Prezidentdən inqilabi qərarlar və xoşbəxt gələcəyin qarantı - Aynur Camalqızı
Bizi izləyin

Nida Xəbər

Prezidentdən inqilabi qərarlar və xoşbəxt gələcəyin qarantı - Aynur Camalqızı

Bu gün Prezident İlham Əliyevin növbəti dəfə Azərbaycan Republikasının Prezidenti seçilməsinin 1 ili tamam olur. O, 2003-cü il seçkilərində 76,8 faizlə qələbə qazanmışdı. 2018-ci ilin 11 aprel seçkilərində isə seçicilərin 86 faizindən çoxunun səsini aldı. Adətən hakimiyyətdə olan siyasi qüvvə müəyyən bir müddətdən sonra səs itirir, reytinqində azalma müşahidə olunur. İlham Əliyevdə isə belə olmadı, əksinə, reytinqi daha da artdı. Təbii ki, bunun da əsaslı səbəbləri var. O səbəblərdən ən başlıcası xalqla dövlət başçısı arasında olan qarşılıqlı inam və etimaddır. İlham Əliyevin verdiyi vədlər az sonra sözdən işə çevrilir. Azərbaycan xalqı ona Yeni Azərbaycan Partiyasının namizədi kimi yox, məhz öz övladı kimi baxır...

Publika.az xəbər verir ki, vu sözləri Axar.az-a açıqlamasında əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ildönümü ilə bağlı danışarkən deyib.

O bildirib ki, Prezidentin sosial yönümlü addımları vətəndaşların təkcə rifahında yox, həm də psixologiyasında, mənəvi durumunda müsbətə doğru dəyişikliklər edib:

“Azərbaycanda həyata keçirilən siyasət sözün əsl mənasında insana, vətəndaşa hesablanmış bir siyasətdir və biz demək olar, hər addımda bunun şahidi oluruq. Çünki bu siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanıb və bütün görülən işlər, aparılan islahatlar insanların rifah içində, firavan, xoşbəxt yaşamasına hesablanıb. Bəzən adam sözün əsl mənasında heyrətlənir ki, bunca gərgin iş qrafiki ilə çalışan dövlət başçısının ən xırda nüanslar belə diqqətindən qaçmır. Dünyanın ən mötəbər tribunalarında Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışlarının ardından ölkənin ən ucqar bölgəsində yaşayan insanları üçün elə qərarlar verilir ki, həqiqətən həm təəccüblənir, həm qürurlanırsan. Təbii ki, bütün bunlar insanlara öz seçimlərində yanılmadıqlarını göstərir. Onlar əmindirlər ki, bu proses davam edəcək. Prezidentin “2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” sözləri bu islahatların müəyyən bir dövrü əhatə etmədiyini, davamlı olacağını və yüksələn xətlə gedəcəyini göstərir”.

Aynur Camalqızı deyib ki, İlham Əliyevin bu bir ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində beynəlxalq aləmdə, dünya siyasi arenasında atdığı addımları ölkə daxilində verdiyi adekvat qərarlar müşayiət etdi:

“2018-ci il mayında ordumuzun Ermənistanı şoka salan Günnüt əməliyyatını xatırlamaq yerinə düşər. Düşmən nəyin baş verdiyini anlamadan ordumuz 11 min hektar ərazini işğaldan azad etdi. Bu əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad edildi, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Ali Baş Komandanın ön cəbhədə keçirdiyi uğurlu əməliyyatlar arxa cəbhədə özünü uğurlu islahatlar kimi göstərdi. Belə ki, o, şəhid vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsi ilə bağlı fərman imzalayaraq, dövlətin öz əsgərinin arxasında dayandığını bir daha sübuta yetirdi.

Ölkə başçısının bununla bağlı imzaladığı iki Fərmanda ümumilikdə 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi nəzərdə tutulub. Artıq xeyli şəhid ailəsinə bu ödəmə edilib və proses davam etdirilir. Bu sahədə başladılan islahatlar təkcə şəhid ailələrini yox, Qarabağ müharibəsi veteranlarını da əhatə edir”.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin son vaxtlar həyata keçirdiyi islahatlara əbəs yerə “inqilabi qərarlar” deyilmir:

“500 mindən çox məcburi köçkünün rifahının yüksəldilməsi, minimum əməkhaqqının 40 faiz artırılması, 600 minədək şəxsə, həmçinin 300 min əlilliyi olan şəxsə verilən müavinət, təqaüdlərin 100 faiz artırılması, əlavə təqaüdlərin təsis olunması, problemli kreditlərin dünyaya nümunə olacaq səviyyədə həlli bu inqilabi qərarların sadəcə bir neçəsidir”.

Aynur Camalqızı Xəzərin hüquqi statusuna dair razılaşmaya da diqqət çəkib:

“Ötən il həm də Xəzər Konvensiyasının imzalanması ilə yadda qaldı. Bu Konvensiya ölkəmizin Xəzəryanı dövlətlərlə yeni əməkdaşlıq layihələri imzalaması üçün yollar açdı.

İlham Əliyev təkcə regionda deyil, beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun yüksəlməsi, maraqlarının qorunması üçün bir neçə mühüm səfərlər keçirdi. Bunun da nəticəsini görməkdəyik. Bu islahatların nəticəsi özünü beynəlxalq aləmin rəyində də göstərdi. Ölkəmiz “Doing Business 2019” hesabatında dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edildi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm