Dövlət başçısı informasiya cəbhəsində Ermənistana güclü zərbələr vurdu - Deputat
Bizi izləyin

Nida Təhlil

Dövlət başçısı informasiya cəbhəsində Ermənistana güclü zərbələr vurdu - Deputat

“Dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk dövründən informasiya sahəsinə çox ciddi diqqət yetirib və bu sahədə çalışan rəsmi qurumlara tapşırıqlar verib, qeyri-rəsmi qurumlara da müraciətlər olunub. Biz düşməni bütün istiqamətlərdə, o cümlədən də informasiya istiqamətində üstələməliyik. Prezident İlham Əliyev son dövrlər xarici televiziya kanallarına verdiyi müsahibələrlə düşməni informasiya müstəvisində də məğlub etdiyini bir daha nümayiş etdirdi”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, bizim informasiya sahəsində apardığımız uğurlu işlər düşmənin uzun illər saxta informasiya məkanını məhv edib və bundan sonra da ifşa etməlidir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə, onun şəxsən nəzarəti altında bu gün bu iş yüksək səviyyədədir. Sentyabrın 27-də Ermənistanın növbəti təxribatı nəticəsində bərpa olunan hərbi əməliyyatlar dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrdə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın haqlı mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb".

E.Məmmədovun sözlərinə görə, Ermənistan bütün istiqamətlərdə məğlubiyyətə uğradığı kimi, informasiya cəbhəsində də Azərbaycanın uğurları onları üstələyib: "Bu da həm Prezidentin apardığı uğurla fəaliyyət, həm də başqa sahələrdə olduğu kimi informasiya sahəsində də saxtakarlığa və riyakarlığa yol verilməməsi ilə bağlıdır. Azərbaycanın informasiya siyasəti, ideoloji işi qanunlara, haqq və ədalətə, doğruya əsaslanır. Həm də biz bu cəhətə görə üstün gəlirik. Dövlət başçısının son proseslər başlamamışdan öncə beynəlxalq səviyyəli tədbirlərdə olan çıxışlarına diqqət yetirsək görərik ki, bu, bir növ hazırlıq mərhələsidir. Prezident ermənilərin son təxribatlarından öncə informasiya sahəsində Ermənistana güclü zərbələr vurdu, erməni baş nazirini beynəlxalq ictimaiyyət qarşısında susdurdu. Bunlar hamısı vacib şərtlərdir və hesab edirəm ki, informasiya və ideoloji iş çox güclü və kəskin silahdır. Biz bu silahdan düzgün istifadə etməyi bacarmalıyıq. İnformasiya cəbhədə qazandığımız uğurlara kömək olan, təkan verən və haqqımızı, ədalətimizi sözümüzü dünyaya çatdıran və qələbəmizdə töhfəsini verən çox vacib sahədir".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm