölkəmiz danışıqlar prosesindən və danışıqlar prosesinin belə məzmunsuz, mənasız aparılmasından tamamilə usanıb. Son dövrlərdə Azərbaycan Ordusunun keçirdiyi döyüş təlimləri, döyüş şəraitinə yaxınlaşdırılmış təlimlər, təmas xətti boyunca keçirilən təlimlər, yeni silahların alınması və Azərbaycan Ordusunun zərbə gücünün artırılması istiqamətində atılan addımlar onu göstərir ki, ölkəmiz danışıqlar prosesindən demək olar əlini üzüb və bütünlüklə öz gücünü və qüdrətini torpaqlarımızın BMT-nin Nizamnaməsində nəzərdə tutulan özünümüdafiə prinsiplərə uyğun müddəalara yönəldib. Azərbaycan bu müddəalara uyğun hərəkət edərək ölkənin ərazi bütövlüyünü hərb yolu ilə bərpa etmək niyyətindədir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR