Nida Təhlil
Nurçu-islamçı AKP-nin Türk dünyasına yaratdığı risklər - Milli kimliyə təhlükə
Türkiyədə hakim partiyanın mövcud idarəçiliyi, daxili və xarici siaysətdəki yanaşmaları cümhuriyyətin təməl prinsipi olan dünyəvilik təməllərini tamamilə alt-üst edib. Konstitusiyanın 2-ci maddəsində deyilir ki, “Türkiyə dövləti demokratik, dünyəvi və hüquq dövlətidir”. Lakin dünyəvilik bu gün yanlız kağız üzərində qalıb, reallıqda isə nurçu-islamçı AKP teoloji dövlətə keçid istiqamətində “uğurla” addımlayır.
Osmanlının çöküşündən sonra qurulan Türkiyə Cümhuriyyətində sekulyarlıq, dinin dövlətdən ayrı olması prinsipi zaman-zaman siyasi islamçılar tərəfindən hədəfə alınıb, xüsusilə 1970-ci illərdə meydana çıxan “Milli görüş” hərakatı teoloji idarəçilik hədəfinə nail olmaq istiqamətində müəyyən qədər məsafə qət etməyə çalışırdı. Nəcməddin Ərbakanın liderlik etdiyi hərəkatın tərkibində yaradılan siyasi partiyaların fəaliyyəti də məhz dünyəviliyə, dövlət quruluşuna zidd olduğu üçün məhdudlaşdırılmışdı.
Siyasi islamçıların Türkiyədə idarəçiliyi ələ keçirməsi 2002-ci ildə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyətə gəlişi ilə başlandı. AKP-nin qurucuları “Milli görüş”ün şinelindən çıxıb. “Milli görüş”ün formalaşmasında isə Misirdə ortaya çıxan və bütövlükdə Yaxın Şərqi təsir dairəsinə alan “İhvan-ı Müslimin” (İhvan hərəkatı, yaxud “Müsəlman qardaşları”) ideologiyası mühüm rol oynayıb. Xilafəti bərpa etmək istəyən ihvançılar Atatürkün dövründə Türkiyəyə ayaq ayaq aça bilməsələr də, 50-ci illərdən sonra önləri açıldı. Türkiyədə ihvançılarla görüşən və onlardan təsirlənən siyasi liderlər arasında Ərbakanın adı xüsusilə çəkilir. Türkiyə prezidenti və AKP lideri Rəcəb Tayyip Ərdoğan da Ərbakanın yetirməsidir. Onun və komandasının siyasi-ideoloji formalaşmasında “Milli görüş” və bu hərakatın təsirləndiyi İhvançılıq xüsusi rol oynayıb.
İhvan ideologiyasının hədəfi İslamın – dinin siyasiləşməsi, hakimiyyəti ələ almaq və dövlət quruluşunu dəyişdirməkdir. Təkcə Yaxın şərqdə siyasi islamçılar yox, Türkiyənin özündə də siyasiləşmiş təriqətlər və dini camaatların ideoloji təməlində, eləcə də fəaliyyət mexanizmlərində İhvançılıq ciddi rola malikdir. Dərshanələrin yaradılması, icmalaşma, siyasi hakimiyyət içində strukturlaşma, dövlət resurslarının dini ideologiyalarının xidmətində istifadə edilməsi, bir sözlə “dövlət içində dövlət” yaratmaq mexanizmi İhavn hərəkatının – “Müsəlman qardaşları”nın irsi hesab olunur. Türkiyədə bu mexanizmdən ən çox istifadə edən təriqət nurçuluq və onun içindən çıxmış FETÖ olub. AKP-nin Gülən camaatı ilə ittifaqının təməlində də Türkiyə dövlət strukturlarının, xüsusilə məhkəmə-hüquq sistemindəki bürokratiyanın tamamilə nəzarətə götürülməsi məqsədi daşıyırdı. Siyasi ambisiyalara əsaslanan bu ittifaq dağılandan sonra FETÖ sıradan çıxsa da, nurçuluq ölkənin idarəetməsində xüsusi paya sahibdir. AKP rəhbərliyinin nurçu camaatları ilə intensiv əlaqələri, seçkilərdə bu şəbəkənin dəstəyindən istifadə etməsi ittifaq münasibətlərindən qaynaqlanır.
AKP-nin formalaşmasının təməlində “Müsəlman qardaşları”nın siyasi islamçı ideologiyası, hakimiyyətini gücləndirməsində isə nurçuluq dayanır. Bu baxımdan, Türkiyədə dünyəvi dövlət quruluşunun dağılması o qədər də təəccüblü deyil.
Nurçu-islamçı AKP hakimiyyətə gəldikdən sonra Türkiyədə teoloji dövlət sisteminin yaradılmasını tədricən, mərhələ-mərhələ həyata keçirib. Beynəlxalq akademik araşdırmalarda Türkiyədəki bu proses “gizli islamlaşma” adlandırılır və nümunə kimi dörd amil irəli sürülür.
1. Türkiyənin islamçı kimliyinin institulaşdırılması, siyasi sistemin özəyinə çevrilməsi;
2. Təhsilin yenidən dizayn edilməsi və dini tədrisin ön plana çıxması;
3. Siyasi İslamın cəmiyyətin gündəlik həyat tərzinə çevrilməsi, ictimai dayaqlarını möhkəmləndirməsi;
4. Siyasi İslamın idarəçiliyi demokratik və dünyəvi seçki sistemi üzərindən ələ alması;
Nurçu-islamçı AKP-nin hakimiyyətə gəlikdən sonra təriqət və dini camaatların önünü açması Türkiyədə dini kimliyin güclənməsinə, ictimai münasibətlərdə hakim mövqe qazanmasına səbəb oldu. Nəticədə cəmiyyətdə mövqelərini gücləndirən dini radikalizm gündəlik həyat tərzinə çevrilib. Misal üçün, Türkiyədə təkcə hakim dairələrin cəmiyyətə münasibətində dini amillər əsas götürülmür, eyni zamanda, təriqət və camaatların icmalaşması qütbləşməni dərinləşdirib. Bu, nurçu-islamçı AKP-nin dövlət sistemindən kənarlaşdırdığı sekulyarlığın cəmiyyətindəki dayaqlarını da zəiflətmək, yoxa çıxarmaq siyasətidir.
Ölkədə teoloji dövlət sisteminə keçidin ən böyük nümunələrindən biri təhsil sektorunda baş verənlərdir. Artıq dünyəvilik təhsil sistemindəki mövqelərini itirməkdədir. AKP-nin hakimiyyətə gəlişi ilə təhsil sektorunda başlanan proses 2012-ci ildən sonra sürətləndi. İmam-xətib məktəblərinin sayı artmaqdadır. Bu məktəblər əvvəllər yalnız dini təhsil verirdisə, 2012-ci ildən sonra ümumi ortaya təhsil verən müəssisələrə çevrildi.
Statistika da Türkiyənin təhsil sistemində dünyəviliyin yerini dini-ideoloji yanaşmalara verdiyini deməyə əsas verir. 2002-2003-cü illərdə ölkədə imam-xətib məktəblərinin sayı 400-dən, şagirdlərin sayı isə 48 mindən bir qədər artıq idisə, 2012-2013-cü illərdə məktəblərin sayı 700-ə, şagirdlərin sayı 300 minə yaxınlaşdı. 2024-2025-ci tədris ilində imam-xətib məktəblərinin sayı 1700-dən artıq olub, şagirdlərin sayı isə 500 minə yaxın.
Bu məktəbləri bitirənlərin hakimiyyət tərəfindən irəli çəkilməsi, karyera yüksəlişində dəstəyin verilməsi cəmiyyətin marağını məqsədyönlü şəkildə bura yönəltmək məqsədi daşıyır. Hətta vəziyyət o həddə çatıb ki, dünyəvi təhsil seçimləri kifayət qədər azalıb. ABŞ Dövlət Departamentinin Türkiyədə dini azadlıqlarla bağlı 2018-ci il hesabatında qeyd olunurdu ki, dövlət məktəblərinin bir çoxunun imam-xətib məktəblərinə çevrilməsi nəticəsində dünyəvi təhsil almaq istəyən insanların seçim imkanları məhdudlaşıb.
Faktiki olaraq, nurçu-islamçı AKP hakimiyyəti Türkiyədə dünyəvi təhsili ləğv etmək istiqamətində çalışır.
Bunun fonunda Diyanət İşləri Nazirliyinin səlahiyyətlərinin genişləndirilməsi və büdcəsinin artırılması da teoloji dövlət modelinə keçidin əsas istiqamətlərindən biridir. 1924-cü ildə yaradılan Dinayət Bakanlığının əsas missiyası dünyəvilik modelində dinin idarə edilməsi olub, lakin AKP-nin hakimiyyəti dövründə vəziyyət dəyişdi. Bu qurum artıq təkcə dini məsələlərdə yox, sosial-siyasi mövzularda, ailə siyasəti və ideoloji təbliğat kimi məsələlərdə aparıcı rol oynayır.
2020-ci ildə Ayasofyanın muzeydən məscidə çevrilməsi isə AKP-nin islamçı/neosmanlı kimliyi möhkəmləndirmək gedişi hesab olunur. Və bundan həm daxili siyasətdə dini kəsim üzərində təsirlərini gücləndirmək, həm İslam dünyasında “hami” rolunu qabartmaq məqsədilə istifadə etdi. Ümumiyyətlə, teoloji modeli önə çəkən AKP-nin dünyəvilikdən imtinası təkcə siyasi islamçılığa əsaslanan ideoloji planlarından qaynaqlanmır, bundan həm də daxili və xarici siyasətdə ambisiyalarnı təmin etmək məqsədilə istifad edirlər.
AKP əsas elektoratı olan dindar kəsimi xüsusi imtiyazlarla önə çəkir, onları “milli dindar xalq”, digərlərini, yəni sekulyarları siyasi islamçıların “bizdən olmayan” yanaşması ilə “xarici təsir altındakı qruplar” adlandırır, cəmiyyətdə qütbləşmə və qarşıdurma üzərindən nəzarətdə saxlamağa çalışır. Xüsusilə seçki kampaniyalarında Türkiyə cəmiyyətindəki dərin qütbləşmə çılpaqlığı ilə ortaya çıxır. Bu, nurçu-islamçı AKP-çilərin Türkiyədə yaratdığı acınacaqlı vəziyyətin mənzərəsidir.
Eyni mənzərənin Türk dünyasında da yaranması təhlükəsi var. Çünki nurçu-islamçı AKP hakimiyyəti dini ideologiya və neosmançılığa əsaslanan xarici siyasəti milli kimlik və ortaq tarix üzərində birləşən türk dünyasını daxildən parçalanmaq riskləri ilə üz-üzə qoyur. Əsas risk məhz milli-dini kimlik balansının pozulması, AKP-nin neosmançılıq ambisiyalarının türk dünyasındakı milli kimliyi dini ideologiya qarşısında arxa plana keçirməsidir. Türkiyənin xarici siyasətində türk kimliyindən çox, “Müsəlman qardaşları” ideologiyasına əsaslanan ümmətçi yanaşması türk dövlətlərinin Qərb, Rusiya və Çin kimi geosiyasi oyunçularla münasibətlərdə mövqelərini də zəiflədir. Bu çağırışla üzləşən türk dövlətlərində son dövrlər Türkiyə ilə münasibətlərdə ehtiyatlı-məsafəli yanaşmanın formalaşması təsadüfi deyil.
Asif Nərimanlı
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
-
Rəsmi xronika16 Oktyabr 17:08İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 16 Oktyabr 15:04Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi ilə bağlı cinayət işi başlanıb
-
MDB16 Oktyabr 13:24Zelenskini kimlərin devirmək istədiyi bəlli oldu - ŞOK İDDİA
-
Region16 Oktyabr 12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
















.jpg)




















