"Paşinyan artıq reallıqla hesablaşmağa başlayıb" - POLİTOLOQ
Bizi izləyin

Nida Xəbər

"Paşinyan artıq reallıqla hesablaşmağa başlayıb" - POLİTOLOQ

"Düşünürəm ki, Paşinyan artıq reallıq hissinə qayıtmağa başlayıb, eyforiyadan uzaqlaşmağa başlayıb".

Bu sözləri Publika.az-a politoloq Nəzakət Məmmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Düşənbədə keçirilən görüşünün nəticələrini şərh edərkən deyib. Onun sözlərinə görə, Paşinyan artıq Düşənbə görüşündən sonra proseslərə daha real müstəvidə baxmaq lazım olduğunu başa düşüb:

"Bunun ilk təzahürlərini də biz Düşənbə sammitindən sonra Paşinyanın öz fikirlərini hansı istiqamətdə ifadə etməsindən görürük. Azərbaycan Ermənistana son dövrlər çox ciddi formada əsl master-klass göstərdi. Möhtəşəm hərbi parad, ordumuzun genişmiqyaslı təlimləri, Ərdoğanın, Libermanın və Putinin Bakıya səfərləri erməniləri psixoloji baxımdan sarsıtmaqla bərabər, həm də onlarda məğlubiyyət sindromunu gücləndirməyə növbəti dəfə müvəffəq oldu. Təbii ki, ən məlumatlı şəxs dövlət başçısı olaraq Paşinyan özüdür. Onun istənilən mənbədən real vəziyyət barədə məlumat almaq imkanı var. Paşinyan hazırda istər hərbi, istər diplomatik-siyasi, istər maliyyə baxımdan Azərbaycanın üstünlüyünü dərk edir. Üstəlik, Trampla baş tutmayan görüş onda ümidsizliyi bir qədər də artırdı".

Politoloq onu da bildirib ki, Paşinyan artıq ABŞ-ın onlara əvvəlki tək dəstək verməyəcəyini başa düşməyə başlayıb:

"Artıq ABŞ-ın Ermənistana dayaq durmayacağını, neytrallığı saxlamaq istədiyini görən Paşinyan tək çıxış yolunun hazırda Azərbaycanla anlaşmaq olduğunu dərk etməyə başlayıb. Gec oldu, amma artıq o, reallığa qayıdır. Ermənistanın köhnə müttəfiqi Rusiya ilə münasibətləri də pisləşib, yeni müttəfiq olmaq istədiyi ABŞ isə ona əl uzatmır. Belə bir şəraitdə Paşinyan Düşənbə sammitində İlham Əliyevlə yaxınlaşmağa, Azərbaycanla dil tapmağa çalışdı. Görünür, prezidentimizin siyasətçi kimi xarizması, üstün şəxsi keyfiyyətləri də onda dərin təəssürat yaradıb. O, İlham Əliyevin yüksək təhsilli, çox savadlı insan olduğunu erməni ictimaiyyəti qarşısında etiraf edib. Odur ki, əgər Paşinyan özü sabit, normal düşüncəli, doğurdan da konstruktiv dialoq istəyən siyasi xadimdirsə, o, İlham Əliyevin ona verdiyi ünsiyyət şansından maksimum dərəcədə faydalansa yaxşı olardı".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm