Hikmət Babaoğlu: Eleni Teoxarus məsuliyyətsizliyi ilə Avropa Parlamentinin nüfuzuna zərbə vurur
Bizi izləyin

Nida Xəbər

Hikmət Babaoğlu: Eleni Teoxarus məsuliyyətsizliyi ilə Avropa Parlamentinin nüfuzuna zərbə vurur

"Avropa Parlamentinin üzvü Eleni Teoxarus artıq birinci dəfə deyil ki, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməklə Ermənistanın işğalçılıq siyasətini dəstəklədiyini nümayiş etdirir. Hər şeydən öncə avropalı parlamentari öz fəaliyyətində beynəlxalq hüquqa əsaslanmalı olduğunu dərk etməli, belə məsuliyyətsiz hərəkətlərlə həm özünün, həm də təmsil etdiyi Avropa Parlamentinin beynəlxalq nüfuzuna zərbə vurduğunu bilməlidir".

Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat sözlərinə belə davam edib: “Məsələ ondadır ki, etnik separatizmin dəstəklənməsi Avropa İttifaqına üzv olan bütün ölkələr tərəfindən rədd edilir və bu, beynəlxalq hüquqla, o cümlədən Avropa dəyərləri ilə əsaslandırılır. Bu yaxınlarda fəsadları hələ də davam edən Kataloniya hadisələri zamanı biz katalon separatçılarına qarşı Avropa strukturlarının hamısının necə yekdil mövqedən çıxış etdiklərinin şahidi olduq. Belə mövqe təqdirəlayiqdir və istənilən ölkəyə münasibətdə tətbiq ediləsi bir nümunədir. Ancaq təəssüf ki, bəzi hallarda biz bunu müşahidə edə bilmirik. Yaxşı olar ki, eyni mövqe Dağlıq Qarabağ separatçılarına qarşı da ortaya qoyulsun. Ancaq Avropa Parlamentinin üzvü Eleni Teoxarus Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edir, etnik separatçılığı dəstəkləyən qızışdırıcı mövqedən çıxış edir, Avropa Parlamenti isə bütün bunlara kiçik bir xəbərdarlıq etməklə münasibət bildirir. Belə hallar yolverilməzdir və Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin ruhuna ziddir. Üstəlik, Eleni Teoxarusun səfərləri avropalı erməni lobbistləri tərəfindən maliyyələşdirilir ki, bu da ayrıca bir hüquq pozuntusudur. Bəzən olmayan hadisəyə görə ittiham edilən parlamentarilərdən fərqli olaraq Teoxarusa heç bir cəza növü tətbiq edilmir. Bu, hüquqla siyasi manipulyasiya etməkdir. Hüquq qarşısında Avropa İttifaqına üzv olan ölkələr də, Avropa İttifaqı ilə yaxın əməkdaşlıq içərisində olan ölkələr də bərabər olmalıdır. Hər hansı bir ölkənin ərazi bütövlüyü daha çox qiymətli, digərininki isə dəyərsiz ola bilməz. Bu, hüquqi qeyri- bərabərlik və ədalətsizlik olardı. Ona görə də Avropa Parlamenti öz üzvü haqqında Nizamnaməsinə uyğun olaraq ciddi cəza tədbirləri görməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm