Nida Təhlil
Qarabağı qranta satanlar: AŞPA-nın hücumu Bakıdakı şəbəkəni də ifşa etdi
Azərbaycanın suverenliyini qranta dəyişənlər: AŞPA-nın Bakıya qarşı qərəzli mövqeyi təkcə bu təşkilatın maraq qruplarının əlində alət olduğunu deyil, təşkilatın erməni maraqlarının müdafiəsi naminə həyata keçirdiyi siyasəti “insan haqları” adı altında dəstəkləyən “azərbaycanlıları” da ortaya çıxardı.
Onlar illərdir Qarabağ məsələsində Bakıya qarşı edilən təzyiqi ölkənin ictimai rəyində haqlı çıxarmağa çalışan şəbəkədir və özlərini daim “insan haqlarının qoruyucu” kamifulyajı ilə gizlətməyə çalışıblar. Eyni şəbəkə yenə iş başındadır. AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi təklifini haqlı çıxarır, bunu “insan haqları” ilə əlaqələndirir, həmçinin, Azərbaycan nümayəndə heyətinin adekvat addım kimi təşkilatda fəaliyyətini dondurmasını “sivil dünya” adlandırdıqları Avropadan uzaqlaşmaq kimi təqdim edirlər.
İctimai rəyə sırınmağa çalışan bu yanaşma hər şeydən öncə “AŞPA-nın Azərbaycana qarşı mövqeyi həqiqətənmi insan haqları ilə bağlıdır” sualına cavab axtarışını zəruri edir.
Uzaq 2000-ci illərə qayıdaq və nə baş verdiyinə baxaq: 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olanda Qarabağ işğalda idi və rəsmi Bakı ümid edirdi ki, təşkilat işğala qarşı ən azı mövqe sərgiləyəcək. Heç nə baş vermədi, Azərbaycan erməni işğalını gündəmə gətirəndə “AŞPA münaqişələrin müzakirə platforması deyil” cavabını aldı. Hərçənd, bu müddətdə Azərbaycana qarşı müxtəlif adlar altında qətnamələr, qərarlar qəbul edildi və AŞPA erməni lobbisinin Qarabağın işğalını legitimləşdirmək məqsədilə Bakıya qarşı təzyiq alətinə çevrildi. 2017-ci ildə Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin apardığı araşdırmada ortaya çıxan faktlar AŞPA-dakı anti-Azərbaycan şəbəkəsinin üzvlərinə, iş mexanizminə və hədəflərinə qədər hər şeyi ifşa edirdi. Ermənistanın nümayəndə heyətinin məşhur “konyak diplomatiyası”na, AŞPA-dakı parlamentariləri rüşvət və şantajla ələ almaq cəhdlərinə dair kifayət qədər faktlar var. Təşkilatdakı anti-Azərbaycan şəbəkəsi erməni lobbisindən sorosçulara qədər uzanır.
2020-ci ildə Azərbaycan torpaqlarında işğala son qoyduqdan sonra AŞPA U dönüşü edərək, “münaqişələrin müzakirə platforması”na çevrildi. Çünki təşkilatı hörümçək toru kimi zəbt edən erməni lobbisi bunu istəyirdi və əsas hədəf məhz 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə reallığını dəyişdirilməsi idi. Ötən ilin sentyabrında Qarabağda erməni separatizminin ləğvi və suverenliyimizin bərpasından sonra isə Avropa strukturlarında Azərbaycana qarşı erməni maraqlarının müdafiəsi məqsədilə edilən hücumlar açıq müstəviyə keçdi. AŞPA bu hücumların əsas platforması rolunu oyanayan təşkilatlardandır. Azərbaycan nümayəndə heyətinə qarşı atılan addım da indi yox, ötən ilin payız sessiyasında – Qarabağda suverenliyimizin bərpasında sonra gündəmə gəlib. 2023-cü ilin oktyabrında keçirilən AŞPA-nın payız sessiyasında Azərbaycan Ermənistana hücumda, “Qarabağda erməni əhalisinə qarşı zorakılıqda” ittiham edildi və Bakının qarşısına bu “siyasətdən” imtina etmək tələbi qoyuldu. Əslində imtina edilməsini istədikləri siyasət Qarabağı, ümumilikdə suverenliyimizi ermənilərə qurban vermək deməkdir. Bu gün AŞPA-da Bakıya qarşı edilən hücumların gerçək səbəbi də məhz bu siyasətdən imtina edilmədiyinə görədir.
AŞPA-da ortaya atılan iddialara nəzər yetirdikdə də bunu aydın görmək mümkündür: Azərbaycana qarşı “Qarabağdan erməni əhalisinin zorla çıxarıldığı” ittihamını irəli sürürlər;
Təkcə bu amil sübut edir ki:
- Qarabağda suverenliyimizin bərpa edilməsi reallığının qisasını almaq, bu reallığı dəyişdirməyə cəhd etmək istəyirlər;
- Rəsmi Bakını sülh danışıqlarında Ermənistanın gündəliyinin – sərhədin delimitasiyasının İrəvanın təklif etdiyi “güzgü prinsipi” üzrə aparılması, kommunikasiyanın yenə ermənilərin istədiyi formada açılması, Naxçıvana maneəsiz keçidin verilməməsi və s. - irəli sürüldüyü Avropa platformasında danışıqlara məcbur etməyə çalışırlar;
- Ermənistana qayıdan erməniləri istədikləri şərtlərdə - Azərbaycan vətəndaşlığını qəbul etmədən yenidən Qarabağa yerləşdirmək, bununla sərhədlərimiz daxilində erməni separatizmini yenidən körükləmək siyasətini aparırlar;
Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-daimi müddətə dondurması da rəsmi Bakının suverenliyimizin əleyhinə edilən “səlib yürüşünə” qarşı adekvat cavabıdır.
Bunu AŞPA-nın anti-Azərbaycan siyasətini “alqışlayan”, “insan haqları” amili ilə bu siyasəti ört-basdır etməyə çalışan “azərbaycanlılar” şəbəkəsi də yaxşı anlayır. Amma və lakin onlar üçün aldıqları qrant, hakimiyyətə qarşı “hər şey mübahdır” yanaşması – siyasi ambisiyaları Azərbaycanın suverenliyindən də üstündür, Qarabağdan da. Bu şəbəkənin əsas missiyası da əslində həmişə bundan ibarət olub:
- Erməni lobbisi Avropa strukturları üzərindən Azərbaycana hücum edir;
- Məlum şəbəkə gerçək məqsədi işğal dövründə status-kvonun qorunması, işğala son qoyulduqdan sonra isə bu reallığın dəyişdirilməsi olan hücumu “insan haqları”, “demokratiya” adı altında ictimai rəyə sırıyır;
- Və Azərbaycanın suverenliyinə qarşı oyunları “hakimiyyətə qarşı mübarizə” kimi göstərməklə gizlədirlər;
AŞPA-nın Azərbaycana qarşı atdığı addımda “insan haqları”nı səbəb kimi göstərmələri də buna hesablanıb. Bununla gerçək hədəfi – “Qarabağdan erməni əhalisinin zorla çıxarılması” ittihamı altında həyata keçirilən təhlükəli siyasəti pərdələyirlər.
Asif Nərimanlı
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...