Heydər Əliyevin SSRİ dövründə müstəqil Azərbaycanın təməlini atan strategiyası
Bizi izləyin

Nida Təhlil

Heydər Əliyevin SSRİ dövründə müstəqil Azərbaycanın təməlini atan strategiyası

1960-cı illər: SSRİ tərkibində olan Azərbaycan ciddi problemlərlə üzləşmişdi:

- Ölkə SSRİ-nin digər respublikalarından geridə qalırdı;
- İqtisadi geriləmə yaşanır, mövcud potensialdan lazımı səviyyədə istifadə edilmirdi;
- SSRİ məkanında potensialına görə digər respublikalardan üstün olsa da, əsasən aqrar ölkə kimi qəbul olunurdu;
- Sənayi sahələrinin inkişafı getmir, müəssisə və zavodlar azlıq təşkil edirdi;
- Ən mənfi tendensiya isə milli özünüdərk prosesində müşahidə olunurdu; milli dəyər və xüsusiyyətlər sıradan çıxır, beynəlmiləlçilik adı altında xalqa qarşı assimilyasiya siyasəti aparılırdı;


Bu mürəkkəb dövrdə Heydər Əliyevin hakimiyyətə gəlişi özü ilə köklü dəyişiklikləri də gətirdi. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpasının təməlini hələ 1969-cu ildə ölkənin rəhhbərliyinə gəldiyi dövrdən atmağa başlamışdı. Tarix buna şahiddir...

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Sovet İttifaqının “əyalət ölkəsi” hesab olunan Azərbaycan geridə qalmış respublikadan aparıcı ölkəyə çevrildi, azərbaycanlıların önü açıldı, ölkəyə diqqət artdı, beləliklə, bu gün vətəndaşı olduğumuz müasir, güclü Azərbaycanın formalaşmasına zəmin yarandı. SSRİ kimi “dəmir qanunların” olduğu, milli maraqların “dəfn edildiyi” və milliliyin önə çəkilməsinə görə güllələnmə, ən yaxşı halda sürgün cəzasının tətbiq edildiyi bir rejimdə öz ölkənin maraqlarını müdafiə etmək, həm də bunu çox ustalıqla həyata keçirmək yalnız Heydər Əliyev dühasının bacarığı ola bilərdi və o, “geridə qalmış” ölkəni, həm də geridə qalmasında maraqlı qüvvələrin olduğu bir dövrdə, ittifaqın güclü respublikasına çevirdi.

Heydər Əliyevin hakimiyyətə gəlişinə qədər Azərbaycan əsasən aqrar ölkə idi, ən böyük istehsal sahəsi kənd təsərrüfatından və neftdən ibarət idi. Azərbaycanın məhsulları ittifaqın digər respublikalarına daşınır, orada istehsal olunur, müəyyən hissəsi ölkəyə gətirilidi. Xüsusilə SSRİ rəhbərliyindəki ermənilər Azərbaycanın “geridə qalmasında” maraqlı idilər və bunun üçün hər şey edirdilər. Məhz Heydər Əliyev bu mənzərəni dəyişdirdi. O, milliləşdirmə siyasətini hələ Azərbaycan DTK-nın rəhbəri olduğu dövrdə başlamış, ermənilər və qeyri-azərbaycanlıların çoxluq təşkil etdiyi bu strukturu azərbaycanlılaşdırmışdı. Eyni milli xətti Azərbaycana rəhbərlik etdiyi dövrdə də davam etdirdi.

“Müasirləşdirmə” – tarixçilər Heydər Əliyevin 50 il öncə ölkəyə rəhbərlik etməyə başladığı dövrdən sonra baş verənləri belə xarakterizə edirlər və bunun bəhrəsini xalq olaraq bu gün də görürük. Ölkədə sürətlə müasirləşdirmə prosesi başlandı. Heydər Əliyev gələcəyə hesablanmış addım olaraq, SSRİ-nin mühüm istehsalat zavodlarının məhz Azərbaycanda inşa edilməsinə nail oldu. Neft sənayesi yeniləndi, zavodların inşası həyata keçirildi: Su Elektrik Stansiyası, toxuculu fabriki, “Ulduz” elektrik cihazlar zavodu, Bakı məişət kondisioneri zavodu, Bakı şampan şərabları zavodu, “Elektroterm” zavodu, Sumqayıt kompressorlar zavodu, “Billur”, “Ozon”, “Alunit” zavodları və onlarla istehsalat müəssisələri…

Respublikanın bütün bölgələrində müasirləşdirmə aparılır, yeni müəssisələr inşa edilir, şəhərlərin siması dəyişirdi. Nəticədə Azərbaycan SSRİ-də ön pillələrə çıxmağa başladı. Təsadüfi deyil ki, Heydər Əliyevin sovetlər zamanı ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan 15 respublika arasında SSRİ büdcəsindən subsidiya almayan iki ölkədən biri oldu. Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilə – SSRİ rəhbərliyinə gedənə qədər həyata keçirdiyi işlər, inşa etdiyi müəssisələr müstəqiliyini yenidən bərpa edəndən sonra Azərbaycana qaldı və hadisələrin inkişafı dahi liderin gələcəyi öncədən gördüyünü deməyə əsas verir.

1982-ci ildə onu Moskvaya yüksək vəzifəyə dəvət etdilər – Nazirlər Soveti sədrinin birinci müavini. SSRİ-də “qardaşlaşmış xalq” şüarı hər fürsətdə bayraq edilsə də, bir azərbaycanlının, həm də müsəlmanın ittifaqın ən yüksək vəzifələrindən birinə dəvət olunması nadir hadisə idi.
Heydər Əliyevin Azərbaycanda gördüyü işlər və şəxsi keyfiyyətləri onun yolunu açmışdı. Bu, həm də Azərbaycan xalqının yolunun açılması idi. O, Moskvada işləyərkən, diqqəti daim Azərbaycanın üzərində idi və həmin illərdə ittifaq miqyasındakı layihələri Azərbaycana yönəldir, xalqının bundan faydalanmasına çalışırdı.

SSRİ rəhbərliyində çalışarkən Heydər Əliyevin ən böyük işlərindən biri Baykal-Amur magistralının (BAM) inşası oldu. O, 1940-cı ildə təməli qoyulan layihənin qısa müddətdə həyata keçirilməsində böyük rol oynadı. Lakin ən maraqlı məqam BAM-ın inşasında azərbaycanlıların sayının çoxluq təşkil etməsi idi. Bu, həm Heydər Əliyevin belə mühüm layihədə yalnız öz xalqına etibar etməsindən, həm də sevgisindən irəli gəlirdi. 1969-cu ilə qədər SSRİ-də aşağı kateqoriyada qəbul edilən azərbaycanlılar Heydər Əliyevin sayəsində ön plana çıxdı.

Milli kökə qayıdış: Heydər Əliyevin 1969-cu ildən sonra həyata keçirdiyi siyasətin əsasını bu təşkil edirdi. Moskvanın “vahid sovet xalqı” idealogiyasına rəğmən, Azərbaycanın bütün sferalarında milliləşdirmə siyasəti aparılır və dahi lider bütün bunları şəxsi nüfuzunun hesabına həyata keçirirdi. Onun ana dilinə xüsusi qayğısı milli siyasətin bazasını təşkil edirdi. 1978-ci il Azərbaycan SSR Konstitusiyası qəbul olunanda Heydər Əliyev tarixi gedişlə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail oldu. Bu, SSRİ rejimində olduqca cəsarətli, bir o qədər də təhlükəli addım idi. Lakin o, Moskvanı fakt qarşısında qoydu və buna nail oldu. Milli köklərin təbliği üçün film sahəsində tarixi mövzulara geniş yer verildi. Azərbaycanın qəhrəmanlıq səlnaməsindən bəhs edən “Babək” filminin çəkilişləri bunun ən bariz nümunələrindəndir. Bu film Heydər Əliyevin təşəbbüsü ilə çəkilib. Məlumatlara görə, Naxçıvan ərazisində çəkilən filmdə yüzlərlə insanın iştirakına ehtiyac var imiş, lakin həmin vaxt, ümumi iməcilik olduğu üçün çəkiliş gedən kəndin camaatı əkin sahələrində olurmuş. Heydər Əliyevin tapşırığı ilə əkin sahələrindəki insanlar filmin çəkilişinə qatılır və beləliklə, Azərbaycan tarixindən bəhs edən və SSRİ miqyasında məşhurlaşan bu filmin çəkilişi baş tutur.

Heydər Əliyevin SSRİ dövründə ən sərt qaydalara baxmayaraq, milli xətti daim ön planda tutmasını təsdiqləyən çoxsaylı faktlar mövcuddur və o, ittifaq rəhbərliyində təmsil olunanda da təkbaşına milli fəaliyyətini davam etdirdi.

Və bu fəaliyyətinə görə müəyyən təzyiqlərlə də üzləşdi. Xüsusilə, ermənilər 1969-cu ildən sonra Heydər Əliyev haqqında Moskvaya anonim məktublar yazır, onun əleyhinə kampaniya aparırdılar. Dahi lidersə yorulmadan, şəxsi həyatını təhlükəyə ataraq, öz xalqı uğrunda mübarizəsindən geri durmadı. 1987-ci ildə bu fəaliyyətini bəhanə edərək, onu tutduğu postdan uzaqlaşdırdılar…

Lakin dahli liderin Azərbaycan uğrunda mübarizəsi bəhrəsini vermişdi:

- Heydər Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi, Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoydu. Milli lider xalqın milli-mənəvi irsinin, mental-əxlaqi dəyərlərinin, tarixi kimliyinin, özünəməxsusluğunun qoruyub saxlanılmasında müstəsna rol oynadı.

- Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqın düşüncəsində istiqlal duyğularının, milli dövlətçilik ideyalarının yenidən baş qaldırmasına nail oldu.

- Hadisələrin gələcək inkişaf istiqamətlərini müəyyən etmək kimi fitri istedada malik, güclü strateq olan Heydər Əliyev xalqın milli-mənəvi irsini, tarixini, mədəniyyətini, dilini, bütün özünəməxsusluğunu şərtləndirən dəyərlərini qorumaqla milli müstəqilliyə gedən yolun sarsılmaz təməlini hazırlaya bildi.

- Heydər Əliyevin səyləri nəticəsində SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alan azərbaycanlıların sayı dəfələrlə artdı. Yetişdirilən minlərlə milli kadr Azərbaycanın inkişafında əvəzsiz xidmətlər göstərdilər.

- Azərbaycan dili dövlət dili olaraq qəbul edildi və bu, yenidən müstəqillik olmaq, ola bilmək şüurunun xalqa qaytarılması üçün olduqca əhəmiyyətli idi.

- Milli düşüncəli vətənpərvər ziyalıların imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, milli dövlətçilik hissinin güclənməsinə xidmət edən sanballı əsərlər yazıb-yaratması da Heydər Əliyevin xalqına ən böyük töhfələrindən biridir.

Heydər Əliyev müstəqil Azərbaycanın təməlini artıq atmışdı və məhz onun atdığı təməl üzərində Azərbaycan müstəqilliyini bərpa etdi. 90-cı illərdə də dahli lider öz tarixi missiyasını davam etdirdi, Azərbaycanı parçalanmaqdan, məhv olmaqda xilas etdi. Və məşhur sözlərində dediyi kimi, Azərbaycanın müstəqilliyini əbədi etdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm