• USD 1,7000 0,00% EUR 2,0095 +0,14%
    • GBP 2,3585 +0,33% RUB 0,0231 0,00%

Milli Qəhrəman Çingiz Qurbanovun ildönümüdür - FOTO

Milli Qəhrəman Çingiz Qurbanovun ildönümüdür - FOTO

Dekabrın 29-u Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür. Bu münasibətlə Qusar şəhərində keçirilən anım mərasimində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Publika.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət ediblər.

Çıxışlarda bildirilib ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələyə xüsusi önəm verir.

Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna nəzər salan natiqlər qeyd ediblər ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla birgə görülmüş tədbirlər nəticəsində onun nəşi fevralın 5-də qarşı tərəfdən alınıb. Şəhid Çingiz Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov qusarlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirib. Diqqətə çatdırıb ki, Çingiz kimi Vətən oğulları müstəqil dövlətimizin və dövlətçiliyimizin keşiyində hər zaman ayıq-sayıq dayanıblar.

Sonra tədbir iştirakçıları Ç.Qurbanovun adını daşıyan küçədə qoyulan barelyefin önünə tər güllər düzüb, şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə ehsan süfrəsi də açılıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR