Deputatlar bu məsələyə mövqe bildirməkdən niyə çəkinir?
Bizi izləyin

Nida Xəbər

Deputatlar bu məsələyə mövqe bildirməkdən niyə çəkinir?

"Təmsil etdiyim media qrupunda etikadan kənar, ölkəmizin nüfuzuna zərbə vurmağa hesablanmış, əxlaqi dəyərlərimizə yönəlmiş paylaşımlara qarşı öz imkanlarımız daxilində mübarizə aparmaq qərarına gəldik. Bizim İT mütəxəsislərimiz Yutub sosial şəbəkəsinin baş ofisinə şikayət məktubları göndərdi. İsrarlı müraciətlərdən sonra bizə cavab verdilər.

Bildirildi ki, Yutubun qaydalarına görə, sözügedən videoların silinməsi mümkün deyil. Çünki o videolara baxış və bəyənmə sayı yüksəkdir. İstər-istəməz sual yaranır: hamımız əxlaq və mənəviyyata zidd, ölkəmizin simvollarını təhqirlərə məruz qoyan o videoların yayımından narahatıq, bəs onda niyə etirazımızı bildirmirik? Orda “bəyənmə” funksiyası ilə yanaşı, “bəyənməmə” funksiyası da var. Hardadı bizim gənclər? Axı onlar cəmiyyətin ən aktiv kəsimidir. Niyə sosial şəbəkələrdə yayılan o söyüş videolarının qaldırılması üçün fəaliyyət göstərmirlər? Həmin əxlaqdankənar səhifələrin bağlanması üçün qüvvələrimizi, imkanlarımızı birləşməyimiz zəruridir. Yəni şikayətlər və “bəyənməmələr”in sayı artmalıdır. Gənclərimizi bu məsələdə aktiv olmağa, ailələrimizin, qadınların, qızların, ana-bacılarımızın eşitməməli olduğu əxlaqdankənar, təhqir və söyüşlərlə dolu səhifələrin bağlanmasına dəstək verməyə çağırıram".

Publika.az xəbər verir ki, bu sözləri “Gündəlik Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə deyib.

O, bu şəxslərin “mühacir” adlandırılmasına qarşı da çıxıb və bildirib ki, psixoloji pozuntusu olan bir neçə şəxsi, “söyüş ünsürlərini” mühacir adlandırmağımız həqiqətən bu həyatı yaşayaraq ictimai fikir tariximizdə iz qoyanların ruhuna təhqirdir:

“Bilirsiz ki, Azərbaycanın ictimai-siyasi həyatında çox ləyaqətli kişilər olub ki, AXC-nin süqutundan sonra mühacirətdə yaşamağa məcbur olublar, amma son nəfəslərinə qədər Azərbaycan üçün yaşayıb-yaradıblar. İndi danışığından, təhər-tövründən normal psixoloji durumda olmadıqları yaydıqları videolardan aydın görünənləri, məncə, “söyüşcül ünsürlər”, “söyüşcül psixopatlar” adlandırmağımız daha doğru olardı. Düşünürəm ki, həmkarlarımız öz yazılarında bu məqama diqqətli yetirməlidirlər”.

A.Camalqızı Milli Məclisin bir çox üzvünün mediaya bu mövzuya münasibət sərgiləməkdən çəkindiyini də bildirib: “Milli Məclisin 125 deputatı var. Təəssüflər olsun ki, bəzi istisnalarla onların böyük əksəriyyəti bu mövzuda jurnalistlərin suallarını cavablandırmaqdan, ortaya mövqe qoymaqdan yayınır. Özləri də söyüş və təhqirə məruz qalmaqdanmı çəkinirlər? Zəng edirik, münasibət istəyirik, telefonu söndürüb yoxa çıxırlar. Onlar anlamırlarmı ki, bu kampaniyada söyüş və təhqirlər məsələnin yalnız görünən tərəfidir. Burada hədəf sadəcə, bir neçə məmur deyil, Azərbaycan dövləti və onun simvollarıdır! Ona görə də media olaraq biz bu prosesdə iştirak edirik. Yeni Azərbaycan Partiyasının 600 mindən çox üzvü var, böyük əksəriyyəti də gənclərdir. Onları indiki məqamda xüsusilə fəal olmağa, dövlətimizə, müstəqilliyimizə dil uzadanlara cavab verməyə çağırıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm