Zal Yusifovdan zərərçəkənlər hakimə müraciət etdi: “Ümidimiz son qərarınızadır”
Bizi izləyin

Nida Xəbər

Zal Yusifovdan zərərçəkənlər hakimə müraciət etdi: “Ümidimiz son qərarınızadır”

Zal Yusifovdan zərərçəkənlər hakimə müraciət etdi

Fevralın 1-də “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Zakir oğlu Yusifovun 100-dən çox vətəndaşın 38 milyon manata yaxın pulunu mənimsəməsi ilə bağlı yenidən məhkəmə prosesi başlayacaq.

Teleqraf.com xəbər verir ki, Zal Yusifovun atası Zakir Yusifov Ağır Cinayətlər Məhkəməsinin 27 aprel 2010-cu il tarixli hökmündən şikayət edib. O, iddia edir ki, hökmdə üzərinə həbs qoyulan əmlaklar oğlu Zal Yusifova yox, onun özünə məxsusdur.

Bu səbəbdən Zakir Yusifov apelyasiya şikayəti versə də, məhkəmə araşdırması zamanı onun iddiası təsdiqini tapmayıb.

Məhkəmə müəyyən edib ki, Zal Yusifov törətdiyi dələduzluq əməlləri nəticəsində bu əmlaklara sahib olub. Buna görə də Bakı Apelyasiya Məhkəməsinin hakimləri sözügedən iddianı rədd edib.

Bu cinayət işi üzrə zərərçəkənlər ümidlərini fevralın 1-də Ali Məhkəmənin hakimi İlqar Hüseynovun verəcəyi qərara bağlayıblar. Bununla bağlı cinayət işi üzrə zərərçəkmişlər hakim İlqar Hüseynova müraciət ediblər.

Zərərçəkmişlər bildiriblər ki, 8 ildir iş-güclərini ataraq məhkəmə yollarında min cür əzab-əziyyətlərə məruz qalıblar.

Onlar qeyd ediblər ki, Zakir Yusifovun kasasiya şikayətinə bundan əvvəl Ali Məhkəmədə iki dəfə, ayrı-ayrı hakim kollegiyalarında baxılıb: “Həmin işə baxan hakimlər Zal Yusifovun şikayətini təmin edərək, işin yenidən Bakı Apelyasiya Məhkəməsində baxılmasına qərar verilib. Bu da zərərçəkənlərə dəymiş ziyanın ödənilməsinin süni qaydada uzadılmasında başqa heç nəyə xidmət etmir. Nəticədə bizim halal yolla qazandığımız pulları almağımıza Zakir Yusifov süni əngəllər yaradır”.

Zərərçəkmişlər bildiriblər ki, Zakir Yusifov Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından bundan əvvəl iki dəfə şikayət verib: “Amma o, həm iyulun 8-də, həmdə oktyabrın 5-də keçirilən proseslərdə heç bir səbəb olmadan şikayətini geri götürüb. Həmin proseslərə Ali Məhkəmənin hakimi İlqar Hüseynovun sədrliyi ilə baxılıb. Zakir Yusifovun şikayətini geri götürməsi işin uzadılmasına xidmət edir. O, yaxşı bilir ki, axır-əvvəl bu mülklər satılacaq və zərərçəkmişlərə dəymiş ziyan ödəniləcək. Növbəti dəfə Zakir Yusifov yenə də şikayət edib. Onun şikayətinə fevralın 1-də, Ali Məhkəmənin hakimi İlqar Hüseynovun sədrlik etdiyi kollegiyada baxılacaq. Ümüdümüz hakim İlqar Hüseynovun həmin gün verəcəyi məhkəmə qərarına bağlıdır. Hesab edirik ki, hakim biz vətəndaşların hüquqlarını nəzərə alaraq ədalətli qərar qəbul edəcək”.

Qeyd edək ki, Zal Yusifov “Texnikabank”ın Bakı filialının rəhbəri vəzifəsində işləyərkən 81 nəfərin milyonlarla manat pulunu mənimsəyib. O, 2008-ci ildə məhkum olunsa da, zərərçəkmişlərin əmanətləri hələ də qaytarılmayıb. Buna səbəb dələduz bankirin atası Zakir Yusifovun absurd yalanlarıdır.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il azadlıqdan məhrum edilib. Cinayət işi üzrə təqsirləndirilən 14 nəfər müxtəlif müddətlərə cəzalandırılıb. Hökmdən narazı şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov şikayəti təmin etməyib.

Bundan sonra Zal Yusifovun atası Zakir Yusifov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib və əmlaklarının geri qaytarılmasını istəyib. Ali Məhkəmənin sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün əmlaklarla bağlı hissəsinə yenidən baxılması barədə təqdimat verib.

Həmin təqdimata Bakı Apelyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılıb və təqdimatla bağlı şikayət təmin edilməyib. Ali Məhkəməyə müraciət olunsa da, hakimlər şikayətin baxılmamış saxlanması barədə qərar qəbul ediblər. Bundan sonra iş yenidən apelyasiya instansiyasına qaytarılıb.

2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə də Zakir Yusifovun iddiası əsassız olduğu üçün təmin edilməyib. Zakir Yusifov yenə də Ali Məhkəməyə kasasiya şikayəti verərək işin yenidən apelyasiya instansiyasında araşdırılması üçün qərar qəbul etməyə nail olub.

Bu dəfə apelyasiya instansiyasında işə hakim Vüqar Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb və Zakir Yusifovun iddiası rədd edilib.

Dələduz bankirin atası iddia edir ki, guya mülklər ona məxsusdur və məhkəmələr Əmlak Komitəsinə müraciət ünvanlamayıb. Ali Məhkəmənin hakimləri də həmin komitəyə sorğu göndəriblər. Sorğuya cavab olaraq bildirilib ki, müsadirə olunması nəzərdə tutulan mülklər Zal Yusifova məxsusdur.

Beləliklə, Zal Yusifovun atasının daha bir yalanı məhkəmədə ifşa edilib. Yalanlarının ifşa olunmasına baxmayaraq, Zakir Yusifov yenə də şikayətçidir. Onun məqsədi prosesi uzatmaq, zərərçəkmişlərə halal pullarını qaytarmamaqdır.

O, Bakı Apelyasiya Məhkəməsinin 12 fevral 2016-cı il tarixli qərarından kassasiya şikayəti verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm