Sosioloq: "Aşura günü bədəninə xəsarət yetirmək, qan tökmək cahillikdir"
Bizi izləyin

Nida Xəbər

Sosioloq: "Aşura günü bədəninə xəsarət yetirmək, qan tökmək cahillikdir"

"14 əsrdir davam edən Aşura mərasimlərinin içərisində müsbət tərəflər də var. İnsanlar bu mərasimlərdə dində buyurulmayan davranışlara yol verirlər, lakin biz bunun qarşısını birdən-birə ala bilmərik. Zamanla aparılan təbliğatlar bu davranışların aradan qalxmasına kömək edə bilər”.

Bu sözləri Publika.az-a sosioloq Əhməd Qəşəmoğlu deyib. Onun sözlərinə görə, bu günün müsbət tərəfləri də mənfi tərəfləri qədər çoxdur:

“Müsbət tərəfi ondan ibarətdir ki, Aşura günü hər zaman İslam aləminin bir yerə toplaşmasına vəsilə olur. Biri var bu mərasimi hadisələrin mahiyyətinə uyğun şəkildə, yüksək səviyyədə keçirmək. Biri də var ki, cahil davranışlarla cəhalət içərisində keçirmək. Bu tək bizdə belə deyil. Bir dəfə Aşura günündən bir gün əvvəl İranda idim. Orada mərasimə hazırlıq mərhələsini gördüm. İnsanlar meydanda içərisi qırmızı maddə ilə dolu (qana bənzər) şarlar düzəldiblər. Yanımdakı insanlardan soruşdum ki, bunlar nə edir. Dedilər ki, sabah bu şarlar xəncərlərlə kəsiləcək və bu onu göstərir ki, İmam Hüseynin qanı belə axıb. Bu hədsiz dərəcədə cahillikdir. Bax ona gör deyirəm ki, sabah həmin günün anılması, o gün canından keçən insanların xatirəsinə hörmət əlaməti olaraq düzgün şəkildə məscidlərə gedib o günü yad etmək məqbuldur. Məscidlərdə yaxşı olar ki o günün mahiyyəti haqqında danışılsın. İnsanlara məlumat verilsin. Elə məclis qurumalıdır ki, insanlar, hətta azyaşlı uşaqlar belə oradan mənəvi qida alsınlar. Təəssüf ki, bu gün bizim məclislərimiz buna hazır deyil”.

Sosioloq onu da qeyd edib ki, bu gün ölkədə keçirilən Aşura məclislərində cəhalət elementləri o qədər güclüdür ki, böyüklərdən tutmuş, uşaqlara qədər psixoloji təsir edə bilər:

“Mən şəxsən bu səbəbdən istəməzdim ki, bu mərasimlərə azyaşlı uşaqlar aparılsın. Bu mərasimlərdə insanların qollarına qara ip bağlayaraq bununla nəzir toplayanlara da rast gəlirik. Bütün bunlar dinimizdə yoxdur. Bu heç xoşa gələn, arzu edilən nüasnlar deyil. Biz bu mərasimləri yığışdıra bilmərik. İslam aləmin birləşdirən günlərdən biridir. Amma mərasimlərin keçirilməsinin bu şəkildə də davam etməsinə şərait yaratmaq olmaz. Yaxşı olardı ki, ümumiyyətlə qan tökmək, baş yarmaq olmasın. “Qurani-Kərim”də bu davranışlar qətiyyətlə pislənir. Bu sonradan kimlərinsə gətirdiyi ayinlərdir. Sadəcə olaraq İmam Hüseyn haqqında danışmaq, onun əqidəsi uğrunda canından keçməsi insanlara aşılansın. Bu şəkildə yad edilməlidir. Çünki bu gün insanlarımız 14 əsr əvvəlki insanlardan seçilməlidir axı. Yaxşı olar ki, bu məsələnin fəlsəfəsini düşünsünlər. Düzgün təbliğ etsinlər. Məsələnin fəlsəfəsi onun keçirilmə səbəbindədir. Səbəb isə baş yarıb, qan tökmək yox, insanların dini etiqadları üçün, öz əqidələri üçün canından keçə biləcəklərini xatırlatmaq və heç vaxt unutdurmamaqdır. İnkişaf etmiş, maarifllənmiş, dünyagörüşlü insanlar müasir, mütərəqqi din xadimlərindən İmam Hüseyn haqqında düzgün məlumatları öyrənib düşünülmüş şəkildə ona sevgi bəsləyə bilər”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm