Stanonun yalanları: Aİ Ermənistanda hərbi planları gizlətmək üçün Bakını şərləyir
Bizi izləyin

Nida Təhlil

Stanonun yalanları: Aİ Ermənistanda hərbi planları gizlətmək üçün Bakını şərləyir

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano Ermənistanın dövlət mediasına müsahibəsində Prezident İlham Əliyevin bəyanatlarına cavab vermək cəsarəti göstərib. Bildirib ki, “Azərbaycan Prezidentinin Aİ-nin Ermənistandakı missiyasını tənqid etməsi və Ermənistanın silahlandırılması haqda dedikləri əsassızdır”.

Stanonun Ermənistan mediasına müsahibəsinin təşkil edildiyi aydın görünür. Məqsəd də aydındır: Aİ missiyasının Azərbaycanla sərhəddə gerçək fəaliyyətini pərdələmək və Ermənistanın Qərb ölkələri tərəfindən silahlandırılmasına haqq qazandırmaq;

Burada yeganə müəmmalı məqam niyə Stanonun ortaya düşməsidir. Axı Azərbaycana qarşı Ermənistan maraqlarının müdafiəsi məqsədilə ittihamların irəli sürülməsi işi Stanonun şefi Cozef Borelin monopoliyasında olub və buna görə erməni diasporu/lobbisindən yaxşı “qonorar” da alır. Stano öz şefinin bazarınamı girir, yoxsa Boreli tapa bilməyən Ermənistan bu dəfə onun sözçüsü ilə kifayətlənməli olub?! Bu müəmmalı olaraq qalır. Lakin Stanonun da şefi Borel kimi “arqumentləri”nin içi boş olduğu ortadadır.

Aİ rəsmisi iddia edir ki, “müşahidə missiyası” Ermənistan hakimiyyətinin tələbi ilə fəaliyyətə başlayıb, mülki və silahsızdır, məqsədi də regiona sülh gətirməkdir. Stano bir qədər də irəli gedərək, missiyanı “qərəzsiz” adlandırıb və iddia edib ki, “missiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına əlverişli şəraitin yaradılmasına kömək etməkdə əhəmiyyətini sübut edib”. Yumşaq desək, onun yalan danışdığı və bunu diletant formada etdiyi açıqlamasından da aydın görünür.

Birincisi, Aİ missiyasına dair razılaşma Ermənistanın tələbi ilə yox, 2022-ci ildə Azərbaycanın da iştirak etdiyi Praqa görüşündə əldə olunub. Missiyasının iki ay yarım müddətində Ermənistanın Azərbaycanla sərhəd bölgəsində fəaliyyət göstərəcəyi rəsmi Bakı ilə də razılaşdırılıb. Stano bu faktın üzərindən keçir.

İkincisi, missiyanın fəaliyyətinin mülki xarakter daşımadığına əminlik yaradan amillər var.

- Razılaşmaya görə, missiyanın fəaliyyəti 2022-ci ilin 19 dekabr tarixində başa çatsa da, uzunmüddətli oldu və artıq Azərbaycanla sərhəddə “baza” formasında fəaliyyət göstərirlər.
- Missiyada fəaliyyət göstərən müşahidəçilər ilk dövrdə 150-ə yaxın olsa da, hazırda 1500 nəfərə çatdırılıb.
- Adı “Aİ-nin müşahidə missiyası” olsa da, ittifaqa daxil olmayan Kanada da burada təmsil olunur.


Üçüncüsü, Stanonun iddia etdiyi kimi, missiyanın məqsədi həqiqətən də mülkidirsə, sülhə nail olmağa xidmət edirsə və qərəzsizdirsə, nə üçün uzunmüddətli fəaliyyətə başlamaq məsələsində Azərbaycanın mövqeyi nəzərə alınmadı? Missiya Ermənistanda olsa da, fəaliyyət coğrafiyası Azərbaycanla sərhəddə olduğu üçün rəsmi Bakının da mövqeyi tanınmalı idi. Bunun nəzərə alınmaması, missiyanın heç də qərəzsiz olmadığını göstərir.

Dördüncüsü, missiya mülki və silahsızdırsa, nə üçün tərkibi 1500 nəfərə qədər artırılıb?

Bu qədər “müşahidəçi” əslində Aİ-nin Ermənistan-Azərbaycan sərhədində hərbi baza qurduğunu deməyə əsas verir. Məlumatlar da bu yöndədir: “müşahidəçi” adı altında bölgəyə peşəkar olan keçmiş hərbçilər və kəşfiyyatçılar yerləşdirilib, onların əsas missiyası sərhəddə yerləşdirilmiş Ermənistan qoşunlarını təlimatlandırmaq, koordinasiya etməkdir. Müşahidəçilərin sayının artırılmasının məqsədi də bu olub. Bu deməyə əsas verir ki, missiya heç də Stanonun iddia etdiyi kimi, “mülki və silahsız” deyil.

Beşincisi, missiyada Aİ üzvü olmayan Kanadanın iştirakı bu ölkənin üzvü olduğu NATO-nun da bu və ya digər formada orada təmsil olunması deməkdir. Bu fakt missiyanın “mülki və silahsız” olmasına şübhələri artırır.

Altıncısı, Stano Aİ missiyasının regionda sülhə töhfə verdiyini iddia etsə də, Ermənistanın Azərbaycana qarşı sərhəd təxribatları dayanmır. Brüsselin də bundan xəbəri var, əslində, Azərbaycana hücumlar edən Ermənistan Aİ missiyasından qalxan kimi istifadə edir.

Stano deyir ki, Ermənistanın hərbiləşdirilməsindən “xəbərsizdir”. Əlavə edir ki, “müdafiə potensialı üzərində işləmək və təhlükəsizlik sahəsində tərəfdaşlarını seçmək Ermənistanın suveren hüququdur”. Halbuki, Stanonun sözçüsü olduğu Borelin də arxa fonda iştirak etdiyi 5 aprel görüşündə Aİ-nin Ermənistana hərbi dəstək verməsi razılaşdırılıb. Brüssel bunu nə qədər təkzib etməyə çalışsa da, mediaya sızan sənəddə hər şey öz əksini tapır. Razılaşmaya görə, Aİ Ermənistana təxminən 10 istiqamətdə dəstək verir.

1. Avropa İttifaqı Ermənistan ordusunu Avropa Sülh Fondu çərçivəsində maliyyələşdirəcək.
2. Aİ və Ermənistan müdafiə və təhlükəsizlik məsələləri üzrə mütəmad olaraq məsləhətləşmələr aparacaq.
3. Aİ Ermənistan hakimiyyətnin Rusiya sərhədçilərini “Zvartnots” hava limanından, eləcə də Ermənistan-İran və digər sərhəd ərazilərindən çıxarılması qərarını dəstəkləyir.
4. Aİ və Ermənistan Rusiyanın Ermənistandakı hərbi obyektlərinin statusunu 2044-cü ilə qədər mövcudluğunu təsdiq edən hazırki sazişi nəzərə alaraq müzakirə edib.
5. Aİ və Ermənistan İrəvanın Rusiya hərbi texnikası və texnologiyalarından, eləcə də Rusiya tərəfindən verilən hərbi təhsil və təlimdən asılılığının azaldılması zərurətini müzakirə edib.
6. Aİ və Ermənistan Avropa İttifaqının missiyasının uzunmüddətli mövcudluğunu təmin etmək və saylarının əhəmiyyətli dərəcədə artırmaq istiqamətində əməkdaşlıq edəcək.
7. Aİ Ermənistan və Azərbaycanla sərhəddə müdafiə infrastruktunun, eləcə də mühəndis istehkamlarının yaradılmasına dəstək göstərəcək.
8. Aİ və Ermənistan sərhəd təhlükəsizliyi və nəzarəti məsələlərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları və Avropa İttifaqının Xarici Sərhəd Təhlükəsizliyi Agentliyi (Frontex) vasitəsilə əməkdaşlıq edəcək.
9. Aİ-yə üzv dövlətlər və ABŞ Ermənistanın yeni yaradılmış Xarici Kəşfiyyat Xidmətinin təlim və təchizatına yardım edəcək, Dövlət Təhlükəsizliyi Xidmətinin potensialını və təlim imkanlarını artıracaq.
10. Aİ və Ermənistan arasında bu ölkənin kiber təhlükəsizliyinin təmin edilməsi məqsədilə dialoq başlayacaq.


Bu bəndlər Stanonun Ermənistanın hərbiləşdirilməsi haqda yalan danışdığı, əksinə, təmsil etdiyi Aİ tərəfindən birbaşa dəstəkləndiyini təsdiq edir. Onu da təsdiq edir ki, Aİ “müşahidə missiyası” Ermənistanın Azərbaycanla sərhəddə istehkamlar yaratmasında birbaşa iştirakçıdır. Missiyanın məqsədi də “mülki” adı altında Rusiya sərhədçilərinin yerini doldurmaqdır. Bütün bunların fonunda missiyanın “silahsız” olmadığına dair ehtimallar bir qədər də güclənir.

Silahlanmanı Ermənistanın suveren hüququ kimi təqdim edən Stano bununla təmsil etdiyi təşkilat başda olmaqla Qərb ölkələrinin rəsmi İrəvanın hərbiləşməsində iştirakını gizlətməyə çalışır. Hərbiləşmə Ermənistanın “suveren hüququ” ola bilməz, çünki soyqırımı və terroru dövlət siyasətinə çevirmiş bu ölkə 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayıb. 44 günlük müharibədə məğlub olsa da, ərazi iddialarından yenə imtina etmir. Ermənistan Konstitusiyasının qondarma “miatsum” – Qarabağın Ermənistana birləşdirilməsi – ideyasını dəstəkləməsi, Aİ-nin dəstəklədiyi Paşinyan hakimiyyətinin bu qanunu dəyişdirmək istəməməsi də bunun real nümunəsidir. Bunun fonunda Ermənistanın silahlandırılması Azərbaycanı təbii olaraq, narahat edir. Rəsmi Bakının çağırışları regionda sülhə təhdid olan hərbiləşmənin dayandırılmasına hesablanıb. Sülhə qarşı baş verə biləcək hadisələrin məsuliyyətini Ermənistanı silahlandıranlar daşıyır. Azərbaycan dəfələrlə bu haqda xəbərdarlıq edib. Əslində Aİ də daxil olmaqla Ermənistana hərbi dəstək verənləri narahat edən də daşıyacaqları məsuliyyətdir. Stano kimilərin Azərbaycana “cavab verməsi” də bundan qaynaqlanır. Məhz buna görə “Avropa Sülh Fondu çərçivəsində Ermənistana 10 milyon avronun ayrılmasını öldürücü məqsəd daşımadığını” iddia edir. Halbuki, 10 milyon avro “Ermənistan silahlı qüvvələrinin maddi-texniki bazasını gücləndirməyə” xərclənir və bu, 5 aprel razılaşması ilə verilən hərbi dəstəkdə “aysberqin yalnız görünən” tərəfidir. Digər tərəfdən, işğalçı mahiyyətinə malik olan Ermənistan ordusunun “maddi-texniki bazasını” gücləndirməyin özü də birbaşa sülhə təhdiddir. Bunu təcrübə və Aİ missiyasının çətiri altında təxribatların törədilməsi də ispat edir.

Aİ-nin Ermənistanda hərbi mövcudluğunu, bu ölkəyə verdiyi hərbi yardımlarını “qum qalasına” bənzər arqumentlərlə ört-basdır edən Stano minalara qarşı mübarizədə Azərbaycana verdikləri “dəstəyi” əlində bayrağa çevirir. Bildirir ki, minalarla mübarizədə Azərbaycana maliyyə yardımı ayırıblar. Doğrudur, Aİ minalarla mübarizədə mübarizədə maliyyə yardımı göstərib, amma yardım nə Ermənistanın mina terroru mirasına son qoymağa bəs edir, nə də Ermənistana verilən yardımlar qədər deyil. Brüssel danışıqlarında mina xəritələrinin verilməsinə dair razılaşmalar olub, lakin bu xəritələrin cəmi 25 faizlik doğruluğu var, amma Aİ buna görə Ermənistana kiçik irad belə bildirməyib. Əksinə, Aİ-nin mina xəritəsi ilə bağlı mübadilədə əsas məqsədinin məhz erməni hərbçilərin azad edilməsi olduğu görünür. Minalarla mübarizədə Azərbaycana verdikləri dəstəyi əllərində “qırmızı bayraq” kimi yelləsələr də, Aİ bu gün də davam edən mina terroruna görə Ermənistana “gözün üstə qaşın var” belə demir.

Bütün bunlardan danışmayan Stano isə özünü Aİ-nin yox, Ermənistanın rəsmisi kimi aparır. Görünür, Stano ermənilərə “ikinci Borel” ola biləcəyini göstərməklə bosunun aldıqlarından pay umur.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm