Nida Təhlil
Serbiyadan Azərbaycana əsl dost dəstəyi: AŞPA-da presedent yarandı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinə qarşı qəbul etdiyi qərar təkcə bu təşkilatın ədalətsizliyini və Avropa siyasətinin beynəlxalq münasibətlər sistemindən kənar intriqalarla çuğlaşdığını ortaya çıxarmadı, həm də dostumuzun kim olduğunu, kimlərin “dost libasına” büründüyü, kimlərinsə həlledici məqamda “yoxa çıxdığını” göstərdi. Zira, ədalətsizliyə qarşı edilən etiraz AŞPA-dakı anti-Azərbaycan qruplaşmalarına qarşı çıxmaq deməkdir və bunu gerçək dostlar edə bilərdi, Serbiya kimi...
Serbiya Azərbaycanın gerçək dostu olduğunu isbat etdi. Bu ölkənin AŞPA-dakı nümayəndə heyəti təşkilatın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz edib. Nümayəndə heyətinin AŞPA sədri Teodoros Rousopoulosa ünvanladığı etiraz müraciətində Azərbaycana qarşı qərarın haqsız olduğu deyilir və bunun ləğv edilməsi istənilir.
“Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir”, - müraciətdə bildirilir.
Serbiyanın müraciəti AŞPA-nın ədalətsizliyinə Avropanın özündən də etirazın edilməsi deməkdir. Və müraciətdə qeyd olunan məsələlər arasında xüsusilə diqqətçəkən məqamlar var.
Birincisi, AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qərarında şübhəli məqamların olmasıdır: rəsmi Bakı qərarın siyasi xarakter daşıdığını bəyan edib, təşkilatın səbəb kimi “erməni maraqlarını” irəli sürməsi də bunun isbatıdır, hərçənd, Avropa strukturlarında məsələni “insan haqları”na bağlamağa cəhd edilir, əsas məqsədi gizlətməyə çalışırlar; Serbiya nümayəndə heyəti bu məqamları ifşa edir;
İkincisi, AŞPA-nın daxilində baş verən deqradasiyadır: bunu pərdələməyə çalışsalar da, Azərbaycan nümayəndə heyətinə qarşı qəbul edilən qərar məhz təşkilatdaxili qruplaşmaların marginal maraqlarına xidmət edir, həmçinin, AŞPA-nın Avropa Şurasının strukturu kimi yox, lobbilərin “oylağına” çevilməsindən xəbər verir; Serbiya da bunu açıq şəkildə elan edir;
Serbiya nümayəndə heyətinin müraciəti AŞPA-nın ədalətsiz qərarının ifşası, o cümlədən, faktların Avropa ictimai rəyinə çatdırılması baxımından əhəmiyyətlidir.
AŞPA-nın qərarının pərdəarxasındakı əsas hədəfi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra yaranmış reallıqları qəbul etməmək, bu reallıqları dəyişdirməyə cəhd göstərməkdir. “Qarabağ ermənilərinin qovulması” iddiası da buna görə ortaya atılıb və məqsəd Bakıya qarşı bu iddia üzərindən təzyiq göstərmək, ən azı bundan sonra aparılacaq sülh danışıqlarında Ermənistanın maraqlarının müdafiəsinə nail olmaqdır. Serbiya bunu yaxşı anlayır, çünki bu ölkə də Kosova məsələsində analoji vəziyyətlə üzləşib və təzyiq bu gün də davam edir. Rəsmi Belqrada qarşı təzyiq siyasətində hədəf kimi Serbiya prezidenti Aleksandr Vuçiç seçilib. Çünki Vuçiç Serbiyanın milli maraqlarından geri çəkilmir:
- Kosova məsələsindən imtina etmir;
- Serbiyanın müstəqil xarici siyasət kursunu davam etdirir;
- Ölkəsinin milli maraqlarına zidd hesab etdiyi Avropa siyasətinə qarşı çıxır;
Məhz bu siyasətinə görə xarici və daxili təzyiqlərlə üzləşir. Serbiya parlamentinə keçirilən son seçkilərdə baş verən iğtişaşlar və çevriliş cəhdi də bundan qaynaqlanırdı. Lakin Vuçiç bu planların qarşısını ala bildi.
Serbiya ətrafında baş verən proseslər Azərbaycana yad deyil. Azərbaycana qarşı siyasətin əsas hədəfi həmişə milli maraqlar məsələsində heç bir güzəşt etməyən Prezident İlham Əliyev olub. Qarabağ münaqişəsinin mövcud olduğu, 44 günlük müharibə və sonrasında da bu təzyiq siyasəti davam etdirilib. Bu gün də eyni qaydada davam edir, AŞPA-nın qərarı bu siyasətin tərkib hissəsidir.
Serbiya bu oyunları gördüyü üçün AŞPA-ya etiraz edir. Və bununla həm də əsl dost və tərəfdaş olduğunu, “dost libasına” bürünmədiyini, həlledici məqamlarda “gizlənmədiyini” nümayiş etdirir. Serbiya nümayəndə heyəti AŞPA-ya etiraz etməklə təşkilatdakı digər ölkələrin nümayəndə heyətləri üçün presedent də yaratdı. Bunu Azərbaycan dövləti və xalqı unutmayacaq. Azərbaycan dövləti və xalqı dost və tərəfdaş hesab etdiyimiz ölkələrin təəssüf doğuran mövqeyini də unutmayacaq. Moldova, Gürcüstan, Ukrayna və Rumıniya Azərbaycana dost və tərəfdaş ölkələr olsa da, AŞPA-da sərgilədikləri mövqe ilə “dost libasına” bürünmüş olduqlarını göstərdilər. Azərbaycana qarşı sərgilədikləri bu mövqe rəsmi Bakının bu ölkələrlə münasibətinə, o cümlədən, birgə təmsil olunduğumuz təşkilatların – misal üçün, GUAM – perspektiv fəaliyyətinə mənfi təsir edə bilər. Bu baxımdan, həmin ölkələr mövqelərində korrekt etməli, Serbiyanın yaratdığı presedentdən istifadə etməlidir. Azərbaycanın onlardan gözlədiyi də budur.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı