"Dinimiz bədənə xəsarət yetirməyi qadağan edir" - Din xadimi
Bizi izləyin

Nida Xəbər

"Dinimiz bədənə xəsarət yetirməyi qadağan edir" - Din xadimi

Hər il dünyanın müxtəlif ölkələrində məhərrəmlik mərasimləri keçirilir. Əzadarlıq mərasimlərində qeydə alınan bəzi nüanslar isə insanların təəssüf ki, bu mərasimin əsas mahiyyətini dərinliklərinə qədər başa düşmədiyinə işarədir. Belə ki, bir qrup insan bu mərasimlərdə özlərinə ziyan vurmaqla- zəncir vurmaq, bıçaqla qollarını kəsmək, baş yarmaq kimi davranışlara yol verilər. Bu isə heç də Kərbəla şəhidlərinin ruhuna ehtiram və ya insanpərvərlik göstərişi deyil. Məsələ ilə bağlı din xadimlərinin mövqeyini və bu istiqamətdə hansı tədbirlərin görülməsinin zəruri olduğunu öyrənməyə çalışdıq.

Qafqaz Müsəlmanları İdarəsinin fətva və moizələr şöbəsinin müdiri, Azərbaycan İlahiyyat İnstitutunun baş müəllimi Aqil Şirinov Publika.az-a bildirib ki, Kərbəla faciəsinin qaydalar çərçivəsində yad edilməsi, Həzrət İmam Hüseyn və onun Əhli-beyt nümayəndələrinin xatirəsinə qanvermə aksiyalarında iştirak etmək daha məqbul hesab edilir:

"İmam Hüseyn və Əhli-beytinin Kərbəla çölündə şəhid edilməsi tarix boyunca müsəlman xalqları arasında qeyd olunur. Azərbaycanda Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə qanvermə aksiyasına başlanılması çox təqdirəlayiq təşəbbüsdür. Bizim bir çox müsəlman ölkələrindən əsas fərqimiz də ondan ibarətdir ki, biz əzadarlıq məclislərində, Aşura mərasimlərində bu ənənələri şüurlu şəkildə qeyd edirik. Təəssüf ki, bəzən insanlar ifratçılığa yol verirlər, məscidlərdə zəncir vurmaq, baş yarmaqla özlərinə, hətta azyaşlı uşaqlara xəsarət yetirməklə öz sevgi və sayqılarını ifadə etməyə çalışırlar. Lakin hesab edirik ki, qanvermə aksiyası daha sivil və çox daha faydalı addımdır. Həzrət İmam Hüseyn öz qanını verərək İslam cəmiyyətini qorumağa, insanları pis əməllərdən xilas etməyə çalışıb. Bunun uğrunda canından keçib. Biz də qan verməklə ehtiyacı olan, şəfa gözləyən insanlara kömək etməliyik ki, onun yolunda gedə bilək. İnanıram ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə bu il də Azərbaycanda Aşura mərasimi qaydalar çərçivəsində keçiriləcək. Sevindirici haldır ki, Azərbaycanda qanvermə aksiyası ilə bağlı mövcud olan ənənə tədricən digər müsəlman ölkələrinə də yayılıb”.

A.Şirinov onu da əlavə edib ki, bir qrup gəncin, yaşlı insanların məscidlərə toplaşaraq özünə zəncir vuraraq xələl yetirməsi, İslam dinində qəti şəkildə qəbul edilmir:

"Qafqaz Müsəlmanları İdarəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə cəmiyyət arasında güclü maarifləndirici tədbirlər aparır. Bunun nəticəsidir ki, son illər Azərbaycanda məhərrəmlik mərasimləri zamanı qançıxarma, zəncirvurma, başyarma kimi insan sağlamlığına mənfi təsir göstərəcək davranışların sayı azalıb. İnsanlar artıq qan azlığından əziyyət çəkən insanlara kömək məqsədilə xüsusi elan edilmiş ünvanlara yaxınlaşaraq qanvermə aksiyasına qoşulurlar. Bu sağlamlıq cəhətdən də faydalıdır. Bu dinimizdə də böyük savab əməl hesab edilir və Kərbəla, Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili isə öz növbəsində yüksək qiymətləndirilməsi gərəkən əzadarlıq nümunəsidir".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm