Ağ Evdə sonuncu “əfv”: Amerikanın Baydensayağı demokratiyası
Bizi izləyin

Nida Təhlil

Ağ Evdə sonuncu “əfv”: Amerikanın Baydensayağı demokratiyası

ABŞ-ın 46-cı, həm də paranoyal prezidenti kimi tarixə düşən Co Bayden Ağ Evi tərk etməsinə 20 dəqiqədən də az qalmış verdiyi son qərarla demokratiyanın “Amerika faciəsi”nə də imza atdı. Demokratların lideri Bayden 4 illik hakimiyyəti dövründə onsuz da anti-demokrat fəaliyyəti ilə yadda qalmışdı və o, bütün addımları ilə sübut etdi ki, “demokratları” təmsil etmək hələ demoktrat olmaq demək deyil.

Baydenin demokratiyası isə yalnız özünəməxsus formada olub, belə demək mümkünsə, Baydensayağı demokratiya. 2023-cü ildə onun “Demokratiya sammiti” adı altında “dost məclisi” təşkil etməsi – hərbi rejimlərin hökm sürdüyü Afrika ölkələrini sammitə dəvət etdiyi halda, Türkiyə, Azərbaycan, eləcə də Avropa İttifaqının üzvü olan Macarıstan kimi demokratik ənənələrə sahib ölkələri “kənarda qoyması” da ABŞ-ın Baydensayağı demokratiyasının nümunəsi idi. Bayden bu addımı ilə sübut etdi ki, “demokratiya” o və komandası üçün ABŞ-ın maraqlarına xidmətdən başqa bir şey deyil.

Yaxud özünü “böyük demokrat” kimi təqdim Bayden 2024-cü ilin dekabr ayında oğlu Hanteri əfv etdi. Halbuki, məhkəmə 9 ittiham üzrə təqsirli bilinən oğul Baydenin atası prezident olmasaydı ABŞ qanunvericiliyinə görə digər amerikalılar kimi 17 il həbs cəzasına məhkum ediləcəkdi. Çünki milyonlarla dollar vergidən yayınmış, həmçinin, atasının nüfuzundan istifadə edərək, qeyri-qanuni bizneslə məşğul olmuşdu, adı hətta silah qaçaqmalçılığında hallanırdı. Bayden prezident səlahiyyətlərindən sui-istifadə edərək, oğlunu həbsdən xilas etdi.

Və Oval kabineti tərk etməmişdən dəqiqələr öncə prezident kimi qələmini yenə öz ailə maraqlarına sərf edərək, nə qədər “demokrat” olduğunu sərgilədi, həm də Amerika demokratiyasının üzərini mürəkkəbi ilə ləkələdi. Trampın da dediyi kimi, Baydenin Ağ Evi tərk etməmişdən öncə verdiyi son qərar “bədbəxtlik” idi. Təkcə Baydenin yox, Amerika demokrasiyasının da.

Bayden prezident səlahiyyətlərindən sui-istifadə edərək oğlu Hanteri 17 illik həbs cəzasından xilas etdiyi kimi, Ağ Evi tərk etməmişdən saatlar öncə öz səlahiyyətlərindən yenə ailəsi üçün istifadə etdi. O, imzaladığı qərarla ailə üzvlərini – qardaşı Ceyms Baydeni və həyat yoldaşı Saranı, bacısı Valeri Baydeni və əri Con T.Ouensi və digər qardaşı Frensis Baydeni əfv edib.

Baydenin ailə üzvləri – qardaşı Ceyms və həyat yoldaşı, qardaşı Frensis və bacısı Valeri və həyat yoldaşı ABŞ prezidenti ilə qohumluq əlaqələrindən istifadə edərək, gəlir əldə etdiyi, qeyri-qanuni biznes əlaqələri qurduğu və bu kimi fəaliyyətlərdə günahlandırırlar. (Oxu: Bayden ailəsinin tədqiqatı). Respublikaçılar dəfələrlə Bayden ailəsinin qaranlıq biznesinə diqqət çəkmiş və hakimiyyətə gəldiklərində bununla bağlı araşdırma aparacaqlarını bəyan etmişdi. Bayden son anda ailəsini əfv etməklə “onları qoruduğunu” elan edib, əslində bu, həm də ailənin qaranlıq bizneslə məşğul olduğunun, qanunları pozduğunun etirafıdır. Əks təqdirdə, Bayden son qərar şansı ilə ailəsini əfv etməzdi.

Bayden bu qərarı ilə Ağ Evi tərk etməmişdən öncə ABŞ qanunlarına da, demokratik prinsiplərə də sonuncu dəfə “tüpürdü”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm