Makron ədalətsizliyi və terrorçunu dəstəkləyir - Professor
Bizi izləyin

Nida Təhlil

Makron ədalətsizliyi və terrorçunu dəstəkləyir - Professor

Emmanuel Makron nəinki Fransada yaşayan erməni seçicilərin səsi uğrunda mübarizə aparır, eyni zamanda bütün müsəlman aləmində destabilizasiya yaratmağa çalışır. Makron son günlərdə verdiyi açıqlamaları ilə çox şey itirib. Ümumiyyətlə, həm avtoriteti, həm hörməti, həm də fransız xalqı arasında nüfuzu aşağı düşüb.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib. Professor bildirib ki, bu yaxınlarda aparılan sorğunun nəticələrinə əsasən Fransa xalqı arasında Makronun nüfuzu 30 faizdən aşağı təşkil edib:

“Belə olan halda Makron kimi siyasi fiqurun ortaya düşüb hər hansı problemi həll etməyə çalışması heç bir inam yaratmır. Bu gün Makron elə bir güclü siyasi fiqur deyil ki, hər hansı dövlətin arxasında dayanmaq ona uğur gətirsin. Azərbaycan xalqı Makronun simasını yaxşı tanıyır. Keçmişi, onun mənəvi əxlaqi keyfiyyətləri barədə bütün dünya məlumatlıdır. Şübhəsiz ki, Qafqazda erməniləri dəstəkləməklə Makron öz ölkəsində reytinqini qaldırmağa çalışır. Lakin bu, ona nəsib olmayacaq. Çünki Makron ədalətsizliyi və terrorçunu dəstəkləyir. Makron başqasının torpağına təcavüz etmiş işğalçı dövləti dəstəkləyir. Bu üsulla heç bir siyasətçi heç bir halda özünə reytinq qazana bilməz. Artıq bütün dünya Ermənistanın necə bir dövlət olduğunu dərk edib. Beynəlxalq qurumlar Ermənistanın mahiyyətini başa düşür və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı olduğunu tamamilə anlayır. Odur ki, beynəlxalq təşkilatlar məsələnin ədalətli həllinə səs verəcəklər. Uduzan sadəcə Fransa və Ermənistanı dəstəkləyən qüvvələr olacaq”.

Professor qeyd edib ki, Emmanuel Makron prezident seçiləndə Fransa ziyalıları sevinməmişdi:

“Bir neçə beynəlxalq konfransda iştirak etmişəm, bu konfranslardan biri dövlətlərin həmrəylik mövzusuna həsr olunmuşdu. Hüquqşünas alimlər mənzil problemi ilə bağlı Fransada həmrəy olan insanların faizini açıqlamışdı. Bu, təəssüf doğuran məsələ idi ki, Fransa kimi Avropanın mərkəzində yerləşən bir dövlətdə mənzil məsələsinin həllində nə qədər anlaşılmaz məsələlər var. Konfransda çıxış edən alimlərin böyük əksəriyyəti bunu Makronun uğursuz siyasəti ilə bağlayırdı. Onun əhalinin mənzillə təmin olunması istiqamətində apardığı siyasət heç də Fransa xalqının mənafeyinə xidmət etmir. Fransız xalqı həssas və düşünən xalqdır, onlar Avropada nümunəvi çıxış edən xalq kimi özünü göstərib. Ümidvaram ki, Makronun uğursuz siyasətçi olduğunu dərk edirlər və dərk edəcəklər. O, Ermənistanı dəstəkləməklə əksinə, Fransa xalqının qarşısında reytinqini daha da aşağı salacaq”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm