Almaniyanın gerçək üzü: Korrupsiya, polis zorakılığı, neonasizm...
Bizi izləyin

Nida Təhlil

Almaniyanın gerçək üzü: Korrupsiya, polis zorakılığı, neonasizm...

II Dünya müharibəsində nasist Almaniyasının hədəflərindən biri Bakı idi. Hitler Bakı neftini ələ keçirməklə dünyaya hökm etmək gücünü artıracağını düşünürdü və məhz buna görə zəngin şəhəri bombalamadan işğal etmək tapşırığını vermişdi. Nasistlərin planı baş tutmadı, Bakı müharibədən sağ çıxanlar arasında idi.

XXI əsrdə Almaniya Bakıya yenə neo-nasizm üslubu ilə hücum edir, bu dəfə silahlar mərmi, ya da top deyil, insan haqları, demokratiyanın alət edildiyi absurd iddialar, ittihamlarla...

Korrupsiya, polis zorakılığı, miqrantların hüquqlarının pozulması, neonasizm. Bütün bunlar almanların ittiham etdiyi Azərbaycanda yox, Almaniyanın gündəlik həyatının bir hissəsidir.

Avropa Şurasının 2009-cu ildə Almaniyada korrupsiya ilə mübarizəyə dair hazırladığı 20 bəndlik hesabatın yalnız 4-nə əməl edilib. Korrupsiya ilə bağlı qanun hələ də sərtləşdirilməmiş qalır. Həmin qanuna görə, dövlət məmurlarının korrupsiya ilə əlaqəli olduğu müəyyənləşdikdə, sərt cəza tədbirləri görülməlidir. Bununla bağlı Berlinlə razılıq 1999-cu ildə əldə edilsə də uzun illərin keçməsinə baxmayaraq, qanun hələ də qəbul edilməyib.

Demokratiyanın əsas prinsipi olan şəxsi həyata müdaxilənin yolverilməzliyi bu ölkədə həmişə keçərli olmur. Almaniyanın Telekommunikasiya haqqında qanununa görə, telefon və internet şəbəkəsi provayderləri telekommunikasiya məlumatlarını 6 aydan 2 ilədək saxlayır. Bura da danışığın vaxtı, yeri və danışan şəxslərin kimliyi, həmçinin internetə qoşulan an istifadə edilən İP ünvanların və istifadə müddəti daxildir.

2018-ci ilin 1 yanvar tarixində qüvvəyə minən Sosial Media Fəaliyyəti Qanunu (NetzDG) isə internetdə alman məmurları və hökumətinin əsas qoruyucusudur. Belə ki, Almaniya Facebook, İnstagram, Twitter və Youtube də daxil olmaqla böyük sosial şəbəkə platformalarında fəaliyyətə görə Cinayət Məcəlləsinin 22 adda maddəsini tətbiq edir, adıçəkilən şəbəkələr alman hökumətinin “qanunsuz məzmun” olduğunu hesab etdiyi paylaşımları silməyəcəyi təqdirdə 50 milyon avroya qədər cərimə ödəməlidir.

Almaniya Avropada miqrantların dəhşətli tale ilə üzləşdiyi və İslamafobiyanın pik həddə olduğu ölkələrdəndir. Son iki ildə bu ölkədə 1500-dən çox miqrant uşaq yoxa çıxıb: 14-17 yaşlı 972, 13 yaşdan kiçik olan 607 uşaq. Almaniya polisi bildirir ki, “uşaqların yoxa çıxması, başlarına pis iş gəlməsi demək deyil”. Lakin müstəqil araşdırmalardan miqrant uşaqların orqan və digər mafiyalar tərəfindən oğurlandığı, alman polisinin isə miqrantların taleyinə biganə olduğu bildirilir.

“Qərbin İslamlaşmasına Qarşı Vətənsevər Avropalılar” (PEGİDA) təşkilatının rəhbəri Almaniya vətəndaşı Tatyana Festerlinqdir. Festerlinq və dəstəsi Türkiyə-Bolqarıstan sərhədində qeyri-qanuni yollarla Avropaya getmək istəyən miqrantları silahlı təqibini həyata keçirir, tutduqları müsəlmanları polisə təhvil verirlər və bundan həzz aldıqlarını xüsusilə vurğulayırlar.

2017-ci ildə Almaniyada müsəlmanlara qarşı 908, 2018-ci ildə 678 cinayət əməli törədilib. Sonrakı illərdə təqiblərin statistikası artan xətt üzrə davam edir. Almaniyada müsəlman miqrantların düşərgələrinə tez-tez gecə basqınları həyata keçirilir.

Bu cinayətlərin arxasında neonasist qrupların olduğu bəllidir. Nasizm Almaniyanın gündəlik həyat tərzinə çevrilib. Ultrasağçıların “Ətraf mühit və aktiv” adlı jurnalını “alman xalqı başqa millətlərin nümayəndələri ilə nikaha girərsə, ölüb gedəcək”, “Müsəlman və yəhudilərin heyvanların başını narkozsuz kəsməsi barbarlıqdır”, “Almaniyada miqrantlar özlərini yaxşı hiss etsinlər deyə, Şərq dini adətləri də qəbul olunmalıdır: daşlama, əlin kəsilməsi və s.” kimi fikirlər bəzəyir.

BMT-nin hesabatlarında insan haqları ilə bağlı bütün istiqamətlər üzrə Almaniya ciddi tənqid olunur. Almaniya hələ də miqrantların və onların ailə üzvlərinin hüquqlarını qoruyan beynəlxalq konvensiyanı ratifikasiya etməyib. Ölkədə insan haqlarının müdafiə mexanizmlərinin effektiv işləməsi üçün hüquqi baza yaradılmır və nəzarət olunmur. Xüsusilə də yerli qanunverici orqanlar bu sahədə heç bir iş görmürlər. Almaniyanın irqi ayrı-seçkiliklə mübarizə strategiyası yoxdur. Yerli polis öz işində etnik diskriminasiyaya yol verir. İrqi zəmində törədilmiş cinayətlər lazımınca araşdırılmır. Bununla yanaşı, əmək mühacirləri işə düzəlmək istəyəndə hətta peşəkarlıq səviyyələri yüksək olsa belə, süni yaradılmış əngəllərlə üzləşirlər. Onlar yaşadıqları yerlərdə almanlardan daha çox kirayə haqqı verməyə məcbur edilirlər. Uşaqlarının təhsil almaq hüquqları, xüsusilə də əgər onlar alman dilini bilmirlərsə, kobud şəkildə pozulur. Onlar məktəbdə müəllimlər tərəfindən ayrı-seçkiliyə məruz qalırlar. Müsəlman və türk mühacirlər bu cür problemlərdən daha çox əziyyət çəkirlər. Mühacir qadınların vəziyyəti daha da ağırdır: onlar işə düzəlməkdən tutmuş, sosial xidmətlərə qədər bütün sahələrdə ayrı-seçkiliklə üzləşirlər.

Almaniya bütün bunları düzəltmək əvəzinə Azərbaycana qarşı ittihamlar hazırlamaqla məşğuldur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm