Azay Quliyev Mehman Hüseynovla bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Bizi izləyin

Nida Xəbər

Azay Quliyev Mehman Hüseynovla bağlı beynəlxalq təşkilatlara müraciət etdi

Mehman Hüseynovla bağlı baş verənlərin mahiyyəti bilərəkdən təhrif edilir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, son günlər xarici mətbuatda bloqer M.Hüseynovla bağlı gedən yazıları və bəzi beynəlxalq qurumların bəyanatlarını təhlil edərək belə bir qənaətə gəlmək olar ki, bir çox hallarda məsələyə verilən reaksiya adekvat deyil və hiss olunur ki, baş verənlərin mahiyyəti bilərəkdən təhrif edilir: "Bu isə ciddi narahatlıq doğurur, eyni zamanda, yerli və beynəlxalq ictimaiyyəti çaşdırır və əsl həqiqətin nədən ibarət olduğu haqqında məlumat əldə etmək imkanını məhdudlaşdırır. Məni narahat edən əsas məqamlardan biri də xarici mətbuatda Mehman Hüseynova qarşı yeni cinayət işinin açıldığı və ona daha 7 il həbs cəzası veriləcəyi, bu səbəbdən də onun quru aclıq aksiyasına başladığına görə həyatını itirmək təhlükəsi ilə üz-üzə qaldığı barədə həqiqətə uyğun olmayan məlumatların dərc edilməsidir.

ATƏT PA-nın vitse-prezidenti kimi Mehman Hüseynovla bağlı yaranmış vəziyyət məni ciddi narahat etdiyindən, onun haqqında gedən məlumatların həqiqiliyini araşdırmaq, ona qarşı irəli sürülmüş yeni ittihamın mahiyyətini öyrənmək və onun sağlıq durumu haqqında dəqiq məlumat əldə etmək üçün aidiyyəti qurumlarla məsələni müzakirə etdim və bəzi suallara aydınlıq gətriməyə çalışdım. Belə məlum oldu ki, Mehman Hüseynovla həbsxana məmuru arasında baş vermiş hadisə araşdırılması üçün prokurorluq orqanlarına göndərilib. Baş vermiş insident obyektiv və ədalətli şəkildə araşdırılır və proses yekunlaşdıqdan sonra onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

M.Hüseynovun səhhətinin ağır və ya az qala ölümcül vəziyyətdə olması haqqında bəzi beynəlxalq təşkilatların bəyanatlarında və xarici mediada gedən yazılara gəldikdə, A.Quliyev bildirib ki, bu məlumatların da heç birinin əsası yoxdur: "Rəsmi açıqlamalardan da bəlli olur ki, Mehman Hüseynov aclıq aksiyası keçirmir, onun səhhəti normaldır və ona qarşı hər hansı ayrı-seçkiliyə, təzyiqə və ya qanundan kənar hərəkətlərə yol verilmir. Bu faktlar onu həbsxanada ziyarət edən Azərbaycan ombudsmanının nümayəndəsinin, hüquq müdafiə təşkilatlarının, xarici ölkə səfirliklərinin, eyni zamanda, Mehman Hüseynovun özünün yaydığı açıqlamalarda da öz əksini tapıb".

ATƏT PA-nın vitse-prezidenti ümid etdiyini bildirib ki, M.Hüseynovun hüquqları qanunvericilik çərçivəsində tam olaraq qorunacaq, eyni zamanda bu mövzu ətrafında bundan sonra siyasi manipulyasiyalara yol verilməyəcək: "Sonda isə hüquq-mühafizə orqanlarını Mehman Hüseynovla bağlı baş vermiş insidenti obyektiv və ədalətli araşdırmağa, beynəlxalq təşkilatları, səfirlikləri və xarici medianı isə məsələnin mahiyyətini tam bilmədən ona tələsik və birtərəfli reaksiya verməməyə və araşdırmaların nəticələrini gözləməyə çağırıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm