Deputat: “Ermənistanın bu oyunları Rusiyaya qarşıdır”
Bizi izləyin

Nida Təhlil

Deputat: “Ermənistanın bu oyunları Rusiyaya qarşıdır”

“Ermənistan hakimiyyətinə hansısa sülh sazişi lazım deyil. Ermənistan hazırda ağır sosial və iqtisadi durumdadır. Nikol Paşinyan hakimiyyətinin korrupsiya ilə mübarizə, yaxud sosial problemlərin həlli ilə bağlı verdiyi vədlər hələ də yerinə yetirilməyib. Fikrimcə, həmin vədlər yerinə yetirilməyəcək, çünki onların hazırkı istəyi məhz Azərbaycanla sərhəddə təxribatlar törətməkdən ibarətdir”.

Bunu Publika.az-a Milli Məclisin deputatı Asim Mollazadə deyib. Millət vəkili bildirib ki, onlar bununla özlərini dəstəkləyən qüvvələri prosesə cəlb etmək niyyətindədirlər:

“Məsələn, son hadisələri Fransa Prezidenti Makronun bölgəyə səfəri ilə əlaqələndirirəm. Nikol Paşinyan çox istəyir ki, yenidən hansısa formada Minsk qrupunun fəaliyyəti, “Dağlıq Qarabağ məsələsi” gündəmə gəlsin. Baxmayaraq ki, artıq Qarabağ məsələsi öz həllini tapıb. Ermənistan bu gün üçtərəfli bəyanatın bütün müddəalarının icrası ilə məşğul olmalıdır. Bunu – münaqişənin sonunu istəməyən Ermənistan Minsk qrupu ölkələrindəki diaspor üzvlərinin həmin dövlətlərə təzyiqləri vasitəsilə yenidən bu cür təxribatlara əl atır. Ermənistana sülh yox, problemlər, hay-küy qaldırmaq üçün səbəblər lazımdır. Onlar bununla beynəlxalq maliyyə dəstəyi qazanmaq istəyirlər. Çünki özlərinin hansısa perspektivləri yoxdur”.

Deputatın fikirincə, ermənilər problemin mövcudluğuna görə Amerikadan, Avropadan, Fransadan maliyyə dəstəyi qazanmaq istəyirlər:

“Ermənistan təxribatlarını davam etdirəcək. Azərbaycanın yeganə çıxış yolu onları hər dəfə dəmir yumruq vasitəsi ilə yerlərinə otuzdurmaqdır. Başqa bir çarə görmürəm. Digər tərəfdən, Ermənistanın bütün bu oyunları həm də Rusiyaya qarşıdır. Onlar Rusiyanı bu prosesdən ya kənarlaşdırmaq, ya da ABŞ və Fransanın nəzarətində saxlamaq istəyirlər. Ermənistan bu təxribatlarla nümayiş etdirmək istəyir ki, üçtərəfli bəyannamənin işləməsi üçün Minsk qrupunun və ya Fransanın silahlı qüvvələri hansısa sülhməramlı missiyada iştirak etməlidir. Bu cür oyunlar Ermənistan tərəfindən davam etdiriləcək. Bizim yeganə çıxış yolumuz onların yaxşı anladığı dəmir yumruq siyasətidir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm