Türkiyədə yeni hökumət bunları edəcək: Ərdoğanın inanılmaz gedişləri - VİDEO
Bizi izləyin

Nida Təhlil

Türkiyədə yeni hökumət bunları edəcək: Ərdoğanın inanılmaz gedişləri - VİDEO

Türkiyədə yeni hökumət kabineti nələri həll edəcək? Elan edilmiş yeni hökumət kabinetindəki bütün təyinatlar üzərində dayanmadan, ən nəzərə çarpanlara diqqət çəkib, ümumi qənaətləri bölüşək. İlkin müşahidəyə əsasən demək olar ki, yeni kabinet hakim komandanın sadəcə siyasi seçimlərini əks etdirmir, seçkiqabağı debatlar zamanı daha çox üzə çıxan boşluqların aradan qaldırlmasını nəzərdə tutur, eləcə də Türkiyənin və AKP siyasi irsinin gələcəyi haqda niyyətləri anlamağa kömək edir. Təyin olunanlar :

1) peşəkarlardır; əvvəldən də o sistemdə və yaxın sahələrdə çalışan şəxslər arasından seçiliblər.

2) Yaş hədləri 60-dan aşağıdır. - Bu, iki şərt - kabinetin peşəkarlaşması və gəncləşməsi həm birinci, həm də ikinci turda Ərdoğana rəqib namizədlərin seçkiqabağı tez- tez səsləndirdiyi vədlər arasında idi. “Ərdoğan yaradılmış sosial gözləntiyə öz vizionu və maraqları çərçivəsində cavab verdi” demək olar.

Kabinetdə iki şəxs - Məhmət Şimşək və Mahinur Özdəmir siyasi və ya akademik karyerlərini Qərbdə başlamış şəxslərdir. Mahinur Özdemir ümumən Belçikada yaşayan III nəsil mühacir türk ailəsindən çıxıb, Belçikada deputat seçilib, erməni soyqırımı haqda qanuna qarşı çıxdığı və parlamentə hicabla getdiyi üçün Belçika Xristian Demokrat Partiyasından qovulub. Bundan sonra Türkiyə dövləti tərəfindən Əlcəzairə səfir təyin olunub. İndiki təyinatını isə İstanbul konvensiyasını tərk etdiyinə görə Qərb qurumları tərəfindən tənqid olunan Türkiyənin həmin qurumlara cavabı kimi də qiymətləndirmək olar. Qərb qurumları o mövzu üzrə danışıqları Belçikada doğulan, frankofon icmanı təmsil edən, amma türk-müsəlman mühafizəkarlığına bağlı biri ilə aparmalı olacaq.

Məhmət Şimşəkin təyinatını isə əksinə, makroiqtisadi prosesləri, moneter siyasəti islam bankçılığı yanaşması ilə idarəetmə israrından imtina kimi dəyərləndirirlər. Çünki Şimşək məhz bu yanaşmaya etiraz etdiyi üçün Ərdoğan iqtidarı ilə yollarını ayırmışdı. Yeri gəlmişkən Mərkəzi Bankı sədrliyinə gətiriləcəyi iddia olunan Hafize Gaye Erkan da monetar siyasətlə bağlı Şimşəkin fikirlərini bölüşür, Qərb maliyyə institutlarında iş təcrübəsinə malikdir.

Başqa sözlə, yeni təyinatlardan biri maliyyə sahəsində beynəlxalq qurumlarla, Qərblə uzlaşma, digəri gender mövzusunda Qərb qarşısında mühafizəkar baxışların müdafiəsi məqsədlidir. Birinci məsələnin uzlaşılmasında türk iqtisadiyyatının taleyi asılıdır. Amma sərt, ixtisarlar kimi addımlara gedilə bilər ki, bu da, istər-istəməz əhalinin müəyyən təbəqələrini narazı salacaq. Gender mövzusu isə seçkilərin taleyinə, mühafizəkar seçicinin intixabına kifayət qədər təsir etmiş amildir, Yenidən Rifah Partiyası Cümhur İttifaqının namizədinə dəstəyini açıqlayanda məhz bu amili önə çəkmişdi.

Kabinetdə daha iki şəxsin təyinatı xüsusi maraq doğurur. Yeni xarici işlər naziri Hakan Fidan 13 il ərzində türk kəşfiyyatına rəhbərlik edib. Bu müddət ərzində PKK-nın ölkədən dışlanması, etnik separatizmin ən azı bu gün üçün Türkiyə hüdudlarından kənara çıxarılması kimi ciddi bir uğur əldə edilib, hərçənd bu məqsədlə atılan bəzi addımlar onun karyerasını bitirə də bilərdi. Məsələn, Oslo danışıqlarına görə müxalifət onu az qala vətən xaini elan edirdi. Bu müddət ərzində türk siyasəti sistemin metastazından- FETO-dan da xeyli dərəcədə xilas ola bilib.

Yeni MİT (kəşfiyyat rəhbəri) İbrahim Kalın isə uzun illər Türkiyənin ən mühüm düşüncə mərkəzlərindən birinə (SETA-ya) rəhbərlik edib, daha sonra Ərdoğanın müşaviri və köməkçisi olub, xarici işlər və təhlükəsizliklə bağlı məsələləri kurasiya edib.

Kalın və Fidanı birləşdirən maraqlı nüanslar - hər ikisi akademik və analitik çalışmaları ilə tanınır. Görünür, türk əmniyyəsi əməliyyatçıların deyil, analitiklərin; güllə sıxan çevik əllərin deyil, çevik qərarlar qəbul edən beyinlərin rəhbərlik etdiyi, təxminən Britaniya kəşfiyyatına bənzər sistemə çevrilir.

Həm Kalın, həm də Fidanın akademik karyeralarında Qərb təhsilinin rolu var, Qərb qurumlarında da çalışıblar. Amma akademik işlərində Qərbə qarşı duruş gətirməyin yolları incələnir. Hər ikisi Ərdoğana şəxsi sədaqətlə bağlıdırlar.

Hər iki şəxsin bu və ya digər şəkildə Azərbaycanla bağlılıqları da diqqət çəkir. Hakan Fidanın ilk böyük vəzifəsi TİKA-ya rəhbərlik olub. Həmin dövr Azərbaycanda "qrant azadlıqları" dövrü idi, bu postda olmaq elə Azərbaycanın da geniş siyasi spektri ilə sıx təmaslar yaranması demək idi. Türkiyədə müəyyən nəşrlərdə onun qarapapaq (azərbaycanlı) mənşəli olması haqda da iddialar var. O nəşrlər bir az bizim “reket media”nı andırır, idarəolunma mexanizmləri də şübhəlidir; odur ki, bu iddiaların gerçək, ya məqsədli olduğunu iddia etmək asan deyil.

İbrahim Kalının Azərbaycana bağlılığı isə ərzurumlu olması, ailə-məişət dilinin Azərbaycan türkcəsi (dadaş ləhcəsi) olmasından, ələvi-qızılbaş ənənəsinə, Azərbaycan musiqisinə yaxınlığından irəli gəlir. Özü də Şah İsmayıl irsinə müraciət edir, sözü və melodiyası İbrahim Kalına aid bəstələr “azəri türküsü” adı ilə ifa olunur. Azərbaycan mövzusuna siyasətçi kimi daim həssas yanaşıb.

Kalınının rəhbərlik etdiyi düşüncə mərkəzi - SETA xarici siyasət idarəsi üçün də kadr emalatxanası kimi çıxış edib. H.Fidanın rəhbərlik etdiyi qurumun kadr emalatxanası kimi necə işlədiyi haqda isə yalnız ehtimallar yürütmək olar. Aydın olan budur ki, "yeni yüz ilin Türkiyəsi" vizyonun reallaşması, siyasi sistemin davamlılığı və ötürülməsi məhz həmin kadrlardan və Kalınla Fidan arasında əməkdaşlıqdan xeyli dərəcədə asılı olacaq. Hər halda Fidanın o zaman rəhbərik etdiyi sahə də, indi rəhbərlik edəcəyi xariciyyə ilə bərabər 2018-ci ildən sonra Kalının kurasiyasında idi, onlar arasında anlaşılmazlıq olması haqda hər hansı məlumat və ya əlamət yoxdur. Daha əvvəl yollarının necə kəsişdiyini söyləməksə çətindir.

Son seçkilər türk partiyaları qədər fərqli siyasi vizyon təqdim edən türk düşüncə mərkəzlərinin (SETA, ASAM, TÜRKSAM və s.), fərqli strateji baxışların da yarışına çevrilmişdi. “SETA- nın və MİT-in” vizyonu qalib gəldi deyə bilərik. Bəs bu qələbə sistemin hansı formada transformasiyasını, ötürülməsini təmin edəcək? 1930-cu, 1950-ci ya 2000-c illərin təcrübəsindən çıxış ediləcək, yoxsa tam yeni bir yol izlənəcək? Türk siyasətinin yaxın dövr üçün ən böyük siyasi intriqası bu suallar ətrafında olacaq...

Cəmaləddin Quliyev, siyasi ekspert

Kalının azəri bəstəs

Oxumağa davam et
Reklam
Reklam

Gündəm